|
Son vaxtlar Marçello Lippinin mundialdan sonra İtaliya millisində qalıb-qalmayacağı haqqında gəzən şayiələr bir qədər də artıb. İtaliya KİV-i son günlər Çezare Prandellinin yayda "Fiorentina"nı milli komandaya dəyişəcəyini daha əmin şəkildə iddia edir. Doğrudur, Prandelli hələ ki, bununla bağlı hər hansı rəsmi açıqlama verməyib. Amma İtaliya Futbol Federsiyasının (İFF) məmurları məlum məsələni çox da uzatmaq niyyətində deyil. İFF-nin prezidenti Cankarlo Abete mayın əvvəlinə qədər millinin mundialdan sonrakı çalışdırıcısının kimliyinə aydınlıq gələcəyini bəyan edib.
Bu bəyanata don Marçellonun reaksiyası isə daha çox maraq doğurub: "Son vaxtlar haqqımda cürbəcür şayiələr dolaşır. Mən ki mundialdan sonra yığmadan gedəcəyimi deməmişəm. Ümumiyyətlə, bir neçə aydan sonra hansı işlə məşğul olacağımı heç bir mənbəyə çatdırmamışam. DÇ-nin startına hələ 3 ay var. Mən bu müddətdə yalnız öz işim haqda düşünmək istəyirəm. Millidəki fəaliyyətimi nə vaxt başa vuracağımı yalnız məqamı yetişəndə bəyan edə bilərəm. Son vaxtlar ünvanıma yönələn tənqidlərə gəlincə, yığmanın iyunda əla formada olacağını əminliklə söyləyə bilərəm".
|