Hüquqi yardım xidmətinin hər saatı üçün ayrılan vəsait 2 manata çatdırılsa da, yetərli deyil
Gündəlik həyatımızda ən adi söhbətlərdə belə biri digərinin hərəkətlərini, fikirlərini dəstəkləyirsə, "sən onun vəkili deyilsən" ifadəsi ilə çox tez-tez qarşılaşırıq. Peşəkar vəkilə isə bu məqamlarda deyil, hələ heç kimin sığortalanmadığı bədbəxt hadisələr zamanı daha güclü zərurət yaranır. Ölkə qanunverciliyinə görə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ var. Vəkillik fəaliyyətinin əsas vəzifələri də məhz fiziki və hüquqi şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Bəs görəsən, bu gün tələb yarandığı halda bu xidmətlərdən lazımınca yararlana bilirikmi? Hüquqlarımızın müdafiəsini etibar edə biləcəyimiz vəkillər öhdələrinə düşən işlərin yerinə yetirilməsini nə qədər bacarırlar? Peşəkar və səviyyəli vəkil hamı üçün əlçatandırmı?
Təəssüf ki, mütəxəssislər bu sahədə kifayət qədər problemin olduğunu bildirirlər. Belə ki, peşəkar vəkil xidmətləri bahalı olduğu üçün aztəminatlı ailələr onlardan yararlana bilmirlər. Bu səbəbdən də Ali Məhkəmə belə ailələrin peşəkar və keyfiyyətli vəkil xidmətlərinə əlçatanlığını təmin etmək üçün təklif irəli sürür. Təklifə görə, imkansız ailələrdən olan şəxslərin peşəkar müdafiəsini təmin etmək üçün müvafiq orqan yaradılmalı, onların vəkillə təmin edilib-edilməyəcəyi ilə bağlı qərarı da araşdırma əsasında bu qurum verməlidir. Amma qurumun yaradılması da hüquq mütəxəssisləri tərəfindən birmənalı qarşılanmır.
2 manat az olmasa da, çox da deyil
6 saylı hüquq məsləhətxanasının müdiri Qubad Zamanovun sözlərinə görə, hüquqlarının müdafiəsi üçün imkanı olmayan aztəminatlı adamlar dövlət tərəfindən müdafiə ilə təmin edilir: "Vəkilin çıxdığı həmin iş üzrə hər saat üçün dövlət tərəfindən 2 manatdan pul ödənilir. Müraciət edən də olur. Bundan başqa, dövlət tərəfindən müdafiə ilə təmin olunması üçün məhkəmə də qərar verir. Buna görə vəkilə order veririk. Vəkil məhkəmə və ya istintaqda həmin şəxsin hüquqlarını müdafiə edir". Q.Zamanov hüquqi yardım xidməti üçün nəzərdə tutulan vəsaitin hazırkı məbləğini az hesab etməsə də, onun artırılmasının tərəfdarıdır: "Vəkil bir işin qurtarması üçün onunla 10-20 saat məşğul olur. Bəzən isə hətta 50 saat işləyir. İki-üç aylarla da iş gedir. 50 saatlıq hüquqi yardım xidmətinin haqqı 100 manat edir. Bu 100 manat da dövlət hesabına verilir. Hüquqi yardım xidməti üçün ayrılan vəsait əvvəllər 99 qəpik idi. İndi 2 manata çatdırılıb. Düzdür, indiki vəziyyət keçmişə nisbətən yaxşıdır. Buna baxmayaraq, bu vəsaitin miqdarı bir qədər də artırılsa, daha yaxşı olar". Amma vəkil tək təyinatla işləmir. O, müqavilə əsasında da işləyə bilər. Belə ki, vəkilin ədalət məhkəməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Təyinatla məhkəmənin qərarı əsasında xidmət haqları müəyyən olunur. Qarşılıqlı razılaşma əsasında da qiymət müəyyənləşir.
