Martın 30-da Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov redaksiyamızın qonağı olub. Qəzetimizin ölkə KİV-ləri arasında rolundan danışan Şura sədri «Kaspi» ilə bağlı bu yaxınlarda arxivdən tapılmış tarixi fotonu redaksiyamıza hədiyyə edib. XIX əsrin sonlarına aid olduğu güman edilən şəkildə «Kaspi» qəzetinin baş redaktoru Əlimərdan bəy topçubaşov və redaksiyanın əməkdaşı iş otağında təsvir olunub. Görkəmli ictimai-siyasi xadim Ə.Tobçubaşov 1897-1907-ci illərdə qəzetə rəhbərlik edib. Mətbuat Şurasının sədri «Kaspi»nin Azərbaycan mətbuat tarixində xüsusi yeri olduğunu və dövrün realıqlarını obyektiv əks etdirdiyini bildirib.
Heç təsadüfü deyil ki, 1918-ci ilin mart soyqırımı zamanı erməni quldur birləşmələri Nikolayevski (indiki İstiqlaliyüyüət) küçəsində yerləşən «Kaspi» qəzetinin mətbəəsinin yandırmışdılar. «Kaspi» qəzetinin ilk sayı 1881-ci ildə işıq üzü görüb. 1919-cu ilədək olan müddətdə qəzetin 10 min 65 sayı işıq üzü görüb. Görkəmli messenat Hacı Zeynalabdin Tağıyev 1897-ci ildə qəzetin naşirliyini öz üzərinə götürür. Tobçubaşovdan sonra 1907-ci ilin oktyabrından isə qəzetin redaktorluğuna Əlibəy Hüseynzadə təyin olunur. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Kaspi"nin nəşrinin ilk ilindən onun fəal əməkdaşı olub. Dövrün görkəmli ziyalıları Şahtaxtinski, Mahmudbəyov, Firudin bəy Köçərli və s. qəzetlə əməkdaşlıq ediblər.
|