|
Eldar Bağırov 12 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğu və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Hacıqabul rayon sakini Eldar Bağırov cavab verib.
İttihama görə, E.Bağırov tamah məqsədilə ayrı-ayrı vaxtlarda Hacıqabul rayonu ərazisində Elşən İbrahimovu, Fərhad Əsgərovu, Eldar Mustafayevi, Tariyel İsgəndərovu oğurlayıb. O, həmin şəxsləri qanunsuz azadlıqdan məhrum edərək, küllü miqdarda pul tələb edib. Eyni zamanda pul verməyən zərərçəkmişləri öldürməklə hədələyərək onların sağlamlığına ağır zərər vurmaqla öldürmək istəyib. Lakin iradəsindən asılı olmayan səbəblərə görə, cinayəti başa çatdıra bilməyib. Bundan başqa, təqsirləndirilən şəxsin rayon ərazisində əxlaqsızlıq yuvaları təşkil etməsi müəyyən edilib. Məhkəmənin hökmü ilə E.Bağırov 12 il müddətinə azadlıqdan məhrum edilib.
|