Şəxsi plandakı növbəti qalmaqal futbolçunu "sındırıb"
Bu yaxınlarda yenidən Avropaya qayıtmaq istədiyi haqda söz-söhbət yayılan məşhur braziliyalı futbolçu Adriano yenidən qalmaqal mərkəzinə düşüb. Belə ki, Braziliya yığmasının heyətində Londonda İrlandiyaya qarşı baş tutan yoldaşlıq görüşündən sonra onu şərəfini qoruduğu "Flamenqo"nun təlim-məşq bazasında "gördüm" deyən tapılmayıb. Sən demə, Adriano yenidən içkiyə qurşanıb... Bəli, ötən ilin aprelində "İnter"dən ayrılan 28 yaşlı futbolçu yenidən depressiyaya düşüb. İtaliyada xoşbəxt olmadığını dəfələrlə söyləyən "İmperator" ləqəbli hücumçu İtaliyada da depressiyaya düşmüş və bunu spirtli içkilər qəbul etməklə unutmağa çalışmışdı. Onun Braziliyada və ona doğma olan Rionun "Flamenqo"da çox xoşbəxt olduğunu düşünmək olardı. Hər halda, ötən il Braziliya çempionatında bir nömrəli bombardir adını qazanan forvard komandasının uzun fasilədən sonra çempion olmasına böyük yardım göstərmişdi. Ancaq şəxsi planda növbəti qalmaqal Adrianonu yenidən "sındırıb". Hər şeyin səbəbkarı isə onun sevgilisi Yoana Maçado olub. Belə ki, nişanlısı futbolçunu Riodakı barların birində "istirahət edərkən" yaxalayıb və qısqanclıq zəminində Adrianonun və dostlarının maşınlarının şüşəsini sındırıb. Futbolçuya isə bir daha onu narahat etməməyi deyib. Belə vəziyyətdə futbolçu çox dözə bilməyib və dərdini unutmaq üçün yenidən spirtli içkiyə qurşanıb. Bu səbəbdən futbolçu komandasının son 2 məşqində iştirak edə bilməyib. Hətta onun Libertadores kubokunda həftəiçi keçiriləcək "Karakas"la səfər oyununda iştirak etməyəcəyi də dəqiqləşib. Çünki klub rəhbərliyi Adrianoya "özünü qaydaya salmaq üçün" vaxt verib. Maraqlıdır ki, klub rəsmiləri ilk öncə futbolçunun içkiyə qurşandığını gizlətməyə çalışsa da, mətbuatın hər şeydən xəbər tutduğunu biləndən sonra "dillərini işə salıblar". Klubun vitse-prezidenti Marko Braz yerli radiostansiyalardan birinə müsahibəsində içkiyə qurşanmaq məsələsini təsdiq edib: "Adriano içməyə başladısa, dayana bilmir. O, artıq bir dəfə bu problemin öhdəsindən gəlib. Amma şəxsi həyatında yenidən problemlər olduğundan, yenə içməyə başlayıb. Bir məqamı da vurğulamalıyam ki, onun narkotik qəbul etməsi barədə deyilənlər cəfəngiyyatdır". "Flamenqo"nun prezidenti xanım Patrisiya Amorim isə tanınmış futbolçunu "ayıltmaq" üçün onun əsas məqsədini yada salıb: "Adriano doğrudan da Braziliya yığmasının heyətində dünya çempionatına getmək istəyirsə, gərək öz hərəkətlərinə ciddi fikir versin. O, öz xasiyyətini dəyişməlidir. Əks təqdirdə əsas məqsədə çata bilməyəcək". Maraqlıdır ki, "qırmızı-qaralar"ın prezidenti futbolçunun içkiyə qurşanmasını təsdiq etməyib. Problemin yalnız artıq çəkiylə bağlı olduğunu qeyd edib. Futbolçunun agenti Yilmar Rinaldi də müştərisinin alkoqollu içkilərə qurşanmasıyla bağlı xəbərləri təkzib edib: "Adrianonun anası və mən təsdiq edə bilərik ki, futbolçu formasını qaytarmaq üçün əlindən gələn hər şeyi edir".
|