Ölkə prezidenti islahatlar paketinə imza atıb
Pakistan prezidenti Asif Əli Zərdari ölkəsini parlamentli respublikaya çevirəcək islahatlar paketinə imza atıb. Yeni düzəlişlər faktiki olaraq baş nazir Seyid Yusif Gilanini dövlət başçısına çevirir. Lakin məsələ ondadır ki, Zərdari formal dövlət başçısı kimi qalsa da, baş nazirin fəaliyyətinə nəzarət edə biləcək. Çünki o, baş nazirin də üzv olduğu hakim partiyanın sədridir. Ekspertlərin qənaətincə, İslamabad yeni dəyişikliklərlə ölkədə hökm sürən üçillik siyasi böhrana son qoymuş olacaq. Lakin ölkənin problemi tək bunda deyil. Bundan sonra Pakistanı ağuşuna almış iqtisadi çətinliklərin öhdəsindən qurtarmaq qalır. Belə ki, ölkə vətəndaşlarının narazılığı gündən-günə artır. Hamının diqqəti isə əsas məsələyə-18 bənddən ibarət dəyişikliklər paketinə yönəlib. Qeyd edək ki, Pakistan Konstitusiyasına ediləcək dəyişikliklər artıq bütün instansiyaları keçib. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Vyaçeslav Belokreniçki «Nezavisimaya qazeta»ya bildirib ki, dəyişikliklər Pakistanın bütün siyasi cəmiyyəti tərəfindən hazırlanıb və əksər partiyalarla, o cümlədən parlamentin aşağı və yuxarı palataları tərəfindən qəbul olunub. Belokreniçkinin sözlərinə görə, dəyişikliklər Pakistan Konstitusiyasını ilkin, yəni 1973-cü il variantına qaytarır. Lakin Konstitusiyanın əvvəlki variantına qaytarılması heç də hamı tərəfindən məqbul qarşılanmır. Belə ki, burada yeni bir bənd əlavə olunur: partiya siyahısı ilə seçiləcək deputatlar partiya rəhbərliyinin dediyindən çıxsalar, mandatlarından məhrum olacaqlar. Bu isə bir sıra parlamentarilərin narazılığına səbəb olub. Ekspertin frkincə, bu cür qayda digər demokratik cəmiyyətlərdə olsa da, partiyadaxili demokratiyanı pozmaq düzgün deyil: «Bu mənada Pakistana qarşı iradlar çoxdur. Partiyalar orada fərdi və klan xarakteri daşıyır». O, əlavə edib ki, qeyd olunan bənd partiya liderlərinin hakimiyyətini gücləndirir. Hakim Pakistan Milli Partiyasına faktiki olaraq onun həmsədri Zərdari rəhbərlik edir. Dövlətdə ikinci şəxs olan baş nazir Gilani isə partiya xətti ilə prezidentə tabedir. Yəni faktiki olaraq Zərdari prezident kimi məğlub olsa da, partiya pəhbərliyi vəzifəsini udur. Belokreniçki vurğulayıb ki, qəbul olunan 18 dəyişiklik İslamabadın siyasi böhranı aradan qaldırması deməkdir. Ölkədəki siyasi vəziyyət stabilləşib. Özü də dəyişikliklər tək hakim koalisiya tərəfindən deyil, əsas müxalifət partiyası Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası tərəfindən də müsbət qarşılanıb. Ekspert daha sonra diqqəti iqtisadi böhrana yönəldib. Ölkənin elektrik enerjisi ilə təminatında yaranmış çətinlik əhalinin narazılığına səbəb olmaqdadır. Digər ciddi problem dini ekstermizmdir. Yaraqlıların terror hücumları mütəmadi xarakter almağa başlayıb. Belə ki, ötən gün Pişəvərdə iki güclü partlayış baş verib. Birinci partlayış 10, ikincisi isə 25 nəfərin həyatına son qoyub.
|