Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rəşad Məcid: “Rasim Qaracaya və o tipli adamlara səmimi qəlbdən nifrət edirəm”
Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Milli.Az xəbər portalına müsahibəsini ixtisarla təqdim edirik

- Rəşad müəllim, vəziyyətiniz necədir?

- Vəziyyətim normaldır, hər şey qaydasındadır.

BİZİM QƏZETLƏRİN ÇOXU ZƏİF VƏ KASIBDIRLAR

- “525-ci qəzet”in vəziyyəti necədir?

- “525-ci qəzet”də də işlər elə həmişəki kimi gedir. Amma əgər, qəzetin iqtisadi vəziyyəti ilə bağlı soruşursansa, mən elə son bir neçə ildə daima demişəm ki, Azərbaycanın iqtisadi inkişafı ilə qəzetlərin və ya bütövlükdə medianın indiki vəziyyəti adekvat deyil. Bizim qəzetlərin çoxu zəif və kasıbdırlar, jurnalistlər qəpik-quruşa işləyirlər…

- Reklam gəlirləriniz niyə azaldı? Maliyyə böhranının təsiri oldu, yoxsa başqa səbəblər var?

- Böhranın təsiri hiss olunmağa başlayanda bizim əsas reklam verənlərimiz olan banklar reklamı dayandırdılar və bu da istər-istəməz təsir elədi. İndi də ilin əvvəli olduğuna görə, problemlər hələ ki davam edir. Amma hesab edirəm ki, biz bu vəziyyətdən tezliklə çıxacağıq.

- “525-ci qəzet” olaraq, böhrandan çıxmaq üçün nə edirsiniz?

- Biz qəzetlə bərabər, müxtəlif layihələr üzərində işləyirik. “525 kitab” seriyasından kitabların dərci ilə bağlı bir çox özəl və dövlət strukturları ilə işləyirik, layihələrimiz var, kitablar çap edirik. Bu da müəyyən dərəcədə qəzetin iqtisadi vəziyyətinə müsbət mənada təsir edir.

BİZİM ARTIQ QOCALMAQDA OLAN GƏNCLƏRLƏ XEYLİ SÖHBƏTLƏR APARDIM

- Rəşad müəllim, siz həm də Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibisiniz. AYB-də işlər necədir? Yeni istedadlı gənclər gəlir?

- Təxminən 3-4 il əvvəl mən AYB-yə müxalif bizim artıq qocalmaqda olan gənclərlə xeyli söhbətlər apardım, onları AYB-nin üzvlüyünə dəvət elədim. Amma təəssüf ki, bu cəhdlərim alınmadı. Biraz pessimist vaxtlarım var idi. Amma sonradan həm AYB-nin gördüyü işlər, həm də Mədəniyyət və Turizm Nazirliyinin gənclərə diqqətinin artması sayəsində “Gənc ədiblər” məktəbi fəaliyyətə başladı. Onun üzvləri arasında xeyli istedadlı cavanlar var - bir nasir Elxan Qaraqan, bir şair Qismət gələcəkdə Azərbaycan ədəbiyyatını layiqincə təmsil edəcək səviyyədə talanta sahibdirlər. İnanıram ki, istadadlı gənclərimiz bundan sonra da AYB-yə üzv olacaqlar. AYB-yə üzv olmaqda qorxulu bir şey yoxdur. Təəssüf edirəm ki, vaxtilə bizim bəzi, yenə deyirəm, indi qocalamaqda olan gənclərimiz AYB-ni tərk ediblər və dövlətin də yazıçılar üçün ayırdığı bir çox imtiyazdan istifadə edə bilmirlər.

- Müsahibələrinizdən birində demişdiniz ki, AYB-dəki 1000 nəfərdən 800-ü istedadsız adamlardır və AYB xeyli islah olunmalıdır. Bu, 2007-ci ildə olmuşdu. Aradan keçən üç ildə islah oldu AYB?

- Bilirsiz, bunu mən bir şəkildə deyirəm, Anar müəllim bir başqa şəkildə deyir. Mən dedim 1000-dən 800-ü istedadsız adamlardır, Anar müəllim də demişdi ki, 1200 adamdan 200-ü ciddi yaradıcılıqla məşğul olur, amma o 1000 adam haqqında bunu demək olmaz. Bu, o demək deyil ki, biz o 1000 nəfəri qırağa ataq, AYB-nin üzvlüyündən uzaqlaşdıraq. Mən əvvəl bu məsələdə bir az aqressiv idim. Sonra düşündüm ki, bu adamların AYB-nin üzvü olmasının hansı ziyanı var? Onsuz da Azərbaycan ədəbiyyatını qabağa aparan istedadlı adamlar azdır və bu adamların kimliyi də bəllidir. Bu baxımdan mən AYB-dəki adamların da bir ziyanlı tərəfini görmürəm.

