|
Prosesdə zərərçəkən və şahid ifadələri dinləniləcək
Martın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə xuliqanlıq niyyəti ilə adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən hərbi qulluqçuların cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri Araz Abdullayev və Fəxri Babayev cavab verib. A. Abdullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham olunur. F.Babayev isə Cinayət Məcəlləsinin 338.1-ci (döyüş qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunur.
İttihama görə, hadisə 2009-cu il avqustun 5-də baş verib. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri A.Abdullayev xidmət etdiyi hərbi hissədə xidmətdə olarkən postda xidmət aparan əsgər Səyyaf Həsənovun yatdığını görüb. O, bunu bəhanə edərək öz üstünlüyünü nümayiş etdirmək məqsədilə avtomat silahla atəş açıb onun gicgah nahiyəsindən vuraraq qətlə yetirib. Digər təqsirləndirilən F.Babayev isə hadisə baş verən vaxt nizamnamə tələblərini kobud surətdə pozaraq döyüş postunun sığınacağının qarşısındakı səngərdə yatıb. Bu gün prosesdə zərərçəkən və şahid ifadələri dinləniləcək.
|