|
Londanda Yaxın Şərq Assosiasiyası (Middle East Association) və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə «Böyük Britaniya Azərbaycanda» mövzusunda ticarət-investisiya forumu keçirilib. ABB-dan verilən məlumata görə, forum çərçivəsində Böyük Britaniyanın iş adamları Azərbaycanın investisiya imkanları ilə tanış olublar. Tədbirdə çıxış edən Yaxın Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas qeyd edib ki, Azərbaycanın regionda strateji və neft-qazla zəngin ölkə olmasına baxmayaraq, ölkədə digər sahələr də inkişaf edir. M.Tomas bildirib ki, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığının qurulması mümkündür.
Forumda çıxış edən ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev isə öz növbəsində qeyd edib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranından daha yaxşı qurtula bilib. Bu da, ölkə iqtisadiyyatının düzgün idarə olunması, onun diversifikasiya siyasəti ilə bağlıdır ki, hazırda Azərbaycan iqtisadiyyatı inkişafın ikinci mərhələsinə keçib.
|