|
Məhkəmənin hökmü ilə Mehdi Nəcəfov ömürlük azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə qadını zorladıqdan sonra qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Mehdi Nəcəfov cavab verib.
M.Nəcəfov Cinayət Məcəlləsinin 120.2.4-cü (amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 144.3-cü (adam oğurluğu), 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 150.3.2-ci (seksual xarakterli hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 181-ci (quldurluq) və 326.2-ci (Vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunub. İttihama görə, 2009-cu il iyulunda Bakı şəhəri, Bülbül prospekti 24 ünvanında yaşayan 1980-ci il təvəllüdlü İnarə Əliyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Ertəsi gün İ.Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı binanın qarşısında tapılıb. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən İ.Əliyevanın qatilinin tapılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 1985-ci il təvəllüdlü Mehdi Nəcəfov qətli törətməkdə şübhəli bilinərək saxlanılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Əliyeva 22 iyulda saat 22:00 radələrində evdən çıxıb və gecəni dostları ilə birlikdə keçirib. Saat 02:00 radələrində evlərinə dönən İ.Əliyevaya yaşadığı binanın liftində həmin binada təmir işləri ilə məşğul olan M.Nəcəfov hücum edib. M.Nəcəfov İ.Əliyevanı qorxudaraq zorla binanın 16-cı mərtəbəsində təmir işlərilə məşğul olduğu və heç kimin yaşamadığı mənzilə aparıb. Mənzildə M.Nəcəfov zorakılıq yolu ilə İ.Əliyeva ilə cinsi münasibətdə olub. Sonra isə İ.Əliyevanı başından çəkiclə vuraraq qətlə yetirib. Sonradan qadının meyitini 16-cı mərtəbədən atıb. Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı M.Nəcəfovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Fasilədən sonra hökm oxunub. Məhkəmənin hökm ilə Mehdi Nəcəfov ömürlük azadlıqdan məhrum edilib.
|