Əhməd Davudoğlu: “Türkiyə olaraq sərhədlərin, işğalların, qarşılıqlı stereotiplərin olmadığı, sülhün, rifahın və sabitliyin mövcud olduğu bir Qafqaz arzulayırıq”
Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Kiyevdə 1 saat davam edən görüşdən sonra jurnalistlərə açıqlama verən Ə. Davudoğlu S. Sarkisyanla ətraflı söhbət etdiklərini, Qafqazdakı vəziyyəti, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılmasını səmimi, dostyana müzakirə etdiklərini deyib. Bu görüşün Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarından sonra S. Sarkisyanla ilk təmas olduğunu diqqətə çatdıran nazir daha əvvəl həmkarı Edvard Nalbandyanla da bu məsələni müzakirə etdiyini xatırladıb: “Bu gün Sarkisyanla Türkiyə-Ermənistan normallaşdırma prosesinin bütün tərəflərini və narahatlıq duyduğumuz mövzuları, qarşılıqlı çətinliklərimizi çox açıq şəkildə nəzərdən keçirdik. Ermənistan-Azərbaycan münasibətlərini və Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ məsələsinin həlli prosesini də müzakirə etdik. Bu cür təmasların böyük faydası var. Təmaslar davam etdikcə qarşılıqlı anlaşılmazlıqlar aradan qaldırılır, qarşılıqlı çətinliklər daha asan dərk edilir, bir-birimizə yardım edə biləcəyimiz məqamlar nəzərdən keçirilir. Bir-birimizi düzgün anlamağımız və birbaşa əlaqə çox önəmlidir. Türkiyənin narahatlıqları, düşüncələri ilə birlikdə bizim bölgənin gələcəyi ilə bağlı mövqeyimizi də hörmətli Sarkisyana çatdırmaq imkanı əldə etdim. Türkiyə olaraq sərhədlərin, işğalların, qarşılıqlı stereotiplərin olmadığı, sülhün, rifahın və sabitliyin mövcud olduğu bir Qafqaz arzulayırıq”. Diplomatik mənbələr görüşdə hər iki tərəfin protokolların imzalanması ilə başlayan prosesə sadiqliklərini təsdiqlədiklərini bildiriblər.
|