|
Quba bağbanları min bir əziyyətlə yetişdirdikləri almanın xeyli hissəsini çölə atmaq məcburiyyətində qalıb.
Buna səbəb yığılan məhsulu qışın şaxtasından qorumaq üçün lazımi şəraitin olmaması ilə əlaqələndirilir. Fevral ayının sərt şaxtası meyvəçiləri ciddi problemlə üzləşdirib. Həyətdə, adi şəraitdə saxlanan meyvəni şaxta yararsız hala salıb. Məhsulunu yaz aylarında daha sərfəli qiymətə satacağına ümid edən bağbanların zəhməti bu il də hədər gedib. Hər gün tonlarla xarab olmuş meyvə çölə atılır.
İndi Qubanın əksər meyvəçilik kəndlərinin yaxınlığında yüz tonlarla atılmış meyvə xarallarına rast gəlmək olar. Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinin (ƏKTİ) baş məsləhətçisi Ənvər Əliyevin APA-nın şimal bürosuna bildirdiyinə görə, bölgədə meyvəni qorumaq üçün yetəri sayda saxlama kamerası yoxdur. Fəaliyyət göstərən soyuducu anbarlar yığılan məhsulun üçdə birini saxlamaq imkanındadır. Fermerlər isə saxlama kameralarının xidmət haqları ilə razılaşmır. Hər kiloqramına görə 1 manat ödəməli olduğunu deyən bağbanlar çıxarlarının gəlirlərini üstələməsindən narazıdır. Nəticədə isə meyvə xarab olur və çölə atılır. Quba ƏKTİ-dən verilən məlumata görə, mövcud problemin həlli məqsədilə bölgədə yeni meyvə saxlama məntəqələri, həmçinin meyvə emalı müəssisələrinin yaradılması istiqamətində işlər görülür.
|