|
Prezident Abdullah Gül: “Bu səsvermənin hər sahədə səbəb ola biləcəyi mənfi nəticələrə görə məsuliyyəti Türkiyə daşımayacaq”
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi gözlənildiyi kimi kimi 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verdi. Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edildi.
Qətnaməyə görə, ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq erməni soyqırımı kimi səciyyələndirməli və hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir. Beş saata yaxın davam edən müzakirələri açan xairici əlaqələr komitəsinin sədri Hovard Berman deyib ki, ABŞ-ın mühüm və etibarlı tərəfdaşı olması Türkiyəyə erməni soyqırımı reallığından boyun qaçırmağa əsas verməməlidir: “ABŞ erməni soyqırımını tanımalı, mənəvi məsuliyyətini yerinə yetirməlidir. Bu, türklər üçün çətin və ağrılı proses olsa da, nəticə etibarı ilə Türkiyə demokratiyasını və ABŞ-Türkiyə münasibətlərini möhkəmlədəcək”. Komitə sədrinin mövqeyini bölüşən konqresmenlər bəyanatlarında vurğulayıblar ki, ABŞ-ın 42 ştatı, NATO ölkələrindən 11-i 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri erməni soyqırımı adlandırıb. Konqresmen Bred Şerman qətnaməyə Türkiyənin sərt reaksiyasını gözləmədiyini vurğulayıb: “Hər dəfə hansısa ölkə erməni soyqırmını tanıyanda Türkiyənin buna sərt münasibəti uzun çəkmir. Fransa ilə ticarət əlaqələrinin pozulacağını deyən türklər həmin ölkə ilə ticarət dövriyyəsini dörd dəfə artırıblar”. Müzakirələr başa çatdıqdan sonra komitə sədri Hovardr Berman yarım saatlıq səsvermə elan edib. Məlumata görə, ilkin nəticələrin qətnamə layihəsinin əleyhinə olduğunu görən konqresmen səsvermə vaxtını uzadıb. Bir saata yaxın davam edən səsvermə 23 - lehinə, 22 - əleyhinə həddində bitmiş elan edilib.
Türkiyə səfirini geri çağırdı
Qərarın qəbulundan az sonra Türkiyə hökuməti layihənin qəbul olunması ilə bağlı bəyanat yayaraq, qərarı üzüntü ilə qarşıladıqlarını bəyan edib: “Biz türk millətini törətmədiyi bir cinayətdə ittiham edən bu layihəni qınayırıq. Bu qanun layihəsini dəstəkləyənlər tarixi həqiqətlər və peşəkar tarixçilər arasındakı mövzu ilə əlaqədar fikir ayrılıqlarını görmədən siyasi məqsədlərlə yanlış və haqsız bir mövqe nümayiş etdiriblər. Bu qanun layihəsi 1915-ci il hadisələri ilə bağlı konkret tarixi səhvlərlə yanaşı, tamamilə təktərəfli bir mövqe ilə hazırlanıb. Türkiyə Birinci Dünya müharibəsi zamanı Anadolu xalqının yaşadığı acı hadisələri tarixçilərin tərəfsiz olaraq və elmi şəkildə, tarixi mənbə və arxivlərə əsaslanaraq araşdırmasının tərəfdarıdır. Siyasətçilərin tarixçilərin məşğul olacağı məsələlərə müdaxiləsi hər zaman mənfi nəticələr verib. Qanun layihəsinin qəbul olunmasının arzuolunmaz nəticələrə yol açacağı bizim bu məsələ ilə bağlı fəaliyyətimiz zamanı açıq ifadə olunub. Bütün xəbərdarlıqlarımıza rəğmən xarici əlaqələr komitəsinin qəbul etdiyi bu qanun layihəsinin Türkiyə-ABŞ əlaqələrinə zərər vurmasından və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki səylərimizi heçə endirəcəyindən ciddi qayğı duyuruq. ABŞ-la geniş müştərək plan çərçivəsində apardığımız işlərə mənfi təsir göstərəcək bu qərar, təəssüf ki, strateji mövqe çatışmazlığına da işarət edir. Vaşinqtondakı səfirimiz Namiq Tan bununla bağlı məsləhətləşmələr üçün Ankaraya çağırılıb”. Prezident Abdullah Gül “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib və deyib ki, qərarı məqbul hesab etmir və təəssüflə qarşılayır: “Bu səsvermənin hər sahədə səbəb ola biləcəyi mənfi nəticələrə görə məsuliyyəti Türkiyə daşımayacaq”. Xarici işlər naziri Əhməd Davudoğlu “erməni soyqırımı” layihəsini qəbul etməsinə münasibət bildirib. “haberturk.com” saytının yaydığı məlumata görə, bununla bağlı keçirdiyi mətbuat konfransında Əhməd Davudoğlu deyib ki, ABŞ qanunverici orqanında belə bir mənzərənin ortaya çıxması çox üzücüdür və son dərəcədə qeyri-ciddi bir görüntü ortaya çıxıb. O bildirib ki, erməni soyqırımı layihəsinin qəbul edilməsi Xarici Əlaqələr Komitəsində səs verənlərin nə dərəcədə məlumat sahibi olduqlarını göstərir: “1915-ci ildə nə baş verdiyini ən yaxşı o dövrdə yaşayanlar bilirlər. Anadoluda böyük faciələr yaşanıb, amma o illərdə Balkan yarımadasından 2 milyon insanımız köç edb, o cümlədən Qafqazda böyük köç yaşanıb. Söhbət böyük bir xaosdan gedir. Biz hər zaman insan olaraq bu acıları paylaşdıq. Biz bizimlə savaşanları övladlarımız kimi qəbul edən millətik. 10 əsrdir ki, birlikdə yaşadığımız erməniləri dostlarımız olaraq qəbul edirik”. Əhməd Davudoğlu dünyanın müxtəlif yerlərində yaşayan ermənilərə və Ermənistana müraciət edib: “Dünənki görüntü olayın nə qədər yanlış olduğunu bir daha təsdiqlədi. Bir səs bu tərəfdə olsa, tarixin axını dəyişmiş olacaqdı. Tarixə bu qədər qeyri-ciddi münasibət bəslənilə bilərmi? 10 əsr birgə yaşayışa bu qədər bəsit yanaşmaq nə dərəcədə düzgündür? Ortaq tarixi araşdırmaq yönündə çağırışımızı bir da yeniləyirik. Parlamentlər üzərində tarixi mühakimə etmək əvəzinə gəlin üz-üzə danışaq, arxivlərimizi açaq. Bunu etməyib, parlamentarilər üzərindən Türkiyəyə təzyiq göstərməyə çalışırsınızsa, deməli, Türkiyəni tanımırsınız. Heç bir şərtlə Türkiyə təzyiq altında qalmaz”. XİN rəhbəri vurğulayıb ki, qəbul edilən layihə, onun tərzi və qəbulu prosesi bunun Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin mahiyyətini necə dəyişmək gücündə olduğunu göstərib: “Üçüncü tərəfin müdaxiləsi prosesi nəticəsiz hala gətirməkdədir. ABŞ-ın qəbul etdiyi hər qərar türklərlə ermənilərin tarixi barışığını əngəlləməkdədir. Türkiyə-ABŞ münasibətləri tarixinin ən geniş iş birliyi olan dövrünü yaşayır. Ancaq dünənki qərar Xarici Əlaqələr Komitəsində məsələyə strateji yanaşmada çatışmazlıqlar olduğunu göstərdi. Təbii ki, bu qərarın nəticələrini dəyərləndirəcəyik. Atılan hər addımı gözdən keçirmək üçün səfirimizi Vaşinqtondan Ankaraya çağırdıq, ABŞ-ın Ankaradakı səfiri də Türkiyə Xarici İşlər Nazirliyinə gələcək. Hər kəs soyuqqanlı şəkildə qərarları müzakirə etməlidir”. Ə.Davudoğlu Ermənistanla münasibətləri normallaşdırmaqda qərarlı olduqlarını da dilə gətirib: “Protokolların qəbulu prosesinin Türkiyə tərəfindən gecikdirilməsi görüntüsü doğru deyil. Dünən qəbul edilən qərar protokollarla bağlı prosesi dayanma nöqtəsinə gətirib. Bu, bizim üçün milli qürur məsələsidir və ortaq mövqe ortaya qoyacağıq. Artıq hər bahar Türkiyə-ABŞ münasibətlərində böhran yaşanmasını istəmirik. 24 apreldə bu böhranı daha da dərinləşdirən bir açıqlama verilməməsini gözləyirik. Qafqazda Rusiya ilə ortaq çalışmağa hazırıq, Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasını istəyirik. Birtərəfli barış mümkün deyil, biz Azərbaycan və Ermənistan arasında da barışa nail olunmasını istəyirik”. Öz növbəsində baş nazir Rəcəb Tayyip Ərdoğan də komitənin qərarını kəskin tənqid edib: “Türkiyə törətmədiyi cinayətdə ittiham edilib”.
Ermənilər nəyə sevinir?
Türkiyə parlamentinin xarici əlaqələr komitəsinin sözçüsü, hakim partiyadan olan millət vəkili Suat Kiniklioğlu bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulması səbəbindən, bu dəfə Amerikanın qüdrətli yəhudi icması Konqres üzərinə az təsir göstərib. Kiniklioğlu deyib ki, yəhudi icması Türkiyəyə soyqırım müzakirələrində “bu dəfə yardım etmədi”. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” layihəsini qəbul etməsinə münasibət bildirib. “Reuters” agentliyinin yaydığı məlumata görə, səsvermədən dərhal sonra Edvard Nalbandyan qərarı böyük bir məmnunluqla qarşıladıqlarını söyləyib. Xocalıda soyqırım törətmiş ermənilərin xarici işlər naziri həyasızcasına iddia edib ki, bu, ABŞ-ın insan haqlarına və bəşəri dəyərlərə bağlılığını göstərir və bəşəriyyətə qarşı cinayətlərin qarşısının alınması istiqamətində atılmış bir addımdır. Qətnamənin qəbuluna Birləşmiş Ştatların dövlət katibi Hillari Klintondan ilk reaksiya gəlib. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, Kosta-Rikaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında o, qanun layihəsinin Konqresin gündəliyinə salınmasına ehtiyac olmadığını bəyan edib. Klinton bu fikrin prosesdə maraqlı tərəflərin diqqətinə açıq şəkildə çatdırıldığını da söyləyib.
Azər NURİYEV
|