Təklif edilən qurum formalaşdığı təqdirdə isə Q.Zamanov hesab edir ki, bu zaman vəkillərə əməkhaqqı verilməsi daha səmərəli olar: "Əgər Ali Məhkəmə belə bir qurumu nəzərdə tutursa, yəni vəkillər əməkhaqqı ödənilməklə imkansız adamları müdafiə ilə təmin etsələr, daha yaxşı olar. Onda müəyyən vəkillər ancaq bu sahə üzrə işləyərlər və əməkhaqqı alarlar. Xarici ölkələrdə də belə təcrübələr var. Məsələn, İranda vəkillər dövlət hesabına işləyirlər, əməkhaqqı alır və vətəndaşların hüquqlarını müdafiə edirlər. Mən hesab edirəm ki, bizdə də bu mexanizm yaransa, daha yaxşı olar".
Vəkillərə qarşı itən inam artırılmalıdır
3 saylı hüquq məsləhətxanasının müdiri Akif Əhmədov da aztəminatlı ailələrdən olan şəxslərin vəkillə təmin edilməsi üçün müvafiq dövlət qurumunun yaradılmasını məqsədəuyğun sayır: "Ali Məhkəmənin sədri Ramiz Rzayev bu problemlərin içərisində olan şəxsdir. Əgər o, belə bir qurumun yaranması zərurətindən danışırsa, mən bu təklifi ancaq dəstəkləyirəm. Belə bir qurum yaradılarsa, mən də ona bacardığım kimi və istədiyim qaydada dəstək verməyə hazıram".
14 saylı hüquq məsləhətxanasının vəkili Əlizadə Kazımov isə belə qurumun yaradılmasına ehtiyac görmür. Sadəcə, ölkədə qanunlar işləməlidir: "Hüquq sahəsində savadsızlıq baş alıb gedir. Belə şəxslərin çıxardığı qərarlar heç nəyə əsaslanmır. Bu şəxslərin özləri məsuliyyətə cəlb olunmalıdır. Hamımızın amalı budur ki, saf cəmiyyət quraq. Elə bir cəmiyyət quraq ki, kasıbı da, varlısı da qanun qarşısında bərabər olsun. Hamı öz əməlinə görə məsuliyyət daşısın. Hər birimizin məqsədi odur ki, cəmiyyətin qanunlara qarşı itmiş hörmətini bərpa edək. Bu gün hər bir Azərbaycan vətəndaşının vəzifəsi bu olmalıdır. Məhkəmələrə, vəkillərə qarşı inamımızı artıraq. Elə bir vəziyyət yaranıb ki, vəkillərə ümumiyyətlə, inam yoxdur".
Ə.Kazımov hesab edir ki, cəmiyyətdə qanunlara münasibət dəyişmədikcə, yeni yaranacaq qurumun fəaliyyəti də səmərə verməyəcək.
Vəkil çatışmazlığı da ortaya çıxır
Vəkillərin sayına gəlincə, mütəxəssislər burada da fərqli düşünürlər. Belə ki, ölkə əhalisinin sayı ilə vəkillər üzrə göstəricinin nisbəti götürüldükdə onların sayı tam yetərli deyil. Son statistikaya görə, ölkə əhalisinin 1500 nəfərinə bir vəkil düşür. Amma Q.Zamanov bu gün vəkillərin sayının kifayət qədər olduğunu deyir. 2004-cü ilin noyabrında yeni Vəkillər Kollegiyası (VK) təsis ediləndə Azərbaycanda cəmi 370 vəkil olsa da, bu gün onun üzvlərinin sayı xeyli artıb: "Hazırda respublikada müdafiə hüquqlarının təmini ilə məşğul olan vəkillərin sayı 800-dən yuxarıdır. Amma əvvəllər bu say bizdə az idi. İndi isə kifayət qədər vəkil var. Düzdür, müəyyən vaxtlarda çatışmazlıqlar olur. Məsələn, vəkil pulla müqavilə bağlayıb işə çıxır. Həmin saatda da başqa yerdə təyinatla çıxmalı olur. Onlar belə vəziyyətlərdə hakimlərlə razılaşırlar və əvvəlki iş bitənə qədər bir-iki saatlıq təxirə salırlar".
