|
2010-cu il fevral ayının 1-dək Azərbaycan iqtisadiyyatına 8431,2 milyon manat həcmində kredit qoyulub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çoxdur. Kredit qoyuluşlarının 331,4 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2010-cu il fevralın 1-ə kreditlərin 2349,6 milyon manatı (27,9 faiz) qısamüddətli, 6081,7 milyon manatı (72,1 faiz) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 169,1 milyon manatı və ya 7,2 faizi, uzunmüddətli kreditlərin isə 162,3 milyon manatı və ya 2,7 faiz vaxtı keçmiş kreditlərdir.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3922,8 milyon manat (46,5 faiz), özəl banklar tərəfindən 4325,2 milyon manat (51,3 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,2 milyon manat (2,2 faiz) kredit qoyulub. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2062,9 milyon manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,5 faizə bərabərdir. 100 faizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 396,5 milyon manat (4,7 faiz) kredit veriblər. Kreditlərin 4923,2 milyon manatı (və ya 58,4 faizi) manatla, 3507,9 milyon manatı (və ya 41,6 faizi) xarici valyuta ilə verilib. Mərkəzi Bankda bildirirlər ki, kreditlərin 27,5 faizi (2318,9 milyon manat) ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1841,9 milyon manat (21,8 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 530,1 milyon manat (6,3 faiz), sənaye və istehsalın payına isə 529,3 milyon manat (6,3 faiz) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1519,9 milyon manatı və ya 18,0 faizi, kənd təsərrüfatı və emalına 391,5 milyon manatı və ya 4,6 faizi, inşaat və əmlak sahəsinə 574,2 milyon manatı (6,8 faiz), digər sahələrə isə 64,5 milyon manatı və ya 0,8 faizi yönəldilib.
|