Məşhurluğun ən yüksək zirvəsinə çatan şou-biznes təmsilçiləri tək “ulduz xəstəliyi”ndən deyil, narkotik aludəçiliyindən də əziyyət çəkirlər
Narkotik maddə istifadəçisi olduğu üçün həbs edilən Türkiyənin meqa-starı Tarkan Tevetoğlunun yenidən azadlığa buraxılması gündəmin əsas mövzusuna çevrilib. Təkcə ona görə yox ki, Tarkan dünyaca məşhur müğənnidir, həm də ona görə ki, milyonlarla pərəstişkarına sənətini aşağılayan nümunə göstərib. Müğənni iki səhifəlik ifadəsində peşman olduğunu yazıb: «Çox peşmanam. Məndən nümunə götürənlər üçün çox çox pis bir görüntü oldu. Lazım olan dərsi aldım. Türk xalqından üzr diləyirəm». Buna baxmayaraq, məhkəməyə çıxarılan Tarkana həmkarlarından böyük dəstək gəlib. Orhan Gəncəbay: «Əlbəttə, hamımız insanıq, səhv edə bilərik. Səhvdən dönmək də yenə insana yaraşır. Önəmli olan xətanı dərk edib doğru olanı tapmaqdır»-deyə həmkarını müdafiə edib. Sezen Aksu da vəkilinə Tarkanı məhkəmədə müdafiə etmək tapşırığı verib. Nəticədə 60 vəkillə müdafiə olunan meqa-star 2 günlük həbsdən sonra azadlığa çıxıb.
İş ondadır ki, bu, Türkiyədə tanınmış sənətçilər arasında baş verən ilk və yeganə hadisə deyil. Bu yaxınlarda tanınmış sənətçi Dəniz Zəkinin ardınca onun sevgilisi Hüsnü Şənləndirici də həbs olunmuşdu.
Məşhur “asılı”lar
Bütün dövrlərdə dünyanın ən məşhur insanları arasında narkotik istifadəçiləri kimi ad qazananlar olub. Sıralarında narkotik asılılığından həyatları həmişəlik zəhərə dönənlər, şikəst olanlar, dünyasını dəyişənlər və ya ziyanın yarısından qayıdanlar da var.
Dünya şöhrətli psixoanalitik Ziqmund Freyd ilk dəfə kokainin dadına baxanda onun təsirindən dəhşətə gəlib. Bu bitkinin qəbulu alimi depressiyadan uzaqlaşdırıb və onda özünəinam yaradıb. Bundan sonra psixoanalitik kokainin şəfaverici xüsusiyyətləri ilə bağlı bir neçə məqalə ilə çıxış edərək keçirdiyi hisslər barədə ətraflı yazıb. Freydin bu mövzuda sonuncu yazılarında isə artıq kokain barədə əvvəlki heyranlıqları hiss olunmayıb. Buna əsas səbəb yaxın dostu Ernest Fleyşlin artıq “doza”da kokain qəbulundan sonra ölümü olub. Bu faciədən sonra məşhur psixoanalitikə möcüzəvi xüsusiyyətlərinə inandığı kokaindən qurtulması üçün böyük güc və zaman lazım olur.
Amerikalı bəstəkar, "Cazın qara şahzadəsi" Maylz Devisin də narkotiklə bağlı böyük problemləri olduğu haqda məlumatlar var. Narkotik qəbulu bəstəkarın həyatında və yaradıcılığında bir neçə dəfə ağır və çətin dönəmlər yaradıb. Musiqiçi heroindən asılı vəziyyətə düşüb. O, bu asılılıqdan qurtulmaq və yenidən yaradıcılığına davam etmək üçün çox əziyyətə qatlaşmalı olur.
Fransanın tanınmış estrada müğənnisi Edit Piaf ağır yol qəzasına uğrayandan sonra ağrikəsici kimi istifadə etdiyi həblər onun narkotik vasitələrə həvəsini artıtır. Qəzadan az müddət sonra doğmalarından birinin də avtomobil qəzasında həlak olması ilə depressiyaya düşən Edit Piaf spirtli içkilərin və narkotik vasitələrin aludəçisinə çevrilir. Hətta bir dəfə sevgilisi onu intihardan xilas etsə də, uzunmüddətli müalicə istənilən nəticəni vermir. Xərçəng xəstəliyinin ağrıları müğənnini sarsıdanda o, narkotikdən istifadəyə daha çox üstünlük verib.
Dünyaca məşhur yunan opera müğənnisi Mariya Kallas karyerasının zirvəsində ikən, birdən-birə sürətlə arıqlamağa başlayıb. Müğənninin narkotik qəbul etdiyi barədə soz-söhbətlər yayılıb. Narkotik həblərdən istifadə etdiyi bildirilən opera müğənnisinin özü bunu inkar etsə də, sonralar məlum olub ki, bu həblərin aludəçisinə çevrilib.