İxtisaslaşan vəkil müdafiəni təmin edə bilir
Əslində, Azərbaycanda vəkillərin sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmur. Bu baxımdan, VK ölkədə vəkillərin sayının artırılması işini davam etdirir. Amma beynəlxalq təcrübədə notarius, hakim və digər hüquqşünaslar vəkil kimi fəaliyyət göstərsələr də, bizdə bu işlə yalnız vəkillər məşğul olur. Ümumiyyətlə, vəkil olmaq üçün bütün hüquqşünaslar müraciət edə bilər. Tələblərə gəlincə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əsasən, vəkil olmaq üçün müvafiq şərtlər ödənməlidir. Belə ki, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi, pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən şəxs vəkil ola bilər. İmtahanlara gəldikdə isə proses iki hissədən - yazılı və şifahi mərhələdən ibarət olur. Qanuna görə, şifahi müsabiqə 11 nəfərdən ibarət VK-nın İxtisas Komissiyası tərəfindən aparılır. Adıçəkilən komissiyada isə 5 vəkil, 3 hüquqşünas alim və 3 hakim təmsil olunur. Bu mərhələdə hər namizədə 30 dəqiqə vaxt ayrılır. Sənəd qəbulu materiallarının təhlilləri vəkilliyə maraq göstərənlər arasında cavanlaşma getdiyini də göstərir. Belə ki, sənəd verənlər arasında daha çox cavanlar üstünlük təşkil edir. Cüzi rəqəmlə sayılanlar isə 50 yaşa qədər olanlardır. Yəni sənəd verənlər arasında 50-dən yuxarı yaşı olan yoxdur. Amma vəkillərin sayı yalnız sənəd qəbulu vasitəsilə artırılmır. İmtahandan başqa, vaxtilə hakim işləyən, artıq səlahiyyətləri bitən hakimlər də vəkilliyə daxil olmaqla bağlı müraciət edirlər. Onlar artıq 2001-ci ildə imtahanlarda iştirak etdiklərinə görə hazırda yalnız şifahi müsahibəyə buraxılır, eyni zamanda kollegiyaya üzv qəbul olunurlar. Vəkillər arasında qadın və kişi nisbətinə gəlincə, hazırda ölkədə VK üzvü olan ümumi vəkillərdən təxminən 120 nəfəri qadındır.
Amma vəkillər üçün yaş və say məhdudiyyəti olmasa da, hazırda vəkilliyə maraq azdır. Ona görə də VK hüquqşünaslar arasında vəkillik peşəsinə marağı artırmaq üçün əlavə tədbirlər nəzərdə tutur. Belə ki, qurum ölkənin aparıcı ali təhsil müəssisəsində bu sahəyə ayrılan tədris saatlarının artırılması təklifi ilə çıxış edib. Qurumda hesab edilir ki, ali məktəblərin hüquq fakültəsində vəkilliklə əlaqədar dərslərə çox az yer ayrılır. Tədris saatlarının artırılması üçün ölkənin əsas təhsil müəssisəsi olan Bakı Dövlət Universitinin rəhbərliyinə müraciət də edilib. VK bu dərslərin tədrisi prosesinə vəkillərin cəlb olunmasını da məqsədəuyğun sayır. Tədris saatlarının artırılması ilə bağlı VK-nın məhz BDU-nu seçməsi də təsadüfi deyil. Çünki adıçəkilən universitet ölkədə hüquqşünasları yetişdirən əsas təhsil müəssisəsidir.
Vəkillərin peşəkarlığına gəlincə, Q.Zamanov hesab edir ki, bu sahədə də problem yaranmır: "Vəkillər vəkilliyə götürülərkən test və şifahi imtahanlardan keçir, and içirlər. İxtisaslı mütəxəssislər, hüquqşünaslar vəkilliyə qəbul olunurlar. Bu halda vəkil müəyyən qədər ixtisaslaşdığı üçün müdafiəni təmin edə bilir".
Qanunvericiliyi pozan vəkillərə gəldikdə isə əgər vəkil ciddi qanun pozuntusuna yol verərsə, onunla bağlı iş Vəkillərin İntizam Komissiyasına göndərilir. Orada araşdırılan faktlar təsdiqini taparsa, VK həmin vəkilin fəaliyyətini dayandırır və məhkəməyə müraciət edir.
Ölkədə fərdi vəkillərin sayı da artmaqdadır. Əgər 2005-ci ildə bir fərdi vəkil yox idisə, hazırda ölkədə 122 nəfərdən çox fərdi vəkil var.
HƏQİQƏT