Martın 4-də ermənilərin qondarma soyqırımı iddiaları ilə bağlı Konqresdə keçiriləcək müzakirələr Türkiyə ilə Ermənistan arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirib
Tərəflər qarşılıqlı ittihamları bir an belə dayandırmırlar. Bu dəfə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanla yanaşı ABŞ-ı da xəbərdarlıq edib. Avropa Birliyi İslahatlarının Monitorinq Qrupu toplantısından sonra jurnalistlər Ərdoğana ABŞ Konqresində martın 4-də səsverməyə çıxarılacaq saxta erməni soyqırımı iddialarının tanınmasına dair qətnaməni xatırladıblar. Baş nazir bu məsələ ilə bağlı ABŞ-la intensiv müzakirələr apardıqlarını söyləyib:
“Millət vəkili dostlarımızın bir qrupu hazırda ABŞ-dadır. Proses davam edir. Bizim mövqeyimiz bəllidir. İsveçrədə Ermənistanla başlanan normallaşma prosesi davam edir. Qarşılıqlı xoş niyyət davam edərsə, nəticə ələ edəcəyimizə inanıram. Əgər martın 4-də, aprelin 24-də yanlış addım atılsa, bu, normallaşa prosesini baltalayar. Zənn edirəm ki, Konqres üzvləri bu həssas məsələni diqqətdə saxlayacaqlar”.
Baş nazirin ardınca xarici işlər naziri Əhməd Davudoğlu da bəyan edib ki, Konqresdə “erməni soyqırımı” məsələsinin müzakirəyə çıxarılması təsadüfi deyildir: “Belə ki, bu, Ermənistan tərəfindən planlaşdırılıb”. Davudoğlunun sözlərinə görə, bu fakt Türkiyəyə təzyiq kimi istifadə olunur. O, həmçinin qeyd edib ki, ötən ilin avqustunda Ankara tərəfindən protokolların imzalandığı zaman bununla bağlı heç bir təzyiq göstərilmirdi. Davutoğlu bildirib ki, qondarma soyqırımı müzakirəyə çıxarmaq nə Türkiyənin, nə ABŞ-ın, nə də Ermənistanın maraqlarına cavab vermir.
Nazir “Rossiya v qlobalnoy politike” jurnalında dərc edilən məqaləsində Dağlıq Qarabağ münaqişəsi haqda fikirlərini açıqlayıb. Nazir bildirib ki, məhz Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağının işğalı Azərbaycanın və Cənubi Qafqazın potensialından tam istfadə olunmasına imkan vermir. Davudoğlu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Soçidə keçirilmiş son görüşündə əldə olunan irəliləyişin vacibliyini vurğulayıb. O, hesab edir ki, ATƏT-in Minsk qrupu münaqişənin həllinə nail ola biləcək yeganə beynəlxalq strukturdur. Ermənistan-Türkiyə münasibətlərinə də toxunan Ə.Davudoğlu bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllində konkret addımların köməkliyi ilə inkişaf etdirilməlidir.
Yeri gəlmişkən, Ərdoğanın qeyd etdiyi kimi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin iki heyəti ABŞ-da səfərdədir. Onlardan birinə komitənin sədri Murad Mərcan rəhbərlik edir. Vaşinqtona yola düşməzdən öncə Mərcan bildirib ki, Konqresdə müzakirə ediləcək 1915-ci il hadisələri Türkiyə-ABŞ münasibətlərinə zərər vuracaq. Nümayəndə heyətinə AKP üzvü Abdulla Çalışkan və Şaban Dişli, müxalifətdən isə Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən Türkiyənin ABŞ-dakı sabiq səfiri Şükrü Ələkdağ və Milliyyətçi Hərəkat Partiyasını (MHP) təmsil edən Mithət Melen daxildir. Heyət ABŞ prezident administrasiyasında, Dövlət Departamentində, Konqresdə və düşüncə mərkəzlərində görüşlər keçirəcək. İkinci heyət isə Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarətdir. Heyətə qrupun sədri, AKP liderinin xarici əlaqələr üzrə müavini Suat Kınıklıoğlu rəhbərlik edir.
Bu arada isə Türkiyə Xarici İşlər Nazirliyi martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə ediləcək “erməni soyqırımı”na dair qərar layihəsi ilə bağlı Vaşinqtona rəsmi xəbərdarlıq ünvanlayıb.
“CNN Türk”ün yaydığı verdiyi xəbərə görə, Türkiyə XİN-in sözçüsü Burak Özügərgin layihənin komitənin gündəminə daxil edilməsini təəssüf hissi ilə qarşıladıqlarını açıqlayıb: “Əsassız soyqırım iddialarına dəstək verən 252 saylı qərar layihəsinin Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə alınmasını təəssüflə qarşıladıq. Bu mövqeyimizi müxtəlif səviyyəli ABŞ səlahiyyətlilərinə bildirdik. Komitənin Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələrə zərər verəcək və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səyləri axsadacaq layihəni rədd etməsini gözləyirik. Komitə üzvlərinin layihənin qəbulunun ABŞ-Türkiyə əlaqələrinə və Cənubi Qafqazdakı sülh, sabitlik cəhdlərinə verəcəyi zərəri dərk etdiklərinə və bu baxımdan məsuliyyət hissi ilə addım atacaqlarına inanmaq istəyirik”.
Bu arada isə ABŞ-ın CBS telekanalında yayımlanan məşhur “60 Minutes” xəbərlər proqramı, Konqresin Nümayəndələr Palatasının xarici münasibətlər komitəsində müzakirəyə çıxarılacaq qondarma erməni soyqırımı haqqında qanunla bağlı xüsusi reportaj verib. Xəbərlərin aparıcısı Bob Simon “soyqırımı” sözündən istifadə etməsə də, onun verdiyi şərhlər kritik səsvermədən əvvəl Türkiyəni çətin vəziyyətə salıb.
Reportajda Suriyanın Deur Ezzor bölgəsinə diqqət yönəldilib və burada 450 min erməninin öldürüldüyü iddia edilib. “Qətliamın dəlilləri hər yerdədir, dəlilləri tapmaq üçün yalnız torpağı bir az qazmaq lazımdır”, deyə bildirilib. Müsahibə verən bəzi ermənilər isə Hitlerin yəhudi soyqırımı üçün 1915-ci hadisələrindən ilham aldığını deyiblər.
“Ermənilərin mağaralarda ölümə tərk edildiyi” iddia edilərək, almanların İkinci Dünya Müharibəsi zamanı yəhudi soyqırımında istifadə etdikləri qaz otaqları üçün bu mağaralardan örnək götürdükləri deyilib. Xəbərdə daha sonra bildirilir ki, 95 il əvvəl baş verənlər bu gün yalnız Ermənistan ilə Türkiyə arasında deyil, Vaşinqtonda Ağ ev ilə Konqres arasında da mübarizə mövzusu olub; prezident Barak Obamanın seçki kampaniyası ərəfəsində “soyqırımı” sözünü istifadə etməsinə baxmayaraq, Ağ evə yerləşdikdən sonra Türkiyə ilə əlaqələri nəzərə alaraq bu sözü istifadə etməkdən qaçındığı ifadə edilib.Xəbərdə Türkiyənin regional bir super güc olduğu, Amerikanın İraq və Əfqanıstan cəbhələri üçün hərbi təchizatın 70 faizini Türkiyə üzərindən həyata keçirdiyi qeyd olunub. Proqramda Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Nabi Şensoy və İstanbulda qətlə yetirilən erməni jurnalist Hrant Dinkin qızı Delal Dinkdən alınan müsahibələrə də yer verilib.
Azər NURİYEV