|
Sadıq Sadıqov komandanın psixoloyi gərginlikdən çıxdığını bildirib
"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Sadıq müəllim, "Neftçi"nin daha bir məşqçisi - Şakir Qəribov istefa verib. İstefanın əsl səbəbi nədir?
- Bunun xüsusi səbəbi yoxdur. O, öz xahişi ilə istefa verib.
- "Neftçi" ötən həftə ölkə kubokunda öz meydanında "İnter"ə böyük hesabla məğlub oldu. Hazırda komanda üzvlərinin vəziyyəti necədir? Futbolçuların xüsusilə psixoloyi durumu maraq doğurur.
- Qurban olum Allaha, hər şey yaxşı olacaq. Komanda psixoloyi gərginlikdən çıxıb. Məğlubiyyəti də qəbul etmək lazımdır. "Neftçi" martın 12-də "İnter"lə Premyer Liqada da qarşılaşacaq. Yəqin ki, komandamız öz sözünü deyəcək. Hələ heç nə itirilməyib. Hər şey qabaqdadır.
- Yayda flaqmana yeni baş məşqçi gətiriləcəyi ilə bağlı açıqlamalar vermisiniz. Sizcə, Arif Əsədov indi "Neftçi"nin baş məşqçisi postunda çalışmağa layiqdirmi?
- Hazırda baş məşqçi vəzifəsində dəyişiklik etmək fikrində deyilik. "Neftçi" elə komandadır ki, onun mətbuatdan nəsə gizlətməyə haqqı yoxdur. Onsuz da komandaya baş məşqçi gələndə, bunu hamı görəcək, sizi aldatmağın nə mənası var ki? "Altılıq" oyunlarında "Neftçi" oyunlara Arif Əsədovun rəhbərliyi altında çıxacaq. Gələcəkdə baxacağıq, baş məşqçini dəyişmək fikrimiz olsa, dərhal mətbuata məlumat veriləcək.
- Sonda azarkeşləri də çox maraqlandıran bir məqama toxunmaq istəyirəm. Çox güman ki, indidən yay üçün planlar qurursunuz. Mövsümlərarası fasilədə "Neftçi" super transfer edəcəkmi?
- Olacaq, olacaq. Mən cəmi iki ay öncə "Neftçi"nin prezidenti vəzifəsinə təyin olunmuşam. Özünüz də yaxşı bilirsiniz ki, həmin vaxt artıq klubda transfer məsələləri həll olunmuşdu, lazımi futbolçular alınmışdı. Buna görə də məqsədimiz indiki heyətlə çempionatı yüksək pillələrdə başa vurmaqdır. Bəli, fikrimiz var, "Neftçi" gələcəkdə güclü transferlər həyata keçirəcək.
|