|
Dəstə üzvləri bir neçə sifarişli qətl hadisəsi törədib
Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən silahlı dəstə üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərov cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilir.
İttihama görə, 2003-cü ilin dekabrında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Dəstə üzvləri bir neçə sifarişli qətl hadisəsi törədib. Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25.000 ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayətin aləti olan “Makarov” tapançası həmin il dekabrın 27-də Bakı şəhəri B. Nuriyev küçəsi 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanıb. Güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib. Şöhrət Quliyev, mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək bununla əlaqədar cinayətin icraçılarına 25.000 ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib. İstintaqla cinayətin aləti olan tapançanı dəstənin digər üzvü Elmar Qasımovun Gəncə şəhərindəki idman klubunun işçisi Məharət İsmayılovdan 600 ABŞ dollarına alması müəyyən edilib və həmin silah 2009-cu il mayın 26-da dəstə üzvü İlham Şabanovun Gəncə şəhərində yaşadığı evin həyətində basdırdığı yerdən götürülüb. Ekspert rəyi ilə hadisə yerində aşkar edilən gilizlərin və Kamal Ələkbərovun meyitindən çıxarılan güllələrin həmin silahdan atılması təsdiqlənib. Məhkəmənin hazırlıq iclası aprelin 12-də davam etdiriləcək.
|