ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Xankəndində jurnalistlərə açıqlamasında belə deyib
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Yuri Merzlyakov və Bernar Fasye Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər. İşğal altında olan ərazilərdə fəaliyyət göstərən separatçı qurumun rəhbərliyi ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə dair məsələlər müzakirə olunub. Separatçı rejimin rəhbəri Bako Saakyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlar prosesində iştirakının zəruriliyini önə çəkib. Ermənistan-Türkiyə münasibətlərinə toxunan Saakyan bildirib ki, bu məsələnin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət də müzakirə olunub. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. “Ermənistan tərəfi yeniləşmiş Madrid təkliflərinin bəzi bəndləri ilə razı deyil”. Bu fikirləri isə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Xankəndində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda həmsədrlərin verdikləri son təkliflər müzakirə olunur: “Ermənistan tərəfi bəzi bəndlər üzrə razı olmadığını bildirib. Lakin biz vəziyyəti gərginləşdirmirik, çünki bir neçə il əvvəl Madrid prinsiplərini Ermənistan qəbul edirdi, Azərbaycan isə bu təkliflərdən imtina edirdi. Biz razılaşdırılmış nəticə əldə etmək üçün çox iş aparmışıq”. Vasitəçinin sözlərinə görə, dörd bənd istisna olmaqla, Madrid təklifləri üzrə ümumi razılığa gəlinib. Y.Merzlyakov həmsədr qismində regiona son səfər etdiyini də bildirib. O yeni vəzifəyə təyin olunacağını deyib. Həmsədr bu postda onu kimin əvəzləyəcəyini bilmədiyini vurğulayıb. Yeri gəlmişkən, Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ötən həftədən Ermənistandadır. Onun ilk görüşü müdafiə naziri Seyran Ohanyanla olub. Amerikalı həmsədrin aktiv fəaliyyət göstərdiyini deyən Seyran Ohanyan vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ancaq sülh yolu ilə həll edilməsini istəyir. Lakin Azərbaycan hərbi bəyanatlarla və təhdidlərlə regional atmosferi gərginləşdirir. Ohanyan ATƏT-in Minsk qrupunun bütün tərəflərin maraqlarına cavab verəcək yol tapacağına ümid etdiyini də deyib. Robert Bratdke bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə Ermənistanla Türkiyə arasındakı münasibətlər əlaqələndirilməməlidir. Bundan başqa Ermənistanın müdafiə naziri deyib ki, Ermənistan tərəfi beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə martın 3-də girov düşmüş bir nəfəri Azərbaycana qaytara bilər. Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Qeyd edək ki, müəmmalı səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, həmsədrlərin regiona gəlişi barədə rəsmi Bakı hələ məlumatlandırılmayıb.
Azər NURİYEV
|