İraqda seçkilərin şiə qalibinə səslərin çoxu sünnülərdən gəlib
İraqda martın 7-də keçirilən parlament seçkilərində cüzi səs çoxluğu ilə qalib gələn keçmiş baş nazir Ayyad Əlləvi yeni hökumətin formalaşdırılmasında bütün partiyalarla birgə işləyəcəyini bəyan edib. Qeyd edək ki, şiə çoxluğunu təmsil edən Əlləvi özünün dünyəvi baxışlarına görə qələbə çalıb. Belə ki, ona səs verənlərin çoxunun sünnülər olduğu vurğulanır. Əlləvi müraciətində İraq əhalisinin maraqları naminə ayrıseçkiliyi qırağa qoymağa çağırıb: "Bizim hamımız bu ölkənin sabitliyi, əhalisinin ləyaqəti və birliyinə görə cavabdehik. Hamımız bir nəfər kimi işləməliyik. İraq xalqı bizim hamımıza səs verəndə bunu istəyirdi. Və biz İraq xalqının bu inamını qazanmaq və doğrultmaq üçün gərgin işləməliyik". İraqlılar bu müraciətin əsas hökümət televiziya kanalı «İraqiyyə» vasitəsilə yayımlanmasının şahidi olublar. "Bu televiziya kanalı seçki kampaniyası dövründə Əlləviyə qısa efir vaxtı ayıraraq, diqqəti əsəsən onun rəqibi, hazırkı baz nazır Nuri Əl-Malikiyə ayırmışdı" – deyə BBC müxbiri Andrev Norhunun məlumatında vurğulanıb. Seçki və ədliyyə rəsmiləri isə hələ də Əl-Malikinin seçkilərin nəticələrini sual altına qoymasını nəzərdən keçirirlər. Lakin Əlləvi və onun tərəfdarları artıq koalisiya yaratmaq barəsində digər partiyalarla danışıqlara başlayıblar. Onun blokunun 91 yer qazandığı göstərilib. İndiki baş nazir Nuri-Əl Maliki isə 89 səs əldə edib. Parlamentdə deputat yeri isə 325-dir. Ümumiyyətlə, Əlləvinin uğurlu qayıdışı İraqa nə vəd edir? Beş il öncə vəzifəsindən istefa verən Əlləvi Amerikanın əlində oyuncaq kimi dəfələrlə tənqid edilib. Lakin Böyük Britaniyada neyrocərrah kimi təhsil alan Əlləvinin parlament seçkilərində cüzi səs çoxluğu ilə qalib gəlməsi onu yenidən İraq siyasətində aparıcı şəxsə çevirib. Əlləvinin Vaşinqton və Londonla da yaxşı əlaqələri var. Onun geniş biznes maraqları və Səudiyyə Ərəbistanı ilə də yaxın münasibətləri mövcuddur. 1945-ci ildə tanınmış şiə müsəlman tacir ailəsində doğulmuş Əlləvi hələ gənc ikən indi yasaqlanmış Milliyyətçi Ərəb BƏƏS Partiyasına üzv olub. Lakin ötən əsrin 70-ci illərinin əvvəlində Səddam Hüseynin gözündən düşəndən sonra Böyük Britaniyaya qaçmalı olub. Orada isə özünün tibbi təhsilini başa vurub. 1978-ci ildə Böyük Britaniyada ona sui-qəsd olunub. Ağır yaralanan Əlləviyə qəsdin Səddam tərəfindən sifariş edilməsi güman edilmişdi. Əlləvi Birləşmiş Ştatların sünni və şiələrə qarşı hücum əməliyyatını da dəstəkləyib. 2004-cü ildə Bağdaddakı polis məntəqəsində özünün şəxsən şübhəli qiyamçıları qətlə yetirməsi barədə gəzən şayiələrə son qoymaq üçün isə heç bir səy göstərməyib. Əlləvinin höküməti İraqın dini təriqətlər münaqişəsinə yuvarlanmasının qarşısını almaq üçün az iş görə bilib. Son məlumatlara görə, İraqın baş naziri Nuri əl-Maliki BMT-nin ölkədə keçirilmiş parlament seçkisini müşahidə edən missiyasının rəhbərini sərt tənqid edib. O, missiyanın rəhbəri Yeda Melkerti «fəaliyyətsizlik»də günahlandırıb. Baş nazir səslərin yenidən hesablanmasına dair tələbinin qəbul olunmamasına görə də BMT rəsmisini günahlandırıb. «Mən Melkertin yerinə olsaydım, təkrar hesablanma üçün əlimdən gələni edərdim» - deyə əl-Maliki qeyd edib.
|