Azərbaycan bu prosesdə ATƏT, Avropa Şurası, Venesiya Komissiyası, İFES kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir
Hər bir ölkədə mükəmməl seçki sisteminin formalaşması xeyli müddət tələb edir. Bunun üçün ilk növbədə yerli xüsusiyyətlər nəzərə alınmalı, beynəlxalq təcrübə öyrənilməlidir. Seçki sisteminin təkmilləşdirilməsi prosesində təkmil seçki qanunvericiliyinin formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da müstəqilliyini əldə etdikdən sonra özünün seçki sisteminin demokratikləşməsi prosesinə start verib. Təbii ki, SSRİ kimi totalitar bir rejimdən çıxmış ölkədə qısa müddət ərzində demokratik seçki təcrübəsinin tətbiqi elə də asan olmayıb. 1993-cü ildə keçirilən prezident seçkilərindən sonra Azərbaycanda dövlətçiliyin gücləndirilməsi istiqamətində addımlar atılıb. Azərbaycan Avropa Şurasına üzv olub. Bu proseslər çərçivəsində seçki təcrübəsinin təkmilləşdirilməsində beynəlxalq təcrübədən də istifadə edilməyə başlayıb. Azərbaycan bu istiqamətdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Venesiya Komissiyası, İFES kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edib.
1998-ci ildən başlayaraq hər seçki dövründə seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atılıb. Qanunvericilik təkmilləşdirilərkən təcrübədə yaşanan çətinliklərin aradan qaldırılması əsas kimi götürülüb. Bu istiqamətdə ATƏT-in və Avropa Şurasının seçkiləri müşahidə edən missiyalarının tövsiyyələrinə çox diqqətlə yanaşılıb. Yaxın tarixə nəzər yetirsək, Azərbaycan özünün seçki qanunvericiliyini kifayət qədər təkmilləşdirib. Həyata keçirilən dəyişikliklər nəticəsində vətəndaşların namizədliklərinin qeydə alınmasındakı problemlər tamamilə aradan qaldırılıb. Seçkilərin təşkili ilə bağlı çoxsaylı texniki problemlər həll edilib. Artıq bir neçə seçkidə Azərbaycanda şəffaf seçki qutularından istifadə olunur. Hakimiyyət beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alaraq son seçkilərdə barmaqların mürəkkəblə rənglənməsi praktikasından istifadəyə də razılıq verib. Seçkidən-seçkiyə şikayətlərin araşdırılması ilə bağlı prosedur daha da mükəmməlləşdirilir. Seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsi işini təkcə seçki kampaniyası dövründə deyil, xeyli əvvəldən dəqiqləşdirməyə çalışır.
1993-cü ildən sonra keçirilən bütün seçkilərdə beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, Avropa Şurasının, İFES-in müşahidəçiləri seçki prosesini müşahidə edirlər. Hökumət beynəlxalq təşkilatların müşahidəçilərinin prosesi izləməsi üçün hər bir şərait yaradır. Hər bir seçkidən sonra müşahidə missiyalarının yekun hesabatları dərc olunur və orada müəyyən tövsiyələr əksini tapır. Azərbaycan hökuməti növbəti seçki prosesində bu tövsiyələri maksimum nəzərə almağa çalışır.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində seçki təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı əsas məsələlərdən biri də seçki komissiyalarının formalaşdırılması ilə bağlı olub. Ötən müddət ərzində seçki komissiyalarının formalaşdırılması ilə bağlı müxtəlif variantlardan istifadə olunub. bütün bu proses ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə müzakirələr çərçivəsində aparılıb. Hazırda seçki komissiyalarının formalaşdırıldığı format da 2000-ci ildə ATƏT-in tövsiyəsi əsasında müəyyənləşdirilib. Həmin vaxt ATƏT seçki komissiyalarında müxalifətin, iqtidarın və bitərəflərin təmsil olunmasını və etimad mühitinin yaradılmasını tövsiyə etmişdi. Hökumət bunu nəzərə alaraq seçki komissiyalarının üçdə birinin müxalifət, üçdə birinin iqtidar, üçdə birinin isə bitərəflərdən təşkil olunması ilə bağlı təklifi dəstəklədi. Bundan əvvəl hökumət müxalifətin hazırda təklif etdiyi paritet variantını da qəbul etmişdi. Amma müxalifət dərhal bu imkandan istifadə edərək seçkinin gedişini pozmağa cəhd göstərdi. İndi hökumət bu acı təcrübəni nəzərə alıb seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrindən paritet əsaslarla təşkil edilməsi variantına getməyəcəyini bildirir.
Sevindirici haldır ki, Azərbaycan bu ilin payızında keçiriləcək parlament seçkilərində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək əzmindədir. Artıq ATƏT, Avropa Şurası və Avropa Birliyi parlament seçkiləri ilə bağlı hazırladığı yardım proqramını təqdim edib. Beynəlxalq təşkilatlar Azərbaycana seçki administrasiyası və digər müvafiq təşkilatçıların bacarıq və müstəqilliklərinin gücləndirilməsi, namizədlərin seçki kampaniyalarının müstəqil, qərəzsiz tərzdə işıqlandırılmasını təmin edə biləcək media mühitinin dəstəklənməsi və s. sahələri əhatə edəcək. ATƏT əvvəlki illərdə olduğu kimi, icra hakimiyyəti orqanlarının seçkilərə qanunsuz müdaxiləsinin qarşısının alınması məqsədilə seminarlar keçirməyi də planlaşdırır. Bundan əlavə, seçki komissiyalarının üzvləri üçün seminarların keçirilməsi, seçicilərin fəallığının artırılması istiqamətində də tədbirlər planlaşdırılır.
Təbii ki, bütün bu təkliflər Azərbaycanın seçki sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Azərbaycan rəsmiləri, ATƏT-in son tədbirlərində iştirak edən hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri beynəlxalq təşkilatların bu istiqamətdəki addımlarını müsbət qiymətləndirdiklərini ifadə edirlər. Deməli, ümumilikdə bu müzakirələr Azərbaycandakı növbəti seçkilərin irəliyə doğru növbəti bir addım olmasına hesablanıb.
F.Abasoğlu