"Bavariya" 0:3 uduzduğu oyunu öz xeyrinə dəyişə bildi
Aprelin 7-də qitənin ən nüfuzlu klub turnirində - Çempionlar liqasında bütün yarımfinalçılar müəyyənləşdi. "İnter"lə "Barselona"nın ardınca "Bavariya" və Lion "Olimpik"i də 1/2 finala vəsiqə qazandı. Maraqlıdır ki, cavab oyunlarını evdə keçirənlərdən yalnız" "Barsa" mərhələni adladı. O da maraqlıdır ki, yarımfinalda uzun fasilədən sonra bir ingilis komandası belə yoxdur. Sonuncu dəfə 2002/03 mövsümündə ən güclü 4 komanda arasında bir ingilis klubuna belə rast gəlinməmişdi. 8 ildən sonra bu halın təkrarlanması müqabilində yarımfinalda "böyük beşliy"in digər nümayəndələrinin hərəsindən bir komanda mübarizə aparacaq.
1/4 final, cavab oyunları
Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya) 3:2 (3:1)
Gibson, 3. Hani, 7; 41 - Oliç, 43. Robben, 74.
İlk oyun - 1:2.
Aleks Ferqyuson, "M.Y."-nin baş məşqçisi: "Belə uğursuzluğu yaşamaq və qəbul etmək çox çətindir. Bir tərəfdən özümüz oyunu rəqibə verdik, digər yandan bəxtimiz gətirmədi. Fasiləyə qədər 4-5 topluq üstünlük yarada bilərdik. Ancaq əvəzində hissənin sonunda "Bavariya"nın bir topun əvəzini çıxmasına imkan yaratdıq. Bu, çox vacib an oldu. "Bavariya" yenidən "həyata döndü". Rafaelin qırmızı vərəqəsi də təəssüfləndirdi. Gənc və təcrübəsiz futbolçudur, bu, hiss olunur. Ancaq əla oynadı. Görüşün əhəmiyyətini nəzərə alanda 10 nəfərlə bizə çox çətin olduğunu anlamaq olar. "Bavariya"nın cəmi bir imkanı oldu. Ancaq Robbenin fantastik qol vurduğunu da deməliyəm. İlk oyunda yaxşı oynamamışdıq. Etiraf edək ki, rəqibin də bəxti gətirmişdi. Bəxt oyunun bir hissəsidir, heç nə etmək olmaz. Bizim də çox vaxt bəxtimiz gətirib. Amma bu dəfə uğur "Bavariya"nın tərəfində oldu. Amma bu gün şübhəsiz ki, rəqibdən yaxşı oynadıq. Runini meydanda buraxmaqla risk etdik. Ümid edirəm ki, zədəsi elə də ciddi olmayacaq. Bir qədər yenə də müalicə olunmalıdır. Gələn həftə hər şeyin qaydasında olacağına əminəm. Yarımfinalda ingilis klubu olmasa da, Premyer Liqanı Avropanın ən güclü çempionatına hesab edirəm. Artıq İngiltərə çempionu olmaqdan başqa çıxış yolumuz yoxdur".
Lui van Qal, "Bavariya"nın baş məşqçisi: "Hələ oyundan öncə "M.Y."-nin heyətinə baxanda Ferqyusonun aqressiv oyuna üstünlük verdiyini başa düşdüm. Buna görə də yetirmələrimə daha aqressiv oynamağı, ancaq öz emosiyalarını nəzarətdə saxlamağı tapşırdım. Təəssüf ki, ilk 20 dəqiqədə heç bir aqressivlik göstərə bilmədik. Həticədə oyun bir qapıya getdi. Yaxşı ki, fasilə ərəfəsində Oliç o vacib qolu vurdu. Fasilədə lazım olan növbəti qolu vuracağımıza əmin idim. Matçın həlledici anı Rafaelin qırmızı vərəqə alması oldu. Bundan sonra soyuqqanlı və özünəəmin şəkildə oynadıq. 0:3-dən sonra dönüş yaratmağımız inanılmazdır. Elə Robbenin vurduğu qol da inanılmaz alındı. Yarımfinalda "Bordo"yla oynamaq istərdim. Çünki qrup mərhələsindəki məğlubiyyətlərin əvəzini çıxmaq istəyirdik. Lion "Olimpik"inin "Real"a qarşı oyununu izləmişəm - fransızlar çox gözəl təşkilatlanmış komandadır, onları keçmək asan olmayacaq. Amma son 2 həftədə yalnız "M.Y." haqda düşünmüşəm".
Bordo (Fransa) - Olimpik (Lion, Fransa) 1:0 (1:0)
Şamah, 45.
Loran Blan, "Bordo"nun baş məşqçisi: "Rəqib güman etdiyimiz kiim oynadı. Son üç matçdakı məğlubiyyətdən sonra axır ki təmiz hava aldıq. İkinci qolu vurmaqdan başqa hər şey alındı. "Bordo"da təcrübə çatışmırdı? Unutmayın ki, təcrübəni mağazada satmırlar".
Klod Pyuel, Lion "Olimpik"inin baş məşqçisi: "Yarımfinala çıxmaq klubumuz üçün çox önəmli hadisədir. Bütün futbolçularımı təbrik edirəm. Oyun çətin alındı və sona qədər kimin növbəti mərhələyə çıxacağı məlum deyildi. Fikrimcə, görüşdə həlledici rolu qapıçımız oynadı. Yarımfinal? Bu haqda düşünməyə vaxtımız var. İndidən yalnız bir şey deyə bilərəm: çox çətin olacaq".