|
Martın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi, 1995-ci ildən axtarışda olan Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. İttihama görə, 1941-ci il təvəllüdlü M.Əliyev Müdafiə Nazirliyinin hərbi ticarət idarəsinin sabiq rəisi Murad Sadəddinov və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasının rəisinin növbə üzrə köməkçisi Faiq Mirzəyev və qeyriləri ilə cinayət əlaqəsinə girərək, 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə MTN-nin istintaq təcridxanasından qaçırılan keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, keçmiş alay komandiri Arif Paşayevi və qondarma "Talış Muğan Respublikası"nın başçısı Əlikram Hümbətovu əvvəlcə Xırdalanda, sonra isə Abşeron rayonu Məhəmmədli kəndidə gizlədib, daha sonra isə Rusiya Federasiyasına qaçıb getmələrini təşkil edib.
M.Əliyev 1995-ci ilin mayında müdafiə nazirinin sabiq müavinləri Şahin Musayev və Vahid Musayev, həmçinin Murad Sadəddinov, OMON-nun sabiq əməkdaşı Faiq Baxışəliyev və qeyriləri ilə cinayət əlaqəsinə girərək, Azərbaycan prezidentinin təyyarəsini raketlə vurmaq istəyib. M.Əliyev 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 17.185, 70-2, 17, 15.93-9, 17.15.94 və hazırkı Cinayət Məcəlləsinin 28.277-ci, 29.32.2-ci, 277-ci, 32.2-ci, 232.2.1-ci və 278-ci maddələri ilə ittiham olunur.
|