|
Monitorinqin nəticələri gələn ay ictimai müzakirəyə çıxarılacaq
Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrları əhatə edən monitorinq Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi regionlarda fəaliyyət göstərən teatrların monitorinqini aparıb. Monitorinq təşkilatın Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində baş tutub.
Birliyin sədri Xalid Kazımovun Lent.az-a verdiyi məlumata görə, görə, layihə çərçivəsində Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrların vəziyyəti öyrənilib. Həmin teatrların yerləşdikləri binaların vəziyyəti, teatrlarda çalışan aktyor, rejissor və texniki işçilərin sosial durumu araşdırılıb. Teatr sahəsinin bütün janrları və peşə istiqamətlərinin mövcud vəziyyəti, kadr hazırlığı və ixtisasartırma sisteminin hazırkı vəziyyəti öyrənilib. Bununla yanaşı, teatr binalarının təmiri və maddi-texniki bazanın real vəziyyəti, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi araşdırılıb, aktyorlarla fərdi söhbət aparılıb. Eyni zamanda əhalinin teatrlara marağını, onların yerli teatrlara getməməsinin səbəblərini öyrənmək üçün sorğu keçirilib. Hazırda həmin sorğunun nəticələri araşdırılır. Nəticələr tam hazır olduqdan sonra məsələ ictimai müzakirəyə çıxarılacaq. Təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində 4 teatrda monitorinq aparılması nəzərdə tutulsa da, əlavə iki teatra da baş çəkiblər: “Təşkilat əlavə olaraq Gəncə Dövlət Kukla Teatrında və Qax Dövlət Gürcü Dram Teatrında real vəziyyəti öyrənib. Əsas məqsəd regionlarda teatrların problemlərini aktuallaşdırmaq və ictimai maraqları gücləndirməklə teatr sənətinin inkişafına yardım etməkdir. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatların aparılmasına ictimai dəstək verilməsi nəzərdə tutulub”. X.Kazımov qeyd edib ki, ictimai müzakirələr Bakıda təşkil olunacaq. Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri, tanınmış aktyorlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Həmçinin, monitorinq aparılan teatrların rəhbərləri də ictimai müzakirələrə dəvət ediləcək.
Xəyalə Muradlı
|