|
Onun sözlərinə görə, ölkəni Yuliya Timoşenkonun saldığı hazırki durumdan çıxartmaq çox çətindir
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonu baş nazir vəzifəsi maraqlandırmır. “RİA Novosti”nin yaydığı məlumata görə, bunu sabiq prezident jurnalistlərə açıqlamasında bildirib. Xatırladaq ki, prezident Viktor Yanukoviçin baş nazir postuna təyin edəcəyi namizədlər arasında Yuşşenkonun da adı çəkilir. “Hökumətə başçılıq etmək məni maraqlandırmır. Ölkəni Yuliya Timoşenkonun saldığı hazırki durumdan çıxartmaq çox çətindir. Bu şəraitdə baş nazir kamikadze olmalıdır. Bunu isə ancaq patriot adam bacarar” - deyə Yuşşenko bildirib. Yeri gəlmişkən, Ukraynanın tanınmış və perspektivli siyasətçilərindən sayılan Arseni Yasenyuk yeni hökumətin tərkibində təmsil olunmaqdan boyun qaçırıb.
“UNİAN” agentliyinin yaydığı xəbərə görə, “Dəyişikliklər Cəbhəsi” partiyasının lideri müxalifətə keçməyə qərar verib. “Mən müxalifətə keçmək haqda qərar qəbul etmişəm. Öz hökumətimi formalaşdıracaq, dəyərlərimizin, ideallarımızın və mövqeyimizin müdafiəsi ilə məşğul olacağıq” - deyə Yasenyuk bildirib. O, “əsl Avropa müxalifəti” quracağını da söyləyib. Ukrayna mətbuatının yazdığına görə, prezident Viktor Yanukoviç baş nazir postuna əsas namizədlər kimi Nikolay Azarov və Sergey Tiqipko ilə yanaşı, Yasenyukun da namizədliyini nəzərdən keçirirdi. Son məlumatlara görə, Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə keçirilmiş prezident seçkisində 3-cü yeri tutmuş Sergey Tiqipkoya yeni yaradılacaq hökumətdə yüksək vəzifə təklif edib. Ukrayna mətbuatının məlumatına görə, “Güclü Ukrayna” partiyasının liderinə baş nazirin müavini postu təklif olunub. “Tiqibko iqtisadi bloka rəhbərlik etmək üçün yaxşı namizəddir”, - deyə Yanukoviç bildirib. Hələ ki Tiqibkonun təklifə münasibəti bilinmir.
|