Hazırda qiymətləndirmə üçün araşdırma aparılır
Hökumətin qanunsuz tikililərlə bağlı problemə diqqət yetirməsi təqdirəlayiqdir. Özbaşına tikililərin nizama salınması işi Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında imzalanmış kredit sazişinə uyğun olaraq həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində aparılır. Hazırda beynəlxalq ekspertlər vəziyyəti öyrənməklə məşğuldur. Bu barədə dünən jurnalistlərə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Damət Bağırov məlumat verib. Onun sözlərinə görə, problem hərtərəfli öyrənildikdən sonra müvafiq işlərə başlanılacaq: "Bu sahədə işçi qrupumuzla xarici ekspertlər tərəfindən araşdırmalara başlanılıb. Problem tam öyrənildikdən sonra bu məsələlər təhlil edilib qiymətləndiriləcək və nizama salınacaq".
D.Bağırov qanunsuz tikililərin satışa çıxarılaraq daha yüksək məbləğ təklif edənə satılacağı ilə bağlı məsələyə də toxunub: "Beynəlxalq ekspertlərin rəyi hazır olmadan bu məsələyə münasibət bildirmək düzgün deyil". Hazırda mövcud olan qanunsuz tikililərin sayına gəlincə, DƏDRX rəisi bildirib ki, bunu müəyyənləşdirmək üçün mövcud metodika işlənməlidir: "Beynəlxalq ekspertlərlə bizim əməkdaşlar birgə fəaliyyət göstərirlər. Məsələyə yanaşma metodikası müəyyən olunduqdan sonra bu barədə danışmaq olar". D.Bağırov "Daşınmaz əmlakın qeydiyyatı layihəsi"nin digər istiqamətlərindən də danışıb. Belə ki, daşınmaz əmlak bazarının dəstəklənməsi, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılması məqsədi daşıyan bu layihə dörd komponenti özündə birləşdirir. Layihə çərçivəsində DƏDRX-in ərazi idarələrinin hər birində əmlakla bağlı əqdlərin qeydiyyatı avtomatlaşdırılacaq. Nəticədə əqdin qeydiyyata alınması üçün standart müddət cəmi üç gün təşkil edəcək. Bütün ölkə üzrə yeni ortofotoxəritələrin hazırlanması da nəzərdə tutulur. Bu xəritələr mövcud kadastr məlumatlarını, o cümlədən keçmiş dövrlərdə üzərindəki hüquqlar, ayrı-ayrı orqanlar tərəfindən qeydiyyata alınmış torpaq sahələrinin ölçüləri, konfiqurasiyaları, artıq hüquqi və fiziki şəxslərə verilmiş hüququ sənədlər - dövlət aktları və şəhadətnamələrdə əks olunmuş texniki göstəriciləri həqiqi vəziyyətlə müqayisədə yoxlamaq üçün zəmin rolunu oynayacaq. Yalnız kadastr məlumatını yerdəki vəziyyət ilə uyğunlaşdırmaq mümkün olmadığı hallarda minimum həcmli çöl ölçmə işləri aparılacaq. Layihə özəl şirkətlərlə bağlanacaq tender əsaslı podrat müqavilələri vasitəsilə özəl sektorda mərzçəkmə və kadastr ölçmələrinə dair işlərin aparılması ilə bağlı bilik və bacarıqların artırılmasına da xidmət edəcək. Layihə çərçivəsində həmçinin fasiləsiz fəaliyyət göstərən istinad stansiyaları sistemi quraşdırılacaq. Bu da şirkətlərə mərzçəkmə xidmətlərini daha tez həyata keçirmək və əvvəl istifadə edilən avadanlıqdan nisbətən ucuz avadanlıq istifadə etməyə imkan yaradacaq. Bu sistem yalnız kadastr işləri ilə məhdudlaşmayacaq. O, bütün mərzçəkənlərin, o cümlədən topoqrafiya və inşaat sahəsində çalışan mütəxəssislərin fəaliyyətinə müsbət təsir göstərəcək: "Biz Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı uğurlu bir layihə həyata keçiririk. Hal-hazırda Dünya Bankının mövcud missiyası Azərbaycandadır. Onlar bizim gördüyümüz işlərlə tanış olub, müvafiq qiymət verəcəklər". Xidmət rəisinin sözlərinə görə, ölkə başçısının 2009-cu il sərəncamı ilə quruma daşınmaz əmlakın idarəçiliyi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıqlar da verilib: "Artıq bu sərəncamdan sonra arxiv məlumatlarının elektron variantının yaradılması, elektron növbəlilik, qeydiyyat sənədlərinin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlamışıq. Hazırda sənəd dövriyyəsinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər görürük. "Bir pəncərə" sisteminin tətbiqinə gəlincə, bu, uzun bir prosesdir. Ümumiyyətlə, 2013-cü ildə layihə başa çatanda biz milli qeydiyyat, kadastr sistemini beynəlxalq təcrübəyə uyğunlaşdıracağıq".
|