Murad Mərcan: “Bizi narahat edən 2 fakt var idi, indi isə onlara biri də qoşulub: ABŞ-da qəbul edilmiş qətnamə”
Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Murad Mərcan bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan protokollar «dondurulmalıdır». Türkiyə mətbuatının yazdığına görə, protokolların parlamentdən geri çağırılması emosional addım kimi qiymətləndiriləcək və bu, «Türkiyəyə zərər vura bilər». Bu səbəbdən də Mərcan protokolların “dondurulmalı” olduğunu düşünür. «Buna heç bir maneə yoxdur. Biz heç yerə tələsmirik. Bizi narahat edən 2 fakt var idi: Ermənistan Konstitusiya Məhkəməsinin qərarı və Dağlıq Qarabağ münaqişəsi. İndi isə onlara biri də qoşulub: ABŞ-da qəbul edilmiş qətnamə. Düşünürəm ki, bu 3 məsələ həllini tapmadan protokollar müzakirəyə çıxarılmamalıdır».
Türkiyə Böyük Millət Məclisində Milliyətçi Hərəkat Partiyasını təmsil edən deputat fraksiyasının sədr müavini Mehmet Şandır isə hesab edir ki, qəbul edilən qətnamə türk xalqı və dövlətinə qarşı çıxarılan ən ədalətsiz qərardır: «Bu, bütün türklərin təhqir olunmasıdır. Onlar Türkiyəni bəşəriyyətə qarşı cinayət törətməkdə günahlandırıblar. Halbuki, belə bir hal olmayıb. Qətnamə müəllifləri əvvəlcə özlərinin o qədər də uzaq olmayan tarixlərinə nəzər salsalar və törətdikləri genosidləri müzakirə etsələr, yaxşı olar. Amerikalılar erməni millətçilərinə Qarabağda genosid törətməyə imkan verdilər, indi də bizim əcdadlarımızı qətldə günahlandırırlar. Bizim tariximizlə satqıncasına rəftar edərək özlərini Türkiyənin gözündə aşağıladılar». Onun sözlərinə görə, qətnamənin qəbulunda ABŞ-ın maraqları deyil, lobbiçi qrupların maraqları nəzərə alınıb. «Artıq 35 ildir ki, ermənilərin qondarma soyqırımı layihəsi Konqresin müzakirəsindədir. Lakin Türkiyənin fəaliyyəti ilə bu yalnız layihə olaraq qalıb. Bu işdə yəhudi lobbisi bizi tamamilə müdafiə edib» - deyə o bildirib. Onun qənaətincə, AKP iqtidarının səhv siyasəti lazım olmayan nəticəyə gətirib çıxarıb. O bildirib ki, MHP hökuməti nümayişkaranə şəkildə Sürix protokollarından imtina etməyə çağırıb: «Biz protokollar imzalanmamışdan öncə hökuməti erməni tərəfi ilə ehtiyatlı olmağa çağırırdıq. Biz deyirdik ki, ermənilərlə sivil dildə danışmağa və Azərbaycanla münasibətləri korlamağa dəyməz. Çox təəssüf ki, bizi eşitmədilər və erməni tərəfi bizim xoş məramımıza baxmayaraq, Konqresin komitəsində qətnamənin keçməsində israrlı oldu».
M.Şandır ölkəsinin ABŞ-la gələcək münasibətlərinə də toxunub. ABŞ-ı Türkiyənin çoxdankı müttəfiqi hesab edən deputat vurğulayıb ki, Türkiyə bu münasibətlərin korlanmaması üçün sona kimi mübarizə aparmalıdır: «Hər iki ölkənin bir-birinə ehtiyacı var. Türkiyənin hərbi-siyasi qüdrəti, geopolitik mövqeyi onu ABŞ üçün əvəzedilməz edir. Bu səbəbdən də ABŞ-da Türkiyənin mövqeyi nəzərə alınmalıdır». Deputat əlavə edib ki, son illər ABŞ və Türkiyənin münasibətlərində çatlar yaranıb və bunları aradan qaldırmaq gərəkdir: «Bu il Türkiyə üçün seçkilər ilidir. MHP olaraq biz ABŞ və digər ölkələrlə bağlı yürüdülən səhv siyasətin aradan qaldırılmasını prioritet hesab edirik. Bizim Ermənistanla bağlı siyasətimiz daha radikal və konkret planları özündə əks etdirəcək». MHP-çi deputat bu ili Türkiyənin gələcəyi baxımından çox əhəmiyyətli il adlandırıb.
