|
Rəvan Qurbanov 8 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlham Mahmudovun sədrliyi ilə Gəncə Dövlət Universitetinin tələbəsinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Rəvan Qurbanov cavab verib. İttihama görə, R.Qurbanov iyunun 13-də Goranboy rayonu ərazisində Kəpənəkçi kənd sakini Elzamin Mehdiyevi bıçaqlayaraq qətlə yetirib. Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəvan tutulub. Müəyyən edilib ki, R.Qurbanovun E.Mehdiyevə 500 manat borcu olub. E.Mehdiyev pulunu tələb edib, lakin o, pulu verməkdən imtina edib. Nəticədə E.Mehdiyev R.Qurbanovun ünvanına nalayiq söyüşlər işlədib. Söyüşlərə dözməyən R.Qurbanov E.Mehdiyevi qətlə yetirib.
Məhkəmə prosesində ifadə verən R.Qurbanov elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, mərhumu öldürmək niyyəti olmayıb: "Tək Allah şahiddir ki, mənim bu cinayəti törətmək niyyətim olmayıb. Hadisənin səbəbkarı ölənin özüdür. O, məni söyüşlərlə təhqir edib və buna görə də onu vurmuşam". Məhkəmənin hökmü ilə R.Qurbanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
|