|
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkənədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında İran İslam Respublikasının vətəndaşları Cəmşidi Davud Abutalıb oğlu, Heydər Zahir Rəşit oğlu, Hacızadə Ləyalestani Zəhra Cavad qızı, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq), 228.3, 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
İttihama görə, təqsirləndirilən şəxslər bu ilin iyunun 16-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhərində 50 kq həşişi 26 min ABŞ dollarına satmaq istəyərkən saxlanılıblar. Onlardan qaz tapançasıda aşkar edilərək, götürülüb. Məhkəmə prosesi davam edir.
|