Təbliğatı gücləndirməyə zərurət var
Azərbaycanda QİÇS-ə yoluxan xəstələrin sayı ildən-ilə azalmaq əvəzinə, əksinə, çoxalır. HİV əsasən yüksək riskli qrupa aid olan narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə QİÇS-ə yoluxma faktı 1987-ci ildə Uqanda vətəndaşında aşkarlanıb və bir müddət bu virusun daşıyıcıları ancaq xarici ölkələrin vətəndaşları olub. O gündən bu günə qədər ölkəmizdə HİV-ə yoluxmuş 2224 nəfər qeydiyyatdan keçib. Bu statistika dünya ölkələri ilə müqayisədə göstərir ki, Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Bəs Azərbaycan əhalisi QİÇS haqqında ətraflı məlumata malikdirmi? Məhz bu sualla paytaxt əhalisi arasında sorğu keçirdik. Təəssüf ki, əksər paytaxt sakini bu haqda çox az bilgiyə malikdir.
Sorğuda iştirak edənlərin fikirləri ilə sizləri də tanış edirik:
Aytən Rzayeva (tələbə): - Bu xəstəlik haqqında TV-də şəkilləri görmüşəm. Bir dəfə də bu xəstəliyə tutulan qızın taleyi haqda çəkilən filmi izləmişəm. Filmdə insan əzabını əks etdirən çox dəhşətli kadrlar vardı. Bizə ancaq bacardığımız qədər qorunmaq qalır, əlimizdən başqa heç nə gəlmir. Amma ümid edək ki, səhiyyə sahəsində çalışanlar xəstəliyin dərmanını tapacaqlar.
Həmidə Babayeva (mədəniyyət işçisi): - Bu gün Rusiyada və bir çox ölkədə yaşayanların hər dörd nəfərindən biri HİV daşıyıcısıdır. Heç kimə də sirr deyil ki, Azərbaycan əhalisinin müəyyən bir hissəsi ölkədən kənarda yaşayır. Demək onların bu xəstəliyə tutulma ehtimalı daha çoxdur. Əgər onlar buna yoluxarlarsa, həmin insanlarla yaxın münasibətdə olanların da yoluxma təhlükəsi var. Sadəcə, hər kəs özünü qorumağa çalışmalıdır.
Adil Kərimov (tələbə): - Ağlım kəsəndən bu xəstəlik haqqında eşitmişəm, amma heç vaxt canlı şahidi olmamışam. Amma bu yaxınlarda bu haqda Azərbaycanda baş vermiş təsiredici bir məlumat eşitmişəm. Belə ki, gənc, həyat eşqi ilə yaşayan nişanlı bir qız bu xəstəliyə tutulub. Virusa damağındakı “kista”nı əməliyyat etdirərkən yoluxub. Və ölüm təhlükəsi ilə üz-üzə qalan qız nişanını da qaytarıb. Bir həkimin səriştəsizliyi ucbatından insan bədbəxt olub. Ona görə də özümüzü maksimum dərəcədə qorumağa çalışmalıyıq.
Nemət Əlizadə (neftçi): - Mənim bu haqda yetərincə məlumatım var, amma mən bu məlumatları KİV-dən deyil, internet vasitəsilə maraqlanıb öyrənmişəm. KİV-də bu haqda məlumat yox dərəcəsində olmasa da, qənaətbəxş də deyil. Əhali insan həyatını risk altında qoyan virus haqqında lazımınca maarifləndirilmir. Bir çox gənc tanıyıram ki, bu xəstəlik haqqında çox qısa, bəzilərinin isə heç bir məlumatı yoxdur. Yerli telekanallarımız vaxt tapsa, bu tip xəstəliklərlə mübarizə yollarını, səbəbləri göstərən verilişlər yayımlayaraq HİV-ə dair məlumatsızlığı aradan qaldırar. Millətin də HİV haqqında bilikləri artar və özünü müdafiə etməyə çalışar.
Ədilə Heydərova (tibb bacısı): - Həqiqətən bu gün QİÇS qorxulu bir xəstəlikdir. Bir çoxları bu xəstəliyin yayılmasında həkimləri günahlandırır. Amma bu xəstəlik insanlara nəinki həkimlərin səhvi ucbatından keçir, eyni zamanda həkimlərin də yoluxma faizi yüksəkdir. Hər dəqiqə nə desən ola bilər. Əlbəttə, işində məsuliyyətsiz olan həkimlər də var ki, ehtiyatsız davranaraq əhali üçün təhlükə yaradır.
Elməddin Baxşəliyev (satıcı): - QİÇS-ə daha çox narkotik istifadə edənlər və əxlaqsız qadınlarla yaxınlıq edənlər yoluxur. Məncə, hər kəs özü özünü qorumalıdır. Virusu yayan elementlərdən, hadisələrdən uzaq olmalıdır.
Məhbubə Qasımova (müəllimə) : - Uzun illərdir insanlar bu xəstəlikdən əziyyət çəkir. Amma bildiyimə görə, hələ də müalicə olunmaq üçün dərmanlar tapılmayıb. Amma bir neçə yol var ki, insan özü özünü o yollarla müdafiə edə bilər. Məsələn, hər bir insan erkən və təsadüfi cinsi əlaqələrdən çəkinməli, narkotikdən uzaq olmalı, həkimlərə, gözəllik salonlarına gedərkən həkimlərin əlcək taxmasına, tibb və bərbər alətlərinin dezinfeksiya olunmasına əmin olmalı, birdəfəlik iynələrdən istifadə etməlidir. Amma təəssüf ki, çox az insan bunlara əməl edir. Sağlam olmaq istəyiriksə, bu qaydalara əməl etməliyik.
Sorğumuzdan da bəlli olduğu kimi, insanları bu xəstəlikdən qorumaq üçün təbliğatı daha da gücləndirmək lazımdır.
Könül Mayılova