|
“Türkiyə bu regionun ənənəvi, ABŞ-isə gəlmə dövlətdir. ABŞ bu regiondan nə vaxtsa gedə bilər, Türkiyə isə həmişə qalacaq. Buna görə də son vaxtlar Türkiyə bir çox məsələlərdə ABŞ-ın dediyi ilə hərəkət etmir”
Müsahibimiz tarix elmləri doktoru, professor Musa Qasımlıdır
AMERİKAYA KÖÇMÜŞ ERMƏNILƏR ORADA BÖYÜK BİR ŞƏBƏKƏ QURDULAR
- Musa müəllim, ABŞ Konqresi yenidən erməni soyqırımı ilə bağlı məsələni gündəmə gətirib.
- ABŞ-da zaman-zaman qondarma erməni soyqırımı ilə bağlı məsələnin gündəliyə gəlməsi səbəbsiz deyil. Tarixdə heç zaman olmayan qondarma erməni soyqırımının ABŞ-ın gündəminə gətirilməsi həm daxili, həm də beynəlxalq siyasət məsələləri ilə bağlıdır. Gəlin ilk növbədə bu məsələnin gündəliyə gəlməsinə səbəb olan daxili amillərə diqqət yetirək. XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilərin kütləvi şəkildə ABŞ-a köçməsi qeydə alınıb. Birinci Dünya müharibəsi illərində çoxlu sayda erməni ABŞ-a köçərək burada məskunlaşdı. Bundan sonrakı dövrlərdə də proses davam etdi. Təkcə 1924-cü ildə Rusiya və Türkiyədən 100 min erməni ABŞ-a köç etdi. Amerikaya köçmüş ermənilər burada böyük bir şəbəkə qurdular. Müxtəlif təşkilatlar təsis etdilər. Bununla da erməni diasporunu və lobbisini formalaşdırdılar.
- Bəs Birləşmiş Ştatlarda erməni lobbisinin hədəfləri nə olub?
- Erməni lobbisinin ABŞ-dakı əsas hədəfi erməni mədəniyyətini, dilini, tarixini qorumaq, inkişaf etdirmək və təbliğ etdirmək, Türkiyənin mənfi obrazını yaratmaq, Türkiyə-Amerika münasibətlərini pozmaq, tarixdə heç zaman olmayan qondarma erməni soyqırımının olduğunu qəbul etdirmək, Türkiyəni üzr istəməyə vadar etdirmək, təzminat və torpaq tələbləri irəli sürmək idi. Bütün bunlar həmişə ABŞ-dakı ermənilər üçün əsas məqsəd olub və onlar həmişə bunun üçün çalışıblar. Bundan əlavə, onlar öz nümayəndələrini ABŞ-ın dövlət strukturlarında, Konqresdə yerləşdiriblər, yüksək vəzifəli şəxslərin yanında köməkçi olublar. Bu da ermənilərin əsas hədəflərindəndir. Amma 1915-ci il hadisələrinin zaman-zaman gündəmə gəlməsini təkcə erməni faktoru ilə bağlamaq da düzgün olmazdı. Əslində belə yanaşma ermənilərin mövqeyinin daha güclü olduğunu demək olardı. Bu isə yanlışdır.
- Nəyə görə?
- Çünki ABŞ-da tarixdə heç zaman olmayan erməni soyqırımı məsələsi daxili-siyasi mübarizə vasitəsinə çevrilib. Qarşıdan da növbəti seçkilər gəlir. Buna görə də Konqresdə təmsil olunan siyasi qüvvələr bu məsələdən öz maraqları üçün istifadə edirlər. Təbii ki, ABŞ-ın dövlət maraqları bütün lobbi maraqlarından üstündür. Ümumilikdə götürdükdə bu məsələnin gündəmə gəlməsində ermənilərin istəklərini də unutmaq lazım deyil. Bundan əlavə, indiki şəraitdə qondarma erməni soyqırımı ilə bağlı məsələnin gündəmə gəlməsində xarici siyasətlə bağlılığı da var.
TÜRKİYƏ HƏMİŞƏ ABŞ-LA BİRLİKDƏ HƏRƏKƏT EDİB
- Axı Türkiyə həmişə regionda Amerikanın yaxın müttəfiqi olub. Belə olan təqdirdə nə üçün məhz Turkiyə hədəf seçilir?
- “Soyuq müharibə” başa çatdıqdan sonra ABŞ-da bəziləri belə düşünürdülər ki, SSRİ mövcud olmadığından, kommust ideologiyası iflasa uğradığından Türkiyənin Qərb bloku üçün oynadığı rol guya azalıb. ABŞ özünü yeganə fövqəlgüc hesab etdiyindən hesab edirdi ki, onun bütün müttəfiqləri dediklərini qeyd-şərtsiz yerinə yetirməlidirlər. Təbii ki, bu yanaşma yanlışdır. Təkqütblü dünya bütün dövlətlərin bir dövlətin hökmü ilə oturub-durması demək deyil. Bəli, Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir və bütün “soyuq müharibə” dövründə ABŞ-la birlikdə hərəkət edib. Bu müharibə başa çatandan sonrakı dövrdə Türkiyədə də xarici siyasətə baxışda dəyişikliklər baş verib. Türklər artıq kiminsə əlində “maşa” olmaq istəmirlər. ABŞ-la Türkiyənin arasında bir sıra məsələlərə yanaşmada fikir ayrılıqları var, baxışlar fərqlənir. Məsələn, körfəz ölkələrinə, İraqa, Suriyaya, İrana, İsrailə münasibətlərdə yanaşmalar üst-üstə düşmür. Yaddan çıxarmaq lazım deyil ki, Türkiyə bu regionun ənənəvi, ABŞ-isə gəlmə dövlətdir. ABŞ bu regiondan nə vaxtsa gedə bilər, Türkiyə isə həmişə qalacaq. Buna görə də son vaxtlar Türkiyə bir çox məsələlərdə ABŞ-ın dediyi ilə hərəkət etmir. Son vaxtlar Türkiyə tam müstəqil siyasət yürütməyə çalışır. Xatırlayırsınızsa ABŞ İraqa müdaxilə edərkən Türkiyə onun yanında yer almadı. Belə olan şəraitdə amerikalılar düşünürlər ki, Yaxın, Orta Şərqdə yalnız İsrailə arxalanaraq ayaqda durmaq mümkün deyil. Buna görə də Türkiyənin müstəqil fəaliyyəti məhdudlaşdırılmalı və Ankara ABŞ-dan asılı vəziyyətə salınmalıdır. Bunun üçün də müxtəlif yollar düşünülür. Bu yollardan biri də tarixdə olmayan uydurma erməni soyqırımıdır.
ABŞ-IN SİYASƏTİNDƏ MƏNƏVİ PRİNSIPLƏR YOXDUR
- Amma bu cür yanaşma Türkiyəni ABŞ-dan daha da uzaqlaşdıra bilər.
- Əgər qondarma erməni soyqırımı ilə bağlı sənəd Konqresdən, Senatdan keçərsə, prezident tərəfindən təsdiqlənərsə, bu zaman Türkiyə-Amerika münasibətləri pozula bilər. Nəzərə almaq lazımdır ki, ABŞ-ın siyasətində mənəvi prinsiplər və vahid prinsiplər yoxdur. Amerikanın maraqları bütün prinsiplərin üzərində durur. Bu baxımdan ABŞ xarici siyasətində vahid standart yoxdur. Əslində Ağ ev administrasiyası bu məsələnin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılmasına mane ola bilərdi. Amma olmadı və bununla ermənilərin ayağının altına daş qoydu. Bu siyasət bundan sonra da davam etsə, amerikalılar Türkiyəni itirəcəklər. Amma mənim fikrimcə amerikalılar bunu etməyəcəklər. Bununla da amerikalılar özlərini Türkiyəyə daha yaxın göstərəcəklər. Ağ ev bildirir ki, indiki şəraitdə bu məsələnin gündəmə gətirilməsi ABŞ-ın maraqlarına uyğun deyil. Əslində məsələnin bu cür qoyulması da çox təhlükəlidir. Bu həm də o deməkdir ki, guya erməni soyqırımı baş verib, amma ABŞ öz maraqlarını nəzərə alaraq bunu qəbul etmir. Məsələnin bu cür qoyulması digər tərəfdən Türkiyənin regiondakı rolunun daha qabarıq şəkildə göstərilməsidir. Fikrimcə, ABŞ Türkiyəsiz heç zaman bu regionda ayaqda dura bilməz. Digər konqres bu qətnaməni qəbul edəcəksə ABŞ öz dizlərinə “güllə vuracaq”.
