|
Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsində zavallı görkəmi alan ermənilər doğrudanmı soyqırımına məruz qalıblar? Onlara əsrlər boyu sığındıqları Osmanlıda münasibət necə olub? Anadoluda alovlanan erməni üsyanlarının, kilsənin də bulaşdığı çoxsaylı terror təşkilatları şəbəkəsinin hədəfində nə dayanırdı? Tarixçilərin araşdırmalı olduğu bu sualların cavabını baş nazir Ərdoğanın təbirincə desək, «xəritədə Ermənistanın yerini göstərə bilməyən» 23 konqresmen yox, tarixçilər verməlidir. Türkiyə Cümhuriyyəti dəfələrlə bəyan edib ki, Osmanlı arxivləri müvafiq mənbələri öyrənmək istəyən bütün araşdırmaçıların üzünə açıqdır.
Əslində, Osmanlı arxivlərində yatan gizlinləri tədqiq etmək üçün heç Ankaraya getməyə ehtiyac da yoxdur, elə ötən il Baş Bakanlıq bütün sənədləri orijinal nüsxələri ilə birlikdə beş cilddə çap elədi. Onunla tanış olmağa konqresmenlərin vaxtı və maddi maraqları olmasa da, bu faktları bütün dünya bilməlidir. Erməni yalanlarını ifşa etmək üçün başqa arqumentlərə ehtiyac yoxdur, onların ağ yalanını elə tarix özü ifşa edir.
Nələr var Osmanlı mənbələrində?
Məlum olur ki, türk dövlətinin iqtisadiyyatı və ticarətindəki başlıca sahələrdə aparıcı mövqelərə yetişən ermənilər siyasi məqamlara da yiyələnmiş - dövlət idarələrində mühüm vəzifələr tutmuşdular və bu yöndə də onlara heç bir maneçilik törədilməmişdi. Osmanlı tarixinin hər səhifəsində bir erməni paşasının, bir erməni səfirinin, bir erməni ümum müdirinin isminə rast gəlmək mümkündür. Burada Osmanlı dövlətçilik tarixi üçün çox səciyyəvi olan bir məsələyə də toxunmaq yerində olardı. Belə ki, tarix boyu osmançılıq düşüncə sistemindən çıxış edən sultanlar qeyri-türklərin yüksək dövlət vəzifələrini tutmalarına nəinki dözüm göstərmiş, hətta buna əlverişli şərait yaratmışdılar. Osmanlı tarixi ayrı-ayrı dönəmlərdə ermənilərin də çoxlu mühüm dövlət vəzifələrini tutmalarına dair sənədlər və faktlarla zəngindir. Və bu hal türklərlə yanaşı, ermənilər tərəfindən də dəfələrlə qələmə alınıb. «Bugünkü Ermənistanı Türkiyə qurdu» deyən türk tarixçisi Əli Heydər Əmir yazır: «Heç bir xalqın, türk idarəsində ermənilər qədər rahat və hörmətlə yaşamadığını bir çox ermənilər hər zaman təkrarlamışlar və bunu minnətdarlıqla anmışlar. On birinci yüzillikdə imperator sarayına girən erməni on ikinci yüzilliyin sonuna doğru nazirlər sırasına girmişdir». Tarixi sənədlərdən toplanan faktlardan bəlli olur ki, Osmanlı ermənilərindən 29-u paşa, 22-si nazir (özü də xarici işlər, maliyyə, ticarət, rabitə kimi aparıcı sahələrdə), 31-i millət vəkili, 7-si səfir, 11-i baş konsul və konsul, 11-i universitet rektoru vəzifələrini tutmuş, 142-si müxtəlif nazirliklərdə yüksək məqamlara yiyələnmişdi. Çox önəmlidir ki, Osmanlı idarəçiliyindəki yetərli erməni təmsilçiliyi elə onların araşdırmaçılarının tədqiqatlarında da etiraf olunmuşdur. Osmanlı tarixinə müraciət edərək çoxlu erməni əsilli dövlət adamları haqqında məlumatlar verən rahib-tarixçi Y.Çark «Tənzimatı ermənilərin qızıl dövrü» kimi dəyərləndirərək yazırdı ki, ən əlverişli saydığımız bu dövrdə ermənilər hər sahədə irəli gedə bildilər, özlərini tanıdaraq hökumətdən təhlükəsizliklərinə təminat və etimad qazanıb yüksək mövqelərə qədər çıxa bildilər, hətta bir çox sahədə rumları belə keçdilər. Birinci Məşrutiyyət Məclisində (1876-cı il) fəaliyyət göstərən 48 millət vəkilindən 9-u erməni olmuş və hətta parlamentin sədr müavini (Məclisi Məbusan Rəis Vəkili) vəzifəsinə də erməni (Ohannes Allahverdi) seçilmişdi. İkinci Məşrutiyyət Məclisinə (1908-ci il) seçilən 276 nəfərin 49-nu qeyri-müsəlmanlar, o cümlədən də 11-ni ermənilər təşkil etmişdi. 1914-cü il Məclisində isə 11 erməni vardı. Ermənilərin Osmanlı idarəçiliyindəki təmsilçiliyi Sultan II Əbdülhəmidin dövründə daha geniş miqyas almışdı. Həmin dönəmdə Osmanlı məmurlarının 1/3-ni ermənilər təşkil etmişdi. Yuxarıda qısa şəkildə toxunduğumuz məsələlər və istinad etdiyimiz tarixi sənədlərdəki faktlar Osmanlı dövlətinin «hüquqsuz təbəələri", "yazıq erməni" kimi baxışların (əslində isə uydurmaların) əsassızlığını təsdiqləməyə imkan verir. Osmanlı dövlətinin idarəçiliyində əsas aparıcı məqamlara yiyələnən ermənilər bu və digər amillərin təsiri ilə xeyli qüvvətləndilər. Bu isə Osmanlını parçalamağa yönəlmiş fəaliyyətlərin daha da gücləndirilməsi və genişləndirilməsi işində onlara əlavə imkanlar yaratmış oldu. İndi Birləşmiş Ştatlar Konqresinin qapılarını yağır eləmiş erməni diaspor nümayəndələri özlərini qondarma soyqırımı qurbanlarının varisləri hesab edirlər. Bu cəfəng iddianın arxasınca isə başqa bir riyakarlıq gəlir, erməni dəyirmanına su tökən əldəqayırma tarixçilərin fikrincə, güya Osmanlıda qondarma qətliama 1 milyon yarım erməni məruz qalmışdır. Bu statistikanın haradan götürüldüyü, nəyə istinad edildiyi isə açıqlanmır, amma Osmanlı arxivlərində aydın şəkildə göstərilir ki, Birinci Dünya müharibəsi ərəfəsində nəinki Anadoluda, bütün imperiya ərazisində pərakəndə səpələnmiş erməniləri sayı “soyqırımı”na məruz qalandan az olub. Saxta tarixlərinin “sabun köpüyü” kimi puç olmasından ehtiyat edən ermənilər iddialarını elm adamlarının müzakirəsinə buraxmaqdan qorxurlar, onu daha çox siyasi məsələ kimi qələmə verməklə müasir Türkiyəyə, həmçinin türk dünyasına təsir göstərmək istəyirlər. Erməni saxtakarlıqlarını bəlkə də bizdən də yaxşı Amerikada, Qərbdə anlayırlar, amma onların da etiraf etməyə cəsarətləri çatmır…
|