|
Bolqarıstanın baş naziri Boris Boykov şikayətlənir ki, ABŞ və Avropa İttifaqı layihəni yalnız sözdə dəstəkləyirlər
Avropanın Rusiya qazından asılılığını azaltmağı nəzərdə tutan «Nabukko» qaz kəməri ətrafında yeni problemlər ortaya çıxıb. Milyardlarla dollarlıq layihənin kimin tərəfindən qazla təchiz ediləcəyi barədə sualla yanaşı, onun tikilişinə maliyyə ayrılması kimi suallar lap əvvəldən «Nabukko»nun gələcəyi barədə ciddi problemlər yaratmışdı. Ötən gün isə Sofiyada sona çatmış enerji sammitində Bolqarıstanın baş naziri Boris Boykov şikayət edib ki, ABŞ və Avropa İttifaqı layihəni yalnız sözdə dəstəkləyirlər. Bəs təchizat sazişlərinin bağlanacağı və investisiya qərarlarının qəbul ediləcəyi bu həlledici ildə Nabukko layihəsi nə yerdədir? Bu sualı cavablandıran «Nabukko» konsortsiumunun rəhbəri Raynhard Mitçek bildirib ki, hazırda qaz alıcıları Azərbaycan, İraq, Türkmənistan və Misir kimi potensial qaz təchizatçıları ilə danışıqlar aparırlar.
Qaz alıcıları danışıqları davam etdirəcəklər və bu il qaz alqısı və satış razılıqları imzalayacaqlar: «İlin sonuna kimi nəqletmə müqavilələrinin də imzalanacağını gözləyirik. 2010-ci ilin sonuna kimi yekun investisiya qərarının da əldə ediləcəyi gözlənilir».
«Bolqarıstanın baş naziri tənqidlə deyib ki, Avropa İttifaqı və ABŞ Nabukkonu ancaq sözdə dəstəkləyirlər. Hansısa konkret işlər görmürlər. Siz bununla razısız» sualını cavablandıran Raynhard Mitçek «Mən də hesab edirəm ki, siyasi qərar qəbul edənlərlə sənaye təmsilçiləri arasında əməkdaşlığı gücləndirmək lazımdır. Siyasi dəstək hökumətlərarası sazişin imzalanması idi. Lakin bu «həppi end» yox, uğurlu bir start kimi qiymətləndirilməlidir. Bütün səviyyələrdə hökumətlər bu çətin layihənin həyata keçirilməsi üçün şərait yaratmalıdırlar. Tikinti işləri, sahələrin boşaldılması kimi məsələlərdə lisenziyaların verilməsinə yardım göstərilməlidir ki, iş getsin» kimi cavablandırıb.
Azər NURİYEV
|