Yeri gəlmişkən, Ankara ilə Vaşinqton arasında münasibətlər düzələnə oxşamır. Belə ki, Türkiyənin xarici ticarətdən məsul dövlət naziri Zafer Çağlayan ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qondarma erməni soyqırımı qətnaməsinin qəbuluna cavab olaraq Birləşmiş Ştatlara səfərini təxirə salıb. “Hurriyet Daily News”un yazdığına görə, Z.Çağlayanın rəhbərlik etdiyi Türkiyə biznesmenlərindən ibarət nümayəndə heyəti martın 19-da ABŞ-a səfər etməli idi. Lakin bazar ertəsi Türkiyə hökuməti tərəfindən səfərin təxirə salınmasına dair qərar qəbul olunub.
Qərb mətbuatında isə ermənilərin qondarma soyqırımı layihəsini tənqid edən məqalələr dərc edilir. Məsələn, Oksford Universitetində müasir tarix professoru Norman Stoun Londonun «Times» qəzetində yazır ki, Osmanlı Türkiyəsində erməni faciəsi haqda ən düzgün sözü 1894-cü ildə İstanbulda erməni patriarxı Aşikyan söyləyib. Belə ki, 1915-ci il hadisələrindən hələ 21 il qabaq Aşikyan İstanbulun əsas erməni kilsəsində ibadət vaxtı deyirdi: «Biz türklərlə min illərdir yanaşı yaşamışıq, böyük rifaha nail olmuşuq. Əgər millətçilər bu elədikləri kimi (terror kampaniyasına başlamaq – «Times»ın qeydi) hərəkətlər eləmək yolunu tutsalar, onda milləti məhv edəcəklər». Professor yazır ki, patriarx haqlı çıxdı. Ancaq erməni millətçilər onu və belə danışan başqa erməniləri güllələdilər: «İndi Amerikanın Nümayəndələr Palatasının komitəsi 1915-ci ildə baş verənlərə soyqırımı deyir. Birinci Dünya müharibəsi başlayanda ermənilər də ayağa qalxdılar və bugünki Türkiyənin bir çox yerində sonda ölümlərə aparan deportasiyaya məruz qaldılar. 1914-cü ilin oktyabrında ermənilərlə problemi birdəfəlik yoluna qoymaq üçün ermənilərin liderinə Türkiyə hökumətinin üzvü olmaq təklif olundu. Ancaq o, bu təklifdən imtina etdi. Erməni liderinin izahı maraqlıdır. O dedi ki, Türkiyə hələ inkişaf edib bu həddə çatmayıb. Türkiyə həmin 1915-ci il hadisələrinə görə 1600 adamı məhkəmə qarşısına çıxartdı və qubernatoru cəzalandırdı. 1918-ci ildən sonra Türkiyə arxivlərini 4 il araşdıran britaniyalı burda soyqırımını sübut edən bir sənəd belə tapmayıb. Ancaq fransız məktəbində işləmiş bu britaniyalının araşdırması yaddan çıxdı. Osmanlı Türkiyəsi imperiya kimi dağılanda, o biri imperiyalar dağılanda olduğu kimi hamı əzab çəkib, hamı qırılıb. O vaxtkı xəstəliklər, qırğınlar milliyyətindən asılı olmayaraq Türkiyənin şərqindəki əhalinin üçdə birini məhv edib. Hər bir türk bilir ki, Birinci Dünya müharibəsi vaxtı Türkiyədə dəhşətli hadisələr olub. Ancaq konqresmenlər bu qədər qırılan arasında təkcə erməniləri ayırıb seçəndə, bu, türklərin doğrudan da xətrinə dəyir».
Azər NURİYEV