AMERİKALI KONQRESMENLƏR TARİXİ SİYASİLƏŞDİRMƏMƏLİDİRLƏR
- Əslində tarixdə erməni soyqırımının olmadığı hamıya məlumdur. Belə olan halda məsələnin konqresmenlərin müzakirəsinə çıxarılması nə dərəcədə məntiqlidir?
- Doğurdan da tarixdə heç vaxt erməni soyqırımı olmayıb. Arxivləri araşdıran bir tarixçi kimi deyə bilərəm ki, Birinci Dünya müharibəsi zamanı çarizm tərəfindən hazırlanan ermənilər dinc türk müsəlman əhalisinə divan tutdular. Buna cavab olaraq Osmanlı təhlükəsizlik tədbirləri həyata keçirdi. Bütün bunlar hərbi əməliyyatların gedişində baş verdiyindən tamamilə normal qəbul olunmalıdır. Həmin vaxt hər iki tərəfdən ölənlər oldu. O vaxt hadisələr zamanı ölən ermənilərin sayı 240-300 min nəfər göstərilirdi. İndi isə bu rəqəm 1,5-2 milyon nəfərə qaldırılıb. Bununla bağlı heç bir fakt yoxdur. Çünki Şərqi Anadoluda heç vaxt bu sayda erməni yaşamayıb. Bu baxımdan amerikalı konqresmenlər də tarixi siyasiləşdirməməlidirlər. Tarixlə tarixçilər məşğul olmalıdırlar. Layihənin lehinə səs verən 23 konqresmen heç şübhəsiz tarixdən xəbərsizdir. Onlar bəlkə də Ermənistanın, hətta Qafqazın harada olduğunu belə bilmirlər. Yəni amerikalılar tarixi pis bildikləri kimi coğrafiyanı da pis bilirlər. Mənim fikrimcə, layihənin əleyhinə səs verən 22 konqresmen də bəlkə 1915-ci ildə baş verən hadisələrdən xəbərsizdir. Amma bu konqresmenlər ABŞ qarşısında götürdükləri məsuliyyəti dərk edirlər. Onlar başa düşdülər ki, tarixi siyasiləşdirmək olmaz və bu qətnamə ABŞ-ın milli maraqlarının əleyhinədir. Sənədin lehinə səs verən konqresmenlər isə Amerikanın maraqlarını erməni maraqlarının ayaqları altına atdılar. Bütün bunlar ABŞ-dakı seçki sisteminə yenidən nəzər salınmalı olduğunu da gündəmə gətirib. Baş verənlər Amerika demokratiyası haqqında düşünməkdən ötrü çoxsaylı suallar da yaradır.
ƏGƏR BELƏ BİR ADDIM ATILARSA…
- ABŞ-ın qondarma erməni soyqırımını tanımasının nəticələri necə ola bilər?
- Əgər belə bir addım atılarsa, bu həm ABŞ-a, həm də Türkiyəyə ziyan vuracaq. Belə bir qərarın qəbul olunması nəticəsində təkcə Türkiyədə deyil, bütün müsəlman dünyasında anti-amerika əhval-ruhiyəsi güclənəcək. “Soyuq müharibə” dövründə ABŞ-a həm hörmət edirdilər, həm ondan çəkinirdilər, həm də bu dövlətə bir rəğbət var idi. Amma son illərdə ABŞ rəhbərliyinin həyata keçirdiyi siyasət bunların bəzilərinin üstündən xətt çəkdi. İndi bir sıra ölkələrdə ABŞ-a rəğbət yoxdur, ona hörmət edilmir. İndi əksər dövlətlər ABŞ-dan qorxmurlar da. Amerikalıların yol verdiyi səhvlər onları “dünyanın ağsaqqalı” rolunu oynamaqdan məhrum edib. Görünür hansısa qüvvələr ABŞ-ı bu səhvləri etməyə vadar edir. Amma komitədəki səsvermə ABŞ-da hələ də obyektivlik hissinin tam itmədiyini göstərir. Əgər 2007-ci ildəki səsvermə ilə müqayisə etsək, bu dəfə qətnamənin lehinə olanlar cəmi bir nəfərlə üstünlük əldə etdilər. Amma ümumlikdə bu sənədin komitədən keçməsi bir səhvdir. Amma bizim bu səhvi qabartmağımız ABŞ-la düşmən münasibətlərinə keçməyimiz kimi qəbul olunmamalıdır. Biz ABŞ-ı atdığı səhv addımlardan çəkindirməliyik ki, belə hallar təkrarlanmasın.
