Türk dünyasının böyük oğlu İhsan Doğramacı vəfat edib
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qurucu sədri, Azərbaycanda yaxşı tanınan Bilkənd Universitenin yaradıcısı İhsan Doğramacı fevralın 25-də vəfat edib. 2009-cu ilin iyul ayından Hacettəpə Tibb Fakültəsində müalicə olunan İ.Doğramacının dəfn mərasimi bazar günü - fevralın 28-də olacaq. İngilis, fransız, alman, ərəb və fars dillərini bilən İ.Doğramacı evli və 3 uşaq atası idi. Azərbaycanın yaxın dostu kimi də tanınan alim 1915-ci il aprelin 3-də İraqın Ərbil şəhərində anadan olub. O, ilk təhsilini Ərbildə türk dilində aldıqdan sonra Beyrutda Amerika Universitetinə bağlı Beynəlmiləl Kollecdