|
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Gəncədəki “İmamzadə” tarixi-dini kompleksinin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncam bütün şəhər sakinləri kimi elm adamlarını da sevindirmişdir. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzində keçirilən yığıncaqda bildirilmişdir ki, belə bir vacib addımın atılması ölkə başçısının milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğısının təzahürüdür. Çıxış edən alimlər VIII əsrin yadigarı olan kompleksin məhv olmaq təhlükəsindən xilas olacağını sevinc hissi ilə qarşılamışlar. Alimlər qeyd etmişlər ki, elm mərkəzinin əməkdaşları bu nadir kompleksə dövlət başçısı tərəfindən göstərilən qayğıya cavab olaraq 400 səhifəlik elmi monoqrafiya hazırlamış və çapa təqdim etmişlər.
Yaxın günlərdə işıq üzü görəcək monoqrafiyada oxucular “İmamzadə” ziyarətgahı və onun ətrafında inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində məhv olmuş tarixi tikililər haqqında daha ətraflı bilgilər əldə etmək imkanı qazanacaqlar.
|