BUGÜNKÜ TÜRKİYƏYLƏ TƏZYİQ YOLU İLƏ DANIŞMAQ MÜMKÜN DEYİL
- Bir məsələ də var ki, artıq dünya ABŞ-ın bu məsələni nədən gündəmə gətirməsini anlayır. Türkiyə də əvvəlki Türkiyə deyil. Qardaş ölkənin rəsmiləri açıq şəkildə bəyan edirlər ki, bu cür təzyiq metodları ilə onları nəyəsə məcbur etmək mümkün deyil.
- ABŞ-ın bu siyasətini “qaba siyasət” adlandırmaq olar. Doğurdan da bugünkü Türkiyəylə təzyiq yolu ilə danışmaq mümkün deyil. Görünür, dünyada hansısa qüvvələr ABŞ-ın beynəlxalq mövqelərini, xüsusilə də islam dünyasıyla münasibətlərini korlamaqdan ötrü bu məsələni gündəmə gətirirlər. Məsələyə bu qədər qlobal yanaşsaq buna hansı ölkələrin çalışdığını aydın görmək olar. Dünyada bəzi ölkələr var ki onlar ABŞ-ın müsəlman dünyasından tamamilə vurulub çıxarılmasını istəyirlər. Bu gün ABŞ islam dünyasıyla əlaqələri modern dövlət olan Türkiyənin köməyi ilə qura bilər. Əgər Türkiyəylə münasibətlər pozularsa, ABŞ heç Cənubi Qafqazda da öz siyasətini reallaşdıra bilməyəcək. Bu baxımdan ABŞ gec-tez öz səhvini başa düşməlidir.
- Bir məsələ də var ki, bu il qondarma erməni soyqırımı ilə bağlı qətnamənin Konqresin müzakirəsinə təqdim olunması Ermənistanla münasibətlərin normallaşması istiqamətində səylər göstərən Türkiyənin əlinə əlavə “kozır” verdi. İndi Türkiyə ABŞ-ın bu mövqeyindən istifadə edib Ermənistanla imzalanmış protokolların ratifikasiyasını xeyli uzada və ya ümumiyyətlə gündəmdən çıxara bilər.
- Birincisi, nəzərə alman lazımdır ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Qondarma erməni soyqırımı ilə bağlı qətnamənin Konqresin Xarici Əlaqələr Komitəsində qəbul edilməsi ABŞ-ın bu statusuna uyğun gəlmir. Bu durum ABŞ-ın həmsədr kimi fəaliyyətini davam etdirməyə mənəvi haqqının olmadığını göstərir. Digər tərəfdən, bu məsələni müzakirəyə çıxarmaqla ABŞ Konqresi Türkiyə-Ermənistan normallaşma prosesinə mane olur. Bu qətnamənin qəbul olunması Türkiyə-Ermənistan münasibətlərinin pisləşməsinə səbəb olacaq. Bunun məsuliyyəti isə ABŞ-ın üzərində qalacaq. Baş verənlərdən sonra özünə hörmət edən heç bir dövlət, o cümlədən Türkiyə parlamenti protokolları ratifikasiya etməz. Ermənistan Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar da protokolların ratifikasiyasını mümkünsüz edir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən, ABŞ-ın Cənubi Qafqazdakı mövqelərinin güclənməsindən narahatlıq keçirən qüvvələr məqsədlərinə nail oldular. Bunun nəticəsində ABŞ həm Azərbaycanda, həm Türkiyədə, həm də ümumilikdə Yaxın Şərqdə arzuolunmaz qonağa çevrilir.
İlham QULİYEV
|