Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da qəbul edilən qərarda məqsəd Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılmasını təmin etməkdir. Qərara alınıb ki, 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-2” ekoloji normaları tətbiq edilsin. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır ki, ölkədə istehsal edilən, habelə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirsinlər və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər, o cümlədən müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılmasını təmin etsinlər. Həmin Qərarla “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı” da təsdiq edilib.
|