|
Hələ də qəmliyəm, hələ də naçar,
Yenə sənsizlikdir məni sındıran.
Nə bir xatirən var - səndən yadigar,
Nə də bir rəsmin var - əlimdə qalan.
Bu qədər zülm edib uşaq ömrümə,
Cəfalar verirsən nədir günahım?
Nədən ağır yüksən mənim qəlbimə,
Sən olmalı ikən ümid- pənahım.
Bu nisgilli ömrüm fani cahanda,
Səninlə yaşayır, yaşayacaq da.
Fəqət ürəyimin bir parçasında,
Sənə qarşı nifrət daşıyacaq da.
Böyüdükcə nifrət pöhrələnəcək,
Sənin həsrətinlə boy atacaqdır.
Könül bağımdakı hər gül, hər çiçək,
Duzlu göz yaşımla sulanacaqdır.
Mən necə insanam, hardan biləsən,
Sən nədən biləsən mənim sevgimi?
Məni boynubükük qoyub getmisən,
Ömrü gödək olan bənövşə kimi.
Körpə baxışlarım düz onbeş ildir,
Yollara dikilib hər səhər-axşam.
Nifrətim dilimdən çıxır arabir,
Səni ürəyimdə bağışlamışam .
|