Fransa prezidenti bəyan edib ki, dünya yeni nüvə erasının astanasındadır
Fransada atomun dinc məqsədləri üçün əldə olunmasına həsr olunmuş beynəlxalq konfrans başa çatıb. Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə keçirilən forum nüvə energetikasını inkişaf etdirən ölkələrin ilk toplantısı hesab edilib. Yeni prosesə «nüvə renessansı» adını verən prezident çıxışını patetik notlarla başlayıb. O, bəyan edib ki, dünya yeni nüvə erasının astanasındadır və «bu, bizə nüvə energetikası sahəsində intibahdan danışmağa imkan verəcək». Forumda çıxış edən Nikola Sarkozi də bildirib ki, atomun dinc məqsədlərlə istifadəsini istənilən ölkə əldə etməlidir.
Qeyd edək ki, məhz Sarkozi ilk dəfə olaraq atomun dinc məqsədləri üçün əldə olunması təşəbbüsünü ortaya atıb. Söhbət ondadır ki, son illər bir çox ölkələr özlərinin nüvə energetikasını genişləndirmək istəyi ilə çıxış etməyə başlayıblar. Təqribən 30 dövlət məhz atomun dinc məqsədləri üçün istifadəsini nəzərdə tutan kluba üzv olub, daha 32 dövlət isə nüvə reaktoruna malikdir. Ekspertlərin qənaətincə, neftin qiymətinin kəskin artması və atomsferə buraxılan parnik qazları tullantılarının atrması onları bu addımı atmağa vadar edib. Ekspertlər hesablayıblar ki, 2030-cu ildə dünyanın enerjiyə olan tələbatı 60 faiz artacaq. Özü də bu inkişaf etməkdə olan ölkələrin hesabına baş verəcək. Bu tendensiyanı da Fransanın “başbilənləri” dəqiq müəyyən ediblər.
Qeyd edək ki, MAQATE və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESR) da tədbirin keçirilməsinə patronajlıq etməyə böyük məmuniyytələ razılıq veriblər. Konfransda iştirak etmək istəyənlərin sayı isə həddən artıq çox olub. Hətta tədbirin təşkilatçıları onların çoxluğundan şoka düşüblər. Planlaşdırılan 700 nəfərin yerinə foruma 1000-dən artıq iştirakçı qatılıb. Tədbirə dəvət edilən 65 ölkədən yalnız Qana, Nigeriya və Liviya ora gəlməyib. Rusiyanı isə tədbirdə “Rosatom”un rəhbəri Sergey Kirienko təmsil edib. MAQATE-nin və OESR-in rəhbərləri- Yaki Amano və Anhel Qurria da orada olub. Sarkozi forumda ölkəsinin nüvə energetikası sahəsində lider mövqeyi barədə xatırlama verib. Onun sözlərinə görə, Fransada 58 atom reaktoru var. Fransanın elektrik enerjisinin 80 faizi AES-lər vasitəsilə alınır. Bundan əlavə Fransa aktiv şəkildə yeni AES-lərin tikintisinə başlayıb. Söhbət tək AES-lərin sayından getmir. Bu ölkə bütöv bir atom vertikalı düzəldib. Bura çoxsaylı nazirliklər və idarələr daxildir. Hətta nüvə energetikası ilə ölkənin qaz nəhəngi – GdF Suez məşğul olur. Onun istehsal etdiyi enerjinin 17 faizi AES-in payına düşür. Bu cür qüdrətli mövqeyə malik Fransa görünür nüvə enqergetikası sahəsində ekspansiyaya hazırlaşır. Fransa bu səbəbdən də nüvə reaktorlarının tikintisini öz əlinə almaq istəyir. Özü də fransızların iştahası bununla kifayətlənmir. Onlar həmin reaktorları tikməklə yanaşı, onlar üzərində nəzarəti də ələ almaq istəyirlər.
Yeri gəlmişkən, forumda Sarkozi nüvə renessansı ilə bağlı proqramlarını da ortaya qoyub. Atomun dinc məqsədləri üçün istifadəsinin böyük pullar tələb etdiyindən Sarkozi beynəlxalq maliyyə təşkilatlarının nüvə energetikasına pul qoymamaq çağırışlarına son qoymaq istəyir. Sarkozinin sözlərinə görə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu inkişaf etməkdə olan ölkələrdə AES-lərin tikinstinə yardım etməlidir. Paris bununla yanaşı MAQATE nəzdində nüvə yanacağı bankının yaradılmasına israr edir. Nəhayət, «kadrlar hər şeyi həll edir» prisipini rəhbər tutan Sarkozi Fransada nüvə energetikası üzrə beynəlxalq institutun açıldığını da bildirib. Bu, atomun dinc məqsədlər üçün istifadə edilməsinə çalışan ölkələr üçün mətəxəssis hazırlayacaq. Hələ ki, prezident XİN rəhbəri Bernard Kuşnerə nüvə energitikası sahəsində təhsil alan əcnəbilər üçün təqaüdlərin artırılması barədə göstəriş verib. Lakin Paris konfransının kuluarlarında təşkilatçıların təhlükəsizlik, terrorizm kimi əhəmiyyətli məsələlərə önəm verilmədiyi də bildirilib. Sarkozi isə çıxışını necə başlamışdısa, elə patetik notda da sona çatdırıb: «Nüvə renessansının uğuru bütün dünya üçün uğurlu olacaq. Fransa bunun üçün əlindən gələni edəcək». Elə çox güman ki, Paris forumundan sonra heç kim buna şübhə etməyəcək.
Onu da qeyd edək ki, Parisdə keçirilən konfransda İsrail elektrik enerjisinin istehsalı məqsədilə nüvə enerjisindən istifadə etmək istədiyini bildirib. Daxil olan xəbərlərə görə, Suriya da eyni məqsədlər üçün nüvə enerjisindən istifadə etmək niyyətini açıqlayıb. İsrailin İnfrastruktur naziri Uzi Landau konfrans iştirakçılarına deyib ki, kömürdən asılılığını azaltmaq üçün İsrail yeni atom elektrik stansiyalarını inşa etmək istəyir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün İsrail qonşu ərəb ölkələrindən olan alimlərlə birgə əməkdaşlığa ümid edir.
«Associated Press» agentliyinin məlumatına əsasən, bu nitqdən bir neçə dəqiqə sonra çıxış edən Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad konfrans iştirakçılarına deyib ki, Suriya da nüvə enerjisinin istifadə edilməsi istiqamətində işləmək istəyir. O, deyib ki, dinc məqsədlər üçün nüvə enerjisindən istifadə imkanları hamı üçün açıq olmalıdır. Qeyd edək ki, İsraildə beynəlxalq təftişlərə açıq olan tədqiqat nüvə reaktoru artıq var. Ölkənin cənubunda olan ikinci reaktorda isə nüvə silahının istehsal edildiyi güman olunur.