|
İstehsalatda bədbəxt hadisələr zamanı ölənlərin yarıya qədəri təkcə tikinti sektorunun payına düşür
2010-cu ilin yanvar-fevral ayları ərzində istehsalatda 29 bədbəxt hadisə baş verib. Bunun 7-si tikinti sektorunun payına düşür. Ötən iki ayda istehsalatla əlaqəli sayılmış hadisələrdə 10 ölüm halı qeydə alınıb ki, bunun da 5-i tikinti sektorunda baş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyin rəisi Nəbi Şükürlü bu ilin ilk ayı ərzində istehsalat müəssisələrində aparılan tədqiqatların nəticələrinə dair keçirdiyi mətbuat konfransında belə deyib.
O, qeyd edib ki, Dövlət Əmək Müfəttişliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatını aparmaqdan ibarətdir. Onun sözlərinə görə, ötən iki ayda istehsalatla əlaqəli bədbəxt hadisənin 1-i qrup halında baş verib. Bu hadisələr nəticəsində 21 nəfər xəsarət alıb. Bədbəxt hadisələr nəticəsində xəsarət alanların 4-ü tikinti sektorunun payına düşür. Aparılan tədqiqat zamanı 29 nəfərə “İZ” formalı (istehsalat zədəsi) aktının verilməsi təmin edilib. Nəbi Şükürlü bildirib ki, bu ilin yanvar-fevral ayları ərzində Dövlət Əmək müfəttişliyi tərəfindən 529 müəssisədə dövlət nəzarəti aparılıb. Onlardan 189-u dövlət, 340-ı qeyri-dövlət müəssisələrində aparılıb. Bu müddət ərzində həmçinin müfəttişliyin əməkdaşları tərəfindən 475 ərizə araşdırılıb, 227 məktuba baxılıb. Onun sözlərinə görə, işəgötürənlər tərəfindən tikinti normalarına əməl olunmaması, işçilərin fərdi mühafizə vasitələri (qoruyucu kəmər, dəbilqə) ilə təmin edilməməsi, tikilən binalarda potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkənlərin, lift şaxtalarının çəpərlənməməsi istehsalatda bədbəxt hadisələrə səbəb olan əsas amillər sayılır. Nazirliyin baş müfəttişi onu da əlavə edib ki, istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasında işçilərin, xüsusən də ağır və zərərli sahələrdə çalışanların ilkin və vaxtaşırı tibbi müayinədən keçmələri vacibdir. Onun sözlərinə görə, vaxtında və obyektiv keçirilən tibbi müayinələrin istehsalat travmaları və peşə xəstəliklərinin qarşısının alınmasında müstəsna rolu var və bu sahədə nəzarətin gücləndirilməsi zəruridir. Nəbi Şükürlü bildirib ki, müfəttişlik ötən iki ay ərzində 72 min 793 manat məbləğində gecikdirilmiş ödəmələrin işçilərə çatdırılmasını təmin edib. Bu vəsaitin 57 min 651 manatı əməkhaqqı, 9 min 350 manatı zərərə görə ödənc, 5 min 792 manatı isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Bundan başqa, işdən qeyri-qanuni azad edilmiş 6 işçi əvvəlki iş yerlərinə bərpa olunub. Onun sözlərinə görə, ötən iki ayda müxtəlif istehsal müəssisələrində çalışan 245 nəfərlə əmək müqavilələrinin bağlanması təmin edilib.
Elxan SALAHOV
|