- Bəs o göstərici indi hansı nisbətdədir? Üzvlərinizin neçə faizi istedadlı adamlardır?

- Hazırda AYB-nin 1400 nəfərə yaxın üzvü var. Bunların da yenə təxminən 200 nəfəri istedadlı və fəal yaradıcılıqla məşğul olan adamlardır. Son illərdə biz 50 nəfər gənc qəbul etmişik. Hesab edirəm ki, onların ən azı 20 nəfəri istedadlı uşaqlardır. Düzdür, bəzi adamlar sırf ondan ötrü gəlirlər ki, prezidentin sərəncamı ilə verilən təqaüdləri alsınlar. Amma biz bunun da qarşısını müəyyən məhdudiyyətlərlə almağa çalışırıq. Məsələn, yaşlı nəsil üçün ən azı 5 il AYB üzvü olmalısan, təqaüd ala bilmək üçün. Gənc yazıçılar üçün kriteriyalar biraz fərqlidir. Ötən il “Gənc ədiblər” məktəbinin bir çox üzvü təqaüd aldı. Mən hesab edirəm ki, bu, gənc yazar üçün bir stimuldur. Amma gənclər də bunlarla arxayınlaşmalı deyillər.

MƏN AYB-NİN ƏN GƏNC KATİBİYƏM

- Bəs siz özünüzü hansı sırada görürsünüz, istedadlı azlığın, yoxsa passiv çoxluğun?

- Mən hesab edirəm ki, özüm barədə deməyim yaxşı çıxmaz, kənardan obyektiv insanlar qiymət versələr daha yaxşı olar. Təəssüf edirəm ki, son illərdə bədii ədəbiyyatla məşğul ola bilməmişəm. Mən daha çox gənclik illərində yazmışam. Hekəyə yazdım və 10-dan çox dilə tərcümə edilərək böyük uğur qazandı.

- Artıq 45 yaşı adlamısınız. Sizcə, 45 yaşlı Rəşad Məcid AYB-nin Gənclər üzrə katibi olmaq üçün yaşlı deyil ki?

- Mən AYB-nin ən gənc katibiyəm və əvvələr də gənclər üzrə katib postu yox idi. Həmçinin, əvvəlki illərdə bu yaşda Yazıçılar Birliyinin katibi olmaq hər adama müəssər olmurdu. Mən gənclərlə işləməkdən zövq alıram.

- AYB-nin Baş katibi postuna iddianız yoxdur ki?

- Hamıdan çox Anar müəllim özü AYB-nin sədri olmağı haqq edir. Mən şəxsən bunun tərəfdarıyam ki, növbəti qurulatayda da Anar müəllim Yazıçılar Birliyinə sədr seçilsin.

- Rəşad müəllim, nə vaxt deputat olacaqsınız?

- Bu yaxınlarda bir qəzetdən mənə sual verdilər ki, bu il deputatlığa namizədliyinizi verəcəksiniz? Deyirəm qərar verməmişəm hələ. Deyir gecikirsiniz. Mən də zarafatla bildirdim ki, mən üç dəfə namizəd olmuşam, bilmirəm gecikirəm, yoxsa yox?! Qərarımı may ayından sonra verəcəm.

- Haqqınızda yazılan tənqidlərə aqressiv münasibət sərgiləmirsiniz ki?

- Əgər o yazıda birmənalı şəkildə təhqir yoxdursa, mən dözümlü yanaşıram. Xüsusən də gənclər tənqid edəndə. Özüm də sən deyən, “az aşın duzu deyiləm”. Elə gəncləri də, qocaları da üzlərinə qarşı tənqid edirəm. Gənclərdə də bu tənqidə, bəyənməzliyə, mübarizliyə təbii baxıram. Bunlar da olmalıdı. Olmasa həyat irəli getməz.

- Sizi də ən çox AYO-çular tənqid edir...

