O, karyerasında ikinci dəfə bu tip sorğuda qalib adını qazanıb
2009-cu il üçün Afrikanın ən yaxşı futbolçusunun kimliyi məlum olub. Bu ada "Çelsi"nin fovrardı Didye Droqba yiyələnib. Qeyd edək ki, dünyanın digər regionlarıyla müqayisədə "qara qitə"də ilin ən yaxşı oyunçusu yalnız növbəti ilin əvvəlində müəyyənləşir. Bunun üçün Afrika yığmalarının baş məşqçilərinin qatıldığı sorğunun nəticələri əsas götürülür. "Qızıl top" mükafatı uğrunda 3 futbolçu mübarizə aparıb. Onlar Droqba, Samuel Eto`O (İnter, Kamerun) və Mikael Essyen (Çelsi, Qana) idi. London klubunun bir nömrəli bombardiri sayılan D.Droqbanı yekun səsvermədə Eto`O müşayiət edib. Yeri gəlmişkən, Didye karyerasında ikinci dəfə bu tip sorğuda qalib adını qazanıb. Onun ilk dəfə 2006-cı ilin səsverməsində 1-ci olduğunu xatırladaq. Qananın paytaxtı Akkrada keçirilən təqdimat mərasimi laureat üçün ikiqat əlamətdar olub. Axı Droqba cümə axşamı 32 yaşını tamamlayıb. Bu yerdə Didyenin ötənilki göstəricilərini xatırlatmaq maraqlı olardı. Əvvəla onun Kot d`İvuar yığmasının 3 aydan sonra start götürəcək dünya çempionatının final mərhələsinə qatılmasında mühüm rol oynadığını xüsusi vurğulayaq. Didye seçmə turnirin oyunlarında rəqib qapılarına 5 dəfə yol tapıb. Onu da bilin ki, onun şərəfini qoruduğu milli komanda seçmə mərhələdə bir dəfə də uduzmayıb. D.Droqbanın "Çelsi"dəki göstəriciləri də yekun səsverməyə təsirzsiz ötüşməyib. 2009-cu ilə İngiltərə kubokunun finalında vurduğu qol onun klubuna fəxri titul qazandırmışdı. Yeri gəlmişkən, təcrübəli forvard artıq cari mövsümdə "zadəganlar"ın qatıldığı turnirlərdə 25 qola imza atıb. Akkradakı mərasimdə 2009-cu il üçün Afrikanın rəmzi yığmasının heyəti də açıqlanıb. Maraq üçün ən güclülərin sırasına Droqbadan başqa İngiltərədə çıxış edən futbolçulardan müdafiəçilər Con Peyntsil (Fulhem), Hadir Belhac (Portsmut) və yarımmüdafiəçilər Aleksandr Sonq (Arsenal) ilə Mikael Essyenin (Çelsi) düşə bildiyini də diqqətinizə çatdıraq. Laureata gəlincə, səbəbkarın təntənəli mərasimdə səsləndirdiyi fikirlər diqqəti cəlb etməyə bilməz. Didye 32 yaşını tamamlamasına rəğmən, futbolçu kimi hələ də özünü qoca saymadığını xüsusi vurğulayıb: "32 yaşında qoca olduğunu düşünmək olmaz. Belə fikirlər adamda yalnız bədbin hisslər doğura bilər. Məsələn, mən hərdən yaşıl meydanda özümü uşaq kimi hiss edirəm. Elə hərəkətlər edirəm ki, baş məşqçi Ançelotti sonradan məni reallıqlar aləminə qaytarmalı olur. Əlbəttə, mənimlə Ançelotti və onun sələfləri arasında iş metodları baxımından elə bir ciddi fikir ayrılığı yoxdur. Droqbanın oyununun güclü və zəif yönləri hamıya bəllidir. "Çelsi"nin və Kot d`İvuar yığmasının önəmli elementi olduğunu yaxşı anlayıram. Hücumçuyamsa, qol vurmağa da borcluyam. Hələ ki, bu məndə alınır. Ona görə də xoşbəxtəm!"
|