ABŞ Dövlət Departamentinin narkotiklərlə mübarizəyə dair illik hesabatında Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlmatlar yer alıb
ABŞ Dövlət Departamentinin narkotiklərlə mübarizəyə dair illik hesabatında Azərbaycanla bağlı açıqlanan nəticə birmənalı qarşılanmayıb. Belə ki, hesabatda Azərbaycan narkotik maddələrin daşınması üçün tranzit ölkə kimi qeyd olunmaqla yanaşı, narkotik istifadəçilərinin sosial təbəqəsi barədə hesabatda qeyd olunub ki, Azərbaycanda narkotik istifadəçilərinin 30-35 faizini tələbələr təşkil edir.
Əlbəttə, ölkəmizə başucalığı gətirməyən bu hesabatı əsassız adlandıranlar daha çoxdur.
Reallığı əks etdirməyən məlumat
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə həmin hesabatı həqiqətə uyğun olmayan məlumat adlandırıb. “Hesabata görə, ölkəmizdə qeyri-rəsmi 300 min narkotik istifadəçisi var. Bunun da 30-35 faizi tələbələrdir. Bu isə təxminən 100 minə yaxın tələbə deməkdir. Azərbaycanda isə tələbələrin sayı 100 mindən bir az çoxdur. Bu o deməkdir ki, Azərbaycanda bütün tələbələr narkomandır. Azərbaycanda tələbələrin 60 faizdən çoxunu qızlar təşkil edir”. B.Hüseynzadə hesab edir ki, müvafiq dövlət qurumları bu hesabata öz münasibətini bildirəcək. “Sadə Azərbaycan vətəndaşı da bilir ki, bu, bizim ölkəmizdə anormal bir rəqəmdir. Bu rəqəmlərdə göstərilən rəqəmlər heç bir həqiqəti əks etdirmir. Hamı bilir ki, Azərbaycanda tələbələrin 80-90 faizi narkoman ola bilməz. Hətta, Azərbaycan üçün bir faiz də çox yüksək rəqəmdir, nəinki söhbət 100 min tələbənin taleyindən getsin. Ona görə də bu gün bizdə bu problemlə bağlı dəqiq rəqəm söyləmək çox çətindir".
B.Hüseynzadə hesab edir ki, bu hesabat bəlkə də Avropa və Amerika reallığına yaxın ola bilər. Ancaq ümumiyyətlə, Azərbaycan reallığını əks etdirmir. Belə ki, bizim insanlarda narkotiklərə o qədər də meyillilik yoxdur. B.Hüseynzadənin sözlərinə görə, narkotiklərlə mübarizə cinayət işidir və bununla hüquq-mühafizə orqanları məşğul olur. Ancaq Təhsil Nazirliyində və təhsil müəssisələrində təlim-tərbiyə ilə əlaqəli xüsusi qurumlar fəaliyyət göstərərək bu yöndə mütəmadi təbliğat aparır, eyni zamanda, müxtəlif beynəlxalq layihələrdə iştirak edirlər. B.Hüseynzadənin sözlərinə görə, indi gənclər nəinki narkotikdən istifadə etmirlər, hətta onların arasında siqaretdən istifadə edənlərin sayı da get-gedə azalır. Təhsil Nazirliyinin rzsmisi onu bildirib ki, indiyə qədər narkotik vasitədən istifadə üstündə aşkarlanan və hər hansı institutdan qovulan tələbə də olmayıb. “Əgər belə bir hadisəyə rast gəlinəndə hüquq-mühafizə orqanları həmin tələbəni yaxalayır və cinayət işi qaldırılır. Məhkəmə proseduru başa çatıb sübut olunandan sonra Təhsil Nazirliyinə və ya həmin ali məktəbin rektorluğuna yazılı məlumat veriləndən sonra qovulma prosesi həyata keçirilə bilər. Hələliksə belə bir fakt aşkarlanmayıb”.
Böhtan
Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfov da hesabatın nəticələri ilə razılaşmadığını bildirərək həmin rəqəmi elmi və statistik əsası olmayan nəticə adlandırıb. “Sizi inandırıram ki, bizdə heç bir faiz də narkoman tələbə yoxdur. Bizim universitetdə oxuyan tələbələrin çoxu qızlardır. Dərs dediyim fakültədə 500 tələbə oxuyur. Ona görə də bu hesabatı Azərbaycan üçün böhtan hesab edirəm”.
Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov hesabatı qərəzli adlandırıraraq bildirib ki, çalışdığı ali məktəbdə sənətlə bağlı və nəzəri ixtisaslar üzrə fakultələrin heç birində narkoman tələbə yoxdur. “Bu şişirdilmiş bir rəqəmdir. Ümumiyyətlə, Azərbaycanda narkoman tələbə yoxdur. Azərbaycanlı bir tələbənin aldığı tərbiyə ona imkan vermir ki, o, narkoman olsun. Əgər təsadüfən kimsə rastlaşıbsa, onu şişirdib ictimai xarakter vermək lazım deyil. Tək-tük, müəyyən təsir altına düşən 1-2 gənc ola bilər. Amma bunu şişirdib Azərbaycan gəncinin adı ilə bağlamaq tamamilə qərəzdir. Mən bu bəyanata nifrət elədim. Mənə elə gəlir ki, ABŞ Dövlət Departamenti öz daxilindəki narkomanlığa baxıb özü haqqında belə bir bəyanat verməlidir, nəinki başqa xalqlar haqqında belə bir qərəzlə çıxış etməlidir”.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova belə bir hesabatın səslənməsini mənfi hal kimi dəyərləndirərək, araşdırılmasına ehtiyac olduğunu vurğulayıb: “Nazirlik gənclərin təlim-tərbiyəsi mövzusunda daim müxtəlif görüşlər keçirir. O cümlədən, Təhsil Nazirliyi və müxtəlif qurumlarla işləyirik. Əgər desək ki, çox böyük işlər görmüşük və bunun nəticəsində narkomanların sayı azalıb, çox səhv informasiya olar. Ən azından, gənclərlə işləyən bir dövlət qurumu olaraq bu sahədə əlimizdən gələni edirik. Müxtəlif kitabların, jurnalların nəşr olunmasına çalışır, narkomaniya ilə bağlı reklam çarxlarının hazırlanmasında tez-tez müsabiqələr elan edirik”.
Narkomaniya - genefondumuzun bəlası
Rəsmi dövlət orqanlarında bildirilir ki, Azərbaycanda narkomanlığa qarşı mübarizə istiqamətində mühüm addımlar atılır. Belə ki, MM-də qanun qəbul olunub, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Ancaq təcrübələr göstərir ki, təkcə qanun qəbul etmək, narkotik vasitələrin dövriyyəsi ilə bağlı mübarizə idarəsi yaratmaq azdır. Çünki narkomaniya bəlasının qarşısı alınmır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov məlum hesabatla bağlı açıqlama verərək bildirib ki, Səhiyyə Nazirliyinin araşdırmalarına əsasən qeydiyyatda olan narkomanlardan 0,08 faizi tələbələrdir. Ümumilikdə isə Azərbaycanda 24000 narkoman rəsmi qeydiyyatdadır və onların sosial mənşəyi barədə rəsmi statistika aparılmır.
Jurnalist Qadınlar Assosiasiyası (JQA) “Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi” mövzusunda keçirdiyi elmi-praktik konfransda iştirak edən millət vəkilləri və dövlət rəsmiləri də narkomaniyanın gənclərimiz arasında yayıldığını vurğulayıblar. Narkomaniya təkcə hüquq pozuntusu deyil, həm də sosial mühitin insanlar üzərində yarada biləcəyi ruh pozğunluğu kimi dəyərləndirilib.
Narkomaniya üzrə yeni şəhərlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova norkomaniyanı qlobal iqlim dəyişikliklərindən də dəhşətli bir bəla kimi dəyərləndirib. “Çox təəssüflər olsun ki, statistikaya baxsaq, biz bu siyahıda narkomaniya üzrə yeni şəhərlərin peyda olduğunu görərik. Bu gün Azərbaycanın bir çox regionunu artıq narkomaniya bürüyüb”.
“Narkomaniya pisdir!” və ya “Narkomaniyaya yox deyək!” şüarları ilə bu bəlaya qarşı mübarizə aparırıqsa, bununla özümüzü aldatmış oluruq” - deyə millət vəkili Qənirə Paşayeva bu cür mübarizə üsulu ilə yanlış yolda olduğumuzu bildirib: “Biz narkomaniyaya qarşı mübarizəyə yox, müharibəyə keçməliyik. Çünki qarşımızdakılar böyük gücə malikdirlər. Bu gün dünyanın hər yerində olduğu kimi Azərbaycanda da narkomaniya cavanlaşır. Narkomaniya bizim universitetlərimizə, məktəblərimizə daxil olur”. Q.Paşayevanın fikrincə, son 5 ildə narkomaniyanın Azərbaycanda nə qədər genişlənməsi ilə bağlı statistik göstəriclərə nəzər salınsa, bunun bizim üçün SOS olduğunu görərik.
Millət vəkili Aynur Quliyeva narkomaniya bəlasının təkcə paytaxtımızla məhdudlaşmadığı qənaətindədir: “Ən ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri var. İctimai təşkilatlar, mətbuat bu yönümdə çox böyük işlər görə bilər. Sosial reklamların sayı nə qədər çox olsa, hər kəs oradan özü üçün nəticə çıxara bilər”.
“Nur” uşaq və gənclər təşkilatının sədri Sevinc Muradova narkomaniyanı əsasən gənclərin problemi adlandırdı: “Bu, genefondumuzun, böyüyən nəslin problemidir. Problemlə mübarizənin vacibliyini hamımız qeyd edirik, ancaq çox vacibdir ki, bu istiqamətdə atdığımız addımları, göstərdiyimiz təşəbbüsləri qiymətləndirək. Gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir. Bu işdə gənclər təşkilatlarının böyük rolu var. Bu sahədə fəaliyyət göstərmək istəyən QHT-lər də çoxdur. Amma o təşkilatların fəaliyyətinin səmərəliliyi böyük sual altındadır. Biz addım atarkən ən faydalı metodlardan istifadə etməliyik”.
Üst-üst-üstə düşməyən statistik rəqəmlər
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev də narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin yaxından iştirakının vacibliyini vurğulayıb. Onun fikrincə, əsas məqsəd gənc və yeniyetmələrin bu xəstəliyə düçar olmasının qarşısının alınmasıdır. “Bu gün Azərbaycanda narkomaniyanın səviyyəsi çox yüksəkdir. Ona görə də burada erkən aşkarlanmanın böyük əhəmiyyəti ola bilər. Bu gün bütün dünyada 200 milyondan çox narkotik istifadəçisi var. Bunun 160 milyonu marixuanadan istifadə edir. Azərbaycanda isə 23 minə yaxın narkoman qeydiyyatdadır. Onların 85 faizi heroin istifadəçiləridir”.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polkovnik Adil Ələkbərov dövlətimizin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı heç də az iş görmədiyini diqqətə çatdırıb. “Əgər dövriyyədən külli miqdarda narkotik vasitələr çıxırsa, bu, böyük işdir”.
A.Ələkbərov bu gün respublikamızda narkomanların sayı barədə statistik rəqəmi diqqətə çatdırıb. Məlum olub ki, hər il 1000 narkoman qeydiyyata düşür və hazırda ölkəmizdə 22674 narkoman rəsmi qeydiyyatdadır. Onların 70 faizi dispanser uçotundadır".
Təranə MƏHƏRRƏMOVA