- Bilirsən, mən o adamlara siyasi fəaliyyətlə məşğul olmaqdansa, siyasətçilərin əlində oyuncağa çevrilməkdənsə, həqiqi bədii yaradıcılıqla məşğul olmağı tövsiyə edərdim. Çünki vaxt keçəcək, onlar görəcək ki, kisədə heç nə yoxdur. Bu günlərdə Rasim Qaracanın 50 yaşı tamam oldu. Cavanların bəzilərinin bu haqda yazısını oxudum. Mən əvvəl biraz sakit yanaşırdım. Amma indi baxıram ki, Rasim Qaraca Azərbaycan ədəbiyyatına çox böyük zərbə vurub. Əvvəla, insani münasibətləri öz şəxsi məqsədləri üçün, özünün ədəbiyyatçı kimi zəif istedadını pərdələmək üçün istifadə elədi. İkincisi də ki, cavanlar üçün də yaxşı nümunə olmadı. İndi cavanlar gəlirlər, elə bilirlər Rasim Qaraca dəyərli bir şairdir, istəyirlər ondan nəsə öyrənsinlər. Amma Rasim Qaraca ortabab bir şairdir. Və onun Azərbaycan ədəbiyyatına, münasibətlərə vurduğu ziyanın ağrısını, hesab edirəm ki, hələ çox çəkəcəyik. Bu da pis bir şey oldu ki, bizim cavanlar ədəbiyyatla məşğul olmaq, ədəbi metodları, ədəbi yaradıcılıqlarını zənginləşdirmək əvəzinə başladılar intriqalara, Rasim Qaracanın yoluyla getməyə, ona-buna çirkab atmağa. Bunun da nəticəsi o oldu ki, ortaya ciddi bir əsər qoyulmadı. Səbəb də odur ki, o uşaqların içindəki çirkab süni olaraq, o qədər qabardıldı ki, imkan vermədi yaxşı bir şey yaratmağa. Mən AYO-çuların bu günlərdə çıxan kitablarının hamısını oxumuşam.

GÖRÜRSƏN Kİ, DAVA YORĞAN DAVASIDIR

- Rəşad müəllim, AYO-dakı gənclər AYB-yə üzv olmayıb nə itirdilər və üzv olmadılar nə qazandılar?

- Mən ümumiyyətlə, gənclərin belə birləşib ədəbi təşkilat-filan yaratmaqlarına çox normal baxıram. Hesab edirəm ki, onlar AYO-da toplaşıb heç kimə sataşmadan, söymədən özlərini cəmiyyətə yaxşı mənada təqdim edə bilərdilər. Yəni öz yazıları ilə, hadisələrə obyektiv baxışları ilə, özlərinin də tez-tez dedikləri kimi, vicdanlı mövqeləri ilə cəmiyyətin ehtiramını qazanacaqdılar. Amma onlar o yolu tutdular ki, o yol şər və böhtan yoludur. Əslinə qalanda, tutaq ki, onlar Anarı və AYB-ni qınayırlar ki, siz niyə dövlətdən vəsait alırsınız, ancaq bunun müqabilində açıq-aşkar görünür ki, deyirlər ki, siz almayın, gedin, biz alaq. Yəni, sən əgər hökümətin verdiyi imtiyazlardan narazısansa, niyə bunları ürəyindən keçirirsən? Görürsən ki, dava yorğan davasıdır, həm də daha çox qadağan olunmuş metodlarla aparılan mübarizədir. Mən bu mübarizənin başında dayanan Rasim Qaracaya və o tipli adamlara son vaxtlar səmimi qəlbdən nifrət edirəm.

- Siz həm də Milli Kitab Mükafatı müsabiqəsinin münsiflərindən birisiniz. Azərbaycan boyda ölkədə bir müsabiqəyə 265 əsərin təqdim olunması nə qədər normaldır?

- Biz çalışdıq ki, 265 əsərin içindən seçim edərkən tam şəkildə obyektiv yanaşaq. Məncə, nəticə də qənaətbəxş oldu. Artıq Nigar xanım, ilk onluqdakı əsərləri təqdim edib bizə. Aprelin 15-nə qədər bütün əsərlər oxunub rəy bildirilməlidir.

- Sizin favoritiniz hansı əsərdir?

- Bunu deməyim düzgün olmazdı…


Anar Gəraylı
+  -  Çap 
Yerləşdirilib: 02.03.10 | Baxılıb: 275

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •