|
G.Adlinqton: "Sistemin daha da yaxşılaşdırılması üçün Azərbaycan hökuməti müəyyən bir yol seçməlidir"
Martın 4-də Bakıda "Daşınmaz Əmlak İdarəçiliyində Səmərəlilik və Şəffaflıq" mövzusunda Beynəlxalq Seminar başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə reallaşan seminar öz işini bu gün yekunlaşdıracaq. Tədbirdə ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, İtaliya, Danimarka, Gürcüstan, Çexiya, Norveç, İsveç, Xorvatiya, Yunanıstan, Latviya kimi 30-a yaxın dövlətin nümayəndəsi təmsil olunur.
ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Damət Bağırov bildirib ki, tədbirin təşkilində əsas məqsəd qarşılıqlı təcrübə mübadiləsini genişləndirməkdir. Xidmət rəisi ölkənin sosial-iqtisadi vəziyyətindən də söz açıb: "Azərbaycan qlobal böhrandan minimum itkilərlə çıxan ölkələr sırasındadır. Son bir neçə ildə ölkəmizdə iqtisadiyyatın həcmi 2,6 dəfədən çox artıb. Ötən ilin yekunlarına görə, ölkədə ümumdaxili məhsul 9,3 faiz artıb. Ölkəmizdə iqtisadi inkişafa şərait yaradan əsaslı islahatlar proqramında daşınmaz əmlak idarəçiliyinin səmərəli sisteminin formalaşdırılması da mühüm yer tutub. İslahatların gedişində daşınmaz əmlak bazarının inkişaf etdirilməsi, daşınmaz əmlak qeydiyyatı sistemlərinin modernləşdirilməsi istiqamətlərində geniş tədbirlər həyata keçirilib". Qurum rəhbəri daşınmaz əmlakın idarəçiliyi sahəsində Almaniya, Norveç, Türkiyə və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğu və genişləndirildiyini də bildirib. BMT-nin Avropa İqtisadi Komissiyasında Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun sədri Damir Pahiç də daşınmaz əmlakın idarəedilməsinin həmişə gündəmdə olduğunu deyib: "Daşınmaz əmlakın idarəedilməsi, səmərəli istifadəsində, ümumiyyətlə, əmlak məsələlərində şəffaflıq prinsipləri çox böyük önəm daşıyır. Burada BMT-nin Avropa İqtisadi Komissiyasının üzv nümayəndələri daşınmaz əmlakın idarəedilməsində səmərəlilik və şəffaflıq mövzusunda təcrübə mübadiləsi aparacaqlar. Fikrimcə, bu mübadilə Azərbaycana da öz töhfəsini verəcək". Dünya Bankının (DB) Azərbaycanda maliyyələşdirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsinin texniki tapşırıq qrupunun rəhbəri Gavin Adlinqton ölkədə görülən işlərdən danışıb: "Azərbaycan hökuməti son bir neçə il ərzində daşınmaz əmlakın qeydiyyatı istiqamətində müvafiq addımlar atır. Əlbəttə ki, sistemin daha da yaxşılaşdırılması üçün Azərbaycan hökuməti müəyyən bir yol seçməlidir. Bu işə cəlb olunduğumuz vaxtdan bəri müəyyən irəliləyişlər müşahidə olunur". Layihənin ilyarım əvvəl başladığını da deyən G.Adlinqton onun DB-nın Azərbaycan hökumətinə verdiyi kredit əsasında reallaşdığını bildirib: "Maliyyə vəsaitinin əksəriyyəti hələ də xərclənməyib. Çünki beşillik layihənin erkən mərhələləri həyata keçirilməkdədir. Ümid edirik ki, layihə başa çatdıqda Azərbaycanda ən yaxşı qeydiyyat sistemi yaradılacaq". Qeyd edək ki, seminarın növbəti günündə daşınmaz əmlak və torpaqların birləşdirilməsi üzrə pilot layihələrin təcrübəsi, habelə Türkiyənin torpaq qeydiyyatı və kadastr məlumat sistemi ilə tanışlıq nəzərdə tutulur.
|