21 yaşlılarımız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıdı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) xal həsrətinə martın 2-də son qoyulub. Apasport.az saytının məlumatına görə, yığmamız uzun fasilədən sonra Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunda ilk xalını qazanıb. Bernard Lippertin yetirmələri səfərdə Şotlandiya yığması ilə "sülh" bağlayıb - 2:2. Halbuki, futbolçularımız hesabda iki dəfə irəlidə olublar. 14-cü dəqiqədə hesabı Nizami Hacıyev açıb. Matçın 31-ci dəqiqəsində isə komandamız xoşagəlməz halla üzləşib. Müdafiəçi Tural Axundov qırmızı vərəqə alıb, qapımıza isə 11 metrlik cərimə zərbəsi təyin olunub. Penaltini dəqiq yerinə yetirən Makuayr tarazlığı bərpa edib. 10 nəfərlə qalmasına baxmayaraq, yığmamız ruhdan düşməyib və 65-ci dəqiqədə növbəti dəfə rəqib qapısına yol tapıb. İkinci qolun müəllifi Araz Abdullayev olub. Lakin bundan 1 dəqiqə sonra şotlandlar Qriffitsin qolu sayəsində yenidən hesabı bərabərləşdiriblər. Final fitinədək daha qapılara qol vurulmayıb.
Beləliklə, U-21 seçmə mərhələdə ardıcıl 5 məğlubiyyətdən sonra ilk xalını əldə edib. Komandamız 1 xalla əvvəlki kimi, sonuncu, 6-cı pillədə qərarlaşıb.
"İlk dəqiqələrdən oyunumuzu tapdığımız üçün hesabı açdıq". Bu sözləri oyundan sonra 21 yaşlılarımızın baş məşqçisi B.Lippert deyib. Almaniyalı çalışdırıcı deyib ki, komandası T.Axundov qırmızı vərəqə alana qədər üstünlüyü əldən verməyib: "Azlıqda qalmağımıza baxmayaraq, sonadək mübarizə apararaq, daha bir qol vurduq. Futbolçuların hamısından razı qaldım".
Şotlandiya yığmasının baş məşqçisi Billi Stark isə evdəki xal itkisinə çox üzülməyib. Matçın 2:2 bitməsinə müəyyən mənada məyus olan mütəxəssis ümumi nəticələrlə özünə təsəlli tapıb: "Seçmə mərhələ ərəfəsində kimsə Albaniya və Azərbaycan yığmaları ilə oyunlarda 12 mümkün xaldan 10 xal qazanacağımızı desəydi, bu, yaxşı nəticə kimi qəbul olunardı. Biz də məhz buna nail olduq. Belarus yığmasını udub, Avstriyaya səfərdə uduzmuşuq. Bu isə o deməkdir ki, işlərimiz hələ də yaxşı gedir".
B.Stark yığmamızla oyunu elə debütdə uduzduqlarını düşünür: "Biz oyunu yaxşı başlamadıq. Nəticə isə onu göstərdi ki, biz beynəlxalq miqyasda yüksək səviyyədə oynamağı bacarmırıq. Azərbaycan yığmasını təzyiq altında saxlamağa nail olmadıq. Ümumilikdə, heç nə yarada bilmədik. Amma final mərhələsinə çıxmaq şanslarımız hələ də var. Çünki bu xal itkisi mövqeyimizə ciddi təsir göstərməyib".
B.Stark Azərbaycanla oyunun faydalı olmasını da etiraf edib: "İstənilən halda, bu gecə bizim üçün bir dərs oldu. Biz xeyli nəticə çıxara bilərik. Artıq dərk edirik ki, matçın əvvəlində lazım olan tempi yığmadıqda sonra işimiz çətin olur. Amma nə etmək olar? Yolumuza davam etməliyik. Hər şey də öz əlimizdədir. Avstriya və Belarusu şəxsi oyunlarda udub qrup qalibi olmalıyıq".