|
Şakir Hüseynov məhkəmə zalında həbs olunub
Sabunçu rayonunda qətlə yetirilərək avtomobilində yandırılan Xanbəyi Zamanovun qətlində adı hallandırılan "Şakir" Mənzil-Tikinti Kooperativinin rəhbəri Şakir Hüseynov həbs edilib. Bununla bağlı qərarı Bakı Apelyasiya Məhkəməsi verib. Hakim Faiq Qasımovun sədrliyi ilə Ş.Hüseynovun cinayət işi üzrə keçirilən apelyasiya prosesində məhkəmə zərərçəkmişlərin vəsatəti əsasında onun barəsində seçilən şərti azadlıqdan məhrumetmə ilə bağlı qərarı dəyişdirib və Ş.Hüseynov məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Ş.Hüseynov Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tbilisi prospektində qəzalı vəziyyətdə yaşayış binası tikərək vətəndaşlara satıb.
İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb. Vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib. Ş.Hüseynovdan ev alan şəxslər arasında bir neçə gün əvvəl iş adamı X.Zamanovu qətlə yetirməkdə təqsirləndirilən Nemət Abdullayevin də adı var. O, Ş.Hüseynovdan ev almaq üçün Xanbəyə 27 000 manat pul verib. Məhrum Xanbəyinin isə Ş.Hüseynovla üzun müddət davam edən məhkəmə çəkişməsi olub. Ş.Hüseynov 2009-cu ilin iyun ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dələduzluqda ittiham olunaraq 5 il sınaq müddəti olmaqla 10 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. O, məhkəmədə zərərçəkmiş şəxləri evlə təmin edəcəyini söz verib və bunun müqabilində məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, 1957-ci il təvəllüdlü X.Zamanovun meyiti Balaxanı qəsəbəsində məişət tullantıları zavodunun yaxınlığında "Azsamand" markalı avtomobilində tapılıb. "Qayğı mənzil xidmət" kooperativinin təsisçisi olan X.Zamanov "Naqan" tipli tapançadan açılan atəşlə qətlə yetirilib. Daha sonra isə avtomobil yandırılıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
|