Martın 1-də Gənc Tamaşaçılar teatrında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) 90 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov təbrik nitqilə çıxış edərək bildirib ki, "AzərTac" ötən 90 il ərzində Azərbaycan dövləti ilə bərabər bütün ictimai-siyasi, iqtisadi, mədəni inkişafın şahidi olaraq addımlayır. İnanıram ki, agentlik bundan sonra da öz şərəfli fəaliyyətini davam etdirəcək, ölkəmizin nailiyyətlərini, problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.
Daha sonra çıxış edən “AzərTac”-ın baş direktoru Aslan Aslanov tədbir iştirakçılarını və xaricdən gələn media rəhbərlərini salamlayaraq agentliyin keçdiyi inkişaf yolu, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edək ki, tədbirdə həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, “İTAR-TASS”-ın baş direktoru Vitali İqnatenko, "Anadolu Agentliyi"nin baş direktoru Hilmi Bengi və başqaları çıxış edərək “AzərTac”-ın kollektivini 90 illik yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
|