"Pop-art hərəkatı”nın simalarından olan amerikalı Endi Uorxolin isə hazırda yalnız reseptlə satılan "adderall" preparatından olan həbləri "nanəli konfet kimi" istifadə edirmiş. Tibdə diqqətin toplanması, əmək qabiliyyətinin artırılması kimi keyfiyyətləri ilə tanınan bu həblər məşhurların tələbatını ödəyirmiş. Təbii ki, bu da kənar effektlər ilə nəticələnir- psixi düşkünlük, depressiya, ürəyin fəaliyyətində cətinləşmələr və s. Preparatın orqanizmə sürətlə təsiri, həm də bu təsirin sürətlə ötüb keçməsi kimi özəlliyi qəbul edənlərin bu həblərə aludəciliyini yaradır. Endi Uorxal da bu həblərin əsiri kimi tarixə düşür.
Tanınmış Amerika dramaturqu Trumen Kapotenin də sürdüyü tüfeyli həyat tərzinin əsas səbəbi narkotiklə əlaqələndirilir. Yazıçı tez-tez stress keçirib, isterik vəziyyətlərə düşüb. Ölümündən sonra məşhur yazıçının qanında aşkar edilən narkotik onun ölümünün əsas səbəbi kimi göstərilib.
Ürəkaçmayan mənzərə
Əgər müasir dövrdən söhbət açsaq, yenə də mənzərənin ürəkaçan olmadığını görərik. Fredi Merkuri, Merilin Monro, Elvis Presli, «DOORS» qrupunun yaradıcısı və solisti Cim Morrison, supergitaraçı Cimmi Hendriks, Hollivud ulduzu Conni Depp kimi məşhur sənətçilər narkotik asılıları kimi tanınıblar. İki dəfə “Qremmi” mükafatçısı Corc Maykl üzərində bir neçə dəfə narkotik tapıldığına görə polislər tərəfındən gözaltına alınıb və çox keçmədən sərbəst buraxılıb.
Rusiyanın tanınmış müğənnisi Murad Nasırov dünyasını dəyişəndə onun vaxtsız vəfatı bir şox ölkənin mətbuatında hallandı. Belə hesab edirirdi ki, rus estrada ulduzunun ölümünə narkotik maddələr səbəb olub. Belə ki, o, həddindən artıq uyuşdurucu qəbul etdikdən sonra özünü yaşadığı binanın beşinci mərtəbəsindən ataraq intihar edib. Ötən il dünyasını dəyişən musiqi kralı Maykl Ceksonun ölümündə də narkotiklərin rolu vurgulanır.
İş ondadır ki, bizim şou-biznes nümayəndələri arasında da narkotik maddə istifadəçilərinin olduğu istisna deyil. Bu barədə KİV-də mütəmadı yer alan məlumatları heç də şayiə adlandırmaq olmaz.
Məsələn, bir neçə il bundan əvvəl müğənni Elçin Cəlilov dünyasını dəyişəndə onun yüksək miqdarda narkotik maddə qəbul etdiyi barədə söz-söhbətlər gəzdi. Hərçənd ailə üzvləri bu xəbəri təkzib etdi. İki il bundan əvvəl reper Hüseyn Dəryanın üzərindən heroin aşkar edildi və o həbs olundu. “Ən azından özümü ona görə günahkar bilirəm ki, balalarımın boğazından kəsmişəm. Onların çörək pulunu narkotik vasitələrə xərcləmişəm. İnternetdə narkotik istifadə etməyimlə bağlı yerləşdirilən videogörüntünü izləyərkən çox məyus oldum. Belə bir hadisənin baş verəcəyini gözləmirdim. İnsanın hər hansı bir vasitə ilə alçaldılmasını yaxşı hal hesab etmirəm. Həm yaradıcılığımdan uzaqlaşdım, həm də özüm-özümdən. Nəticəsi də düşdüyüm durum oldu. Həm həyat yoldaşımı, həm oğlumu, həm də pərəstişkarlarımı məyus etmişəm. Problemlərdən özümü azad etməyə çalışarkən, işin bu yerə çatacağını ağlıma belə gətirmirdim. Etiraf edirəm ki, mən iradəsizliyimin qurbanı olmuşam. Yayılan görüntülərə görə isə hər bir kəsdən üzr istəyirəm. Artıq bu səhvləri bir daha təkrar etməyəcəyəm"-deyə reper peşmançılığını dilə gətirib.
Rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin də narkotikdən istifadə etmələri ilə bağlı mətbuatda yazılar yer alır. Hətta Elşad Xose narkotik gəzdirdiyinə görə suçlanaraq həbs olunsa da, sonradan azadlığa buraxılib.
Eləcə də iki il bundan əvvəl “Ekstazi əməliyyatı” ilə bağlı ölkə şou-biznesinin kifayət qədər tanınmış müğənnilərinin adı hallandı. Hətta şou-biznes nümayəndələrinin adlarının bu kimi cinayətlərdə hallanması son vaxtlar demək olar ki, adi hal alıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 14 nəfərlik dəstə üzvləri sırasında skripka ifaçısı Ramin Həsənovun adı vardı. O, vaxtilə Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovanın ansamblında çalışıb. Ona görə də Xalq artistlərinin adı cinayət hadisəsində birbaşa olmasa da, dolayısı ilə hallandı. Müğənni Röyanın da adı kənarda qalmadı. Həmin əməliyyatla bağlı məhkəmə zamanı təqsirləndirilən şəxslər gənc müğənnilərdən Tunar və Zamiqə də narkotik satdıqlarını bildiriblər. Narkotik istifadəçiləri arasında bəzi qadın müğənnilərin də adı hallanır.
Ziyanın yarısı
Yuxarıda qeyd etdiyim kimi, bu dəhşətli bəladan vaxtında yaxasını qurtaranlar da var. Məsələn, məşhur İran müğənnisi Daryuş İqbali narkomaniya ilə mübarizə üçün ictimai fəaliyyətə başlayıb və “Ayna” adlı fond təsis edib. “Narkotik maddələrə aludə olmuş insan onun zərərlərini başa düşən sonuncu şəxsdir. Onun yaxınları o şəxsin necə bəlaya düşdüyünü bilir, lakin şəxs özü onu dərk etmir. Mən narkotik maddələrinin necə bəla olduğunu bilmədiyim üçün ona aludə olmuşdum. 8 il öncə bu bəladan qurtardıqdan sonra əhaliyə maarifləndirici məlumatlar vermək məqsədi ilə bir necə dostumun köməyi ilə bu fondu yaratmışam” – deyə müğənni zərərin yarısından qayıtdığını etiraf edib.
Xanəndə Alim Qasımov isə müsahibələrinin birində adının narkotik istifadəçisi kimi hallandığını etiraf edib: “Bəzən deyirlər ki, Alim hallıdı, o, ancaq narkotik maddə qəbul etməklə bu hallara gələ bilər. Bəzən toylarda mənə narkotik də təklif edirlər, mən də xətirlərinə dəymirəm, deyirəm «əşi, varımdı, narahat olmayın». Çünki insanlar görüb ki, müğənni dik oturmalıdır və s. Mənim oxunuş tərzim ola bilsin ki, qəribə gəlsin, buna görə mən heç kimi qınamıram. Amma bu da bir eşqdir, özü də ilahi bir eşqdir. İndi insanıq, ola bilər ki, o şeylərdən hardasa qəbul eləmişik, amma ondan sonra mənim nəinki oxumaq, heç söhbət etməyə də amanım olmayıb. İçkini hamı içir. İçəndən sonra muğam oxumaq yox, heç meyxana da deyə bilməmişəm. Yəni şükür allaha, məndə belə şeylər alınmır”.
Nümunə
Televiziya evlərimizin çağırılmamış qonağıdır – bu, heç kəsə sirr deyil. Hər gün efirdən ən çox yayımlanan isə müğənnilərin həyatının hər üzünü reklam etdirən “maqazin” verilişləridir. Böyüyən nəsil onlar kimi bahalı maşınlarda gəzmək, onlar kimi dəbdəbəli evlərdə yaşamaq, onlar kimi geyinmək və s. istəyir. Sənətə ayaq basan gənclər də az qala oxu tərzlərində onlara oxşamağa çalışırlar. Amma hər gün efirdən boylanan Rəqsanənin ailəsinin adı qadin alverində, yuxarıda sadaladığım digər müğənnilərin adı zərərli vərdişlərdə hallanırsa, hansı örnəkdən danışmaq olar? Hələ kim bilir eşitmədiyimiz nə qədər nümunələr var. Belə çıxır ki, özümüz bilə-bilə pis nümunələri cəmiyyətə təlqin edirik. Yetişən nəsil onlardan hansı nümunəni götürəcək? İstər dünyaca məşhur Tarkan olsun, istərsə də Karib dənizinin məşhur “qulduru” – Conni Depp. Sənətlə şəxsiyyətin təmizliyi harmoniya yaratmalıdır. Yalnız onda əsl nümunədən danışmaq olar.
Təranə MƏHƏRRƏMOVA