ARDNŞ prezidenti Böyük Britaniyanın Enerji Naziri Lord Huntla görüşüb
Martın 3-də ARDNŞ prezidenti Rövnəq Abdullayevlə Böyük Britaniyanın Enerji Naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyətinin görüşü olub. Azərbaycanla Böyük Britaniya arasında, eləcə də Azərbaycan və Britaniya şirkətləri arasında yüksək səviyyəli münasibətlər yarandığını vurğulayan Rövnəq Abdullayev ölkəmizdə xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb.
O bildirib ki, bütün xarici tərəfdaşlar kimi Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında işgüzar münasibətlər yaranmışdır və bu, enerji sahəsində ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Lord Hunt ötənilki səfərindən sonra Azərbaycanın iqtisadi və sosial həyatında mühüm irəliləyişlər görməkdən şad olduğunu söyləmişdir. O bildirmişdir ki, 2009-cu il bütün dünya ölkələri üçün çətin keçsə də, Azərbaycan iqtisadiyyatının uğurlu nəticələri sevindiricidir. Qonaq qlobal maliyyə-iqtisadi böhranın sona çatmağa yaxınlaşdığını və 2010-cu ilə daha böyük ümidlərlə baxdığını demişdir. Öz ölkəsində enerji sahəsində planlaşdırılan işlərdən danışan Lord Hunt Xəzər dənizinin enerji ehtiyatlarının, xüsusilə təbii qazın Avropaya nəqli istiqamətində Azərbaycanda görülən işlərlə maraqlanmışdır. Son illər ölkəmizdə qaz hasilatının artırılması və qazın nəqli sahəsində həyata keçirilən enerji layihələri haqda qonaqlara məlumat verən ARDNŞ prezidenti qısa müddətdə neft-qaz ixracı marşrutlarının diversifikasiyasına nail olunduğunu xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, hazırda Azərbaycanda hasil olunan təbii qaz 4 ölkəyə - Gürcüstan, Türkiyə, Rusiya və İrana ixrac olunur, müəyyən həə qaz isə Türkiyədən Yunanıstana reeksport edilmişdir. Azərbaycan təbii qazının Avropaya nəqli perspektivlərinə toxunarkən “Cənub Enerji Dəhlizi” layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edən Rövnəq Abdullayev NABUCCO, Türkiyə-Yunanıstan-İtaliya və Trans-Adriatik boru kəmərləri layihələri üzrə tərəfdaşlarla səmərəli iş aparıldığını demişdir. O, “Şahdəniz” layihəsinin işlənilməsinin ikinci fazasına hazırlığın qrafikə uyğun davam etdiyini, Bolqarıstan və Rumıniya ilə sıxılmış qazın ixracı ilə bağlı memorandumlar imzalandığını da nəzərə çatdırmışdır. Ətraflı məlumatına görə ARDNŞ prezidentinə təşəkkürünü bildirən Lord Hunt bu istiqamətdə aparılan işləri təqdir etmişdir. O, həmçinin Bakıya gəlməzdən əvvəl Mərkəzi Asiya respublikalarında səfərdə olduğunu bildirmiş və bu səfərlərdən aldığı təəssüratı bölüşmüşdür. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Azərbaycanda Mərkəzi Asiya karbohidrogenlərinin ölkəmiz üzərindən Avropaya nəqli üçün hər bir şərait vardır və ARDNŞ bu məqsədlə öz infrastrukturlarını təqdim etməyə həmişə hazırdır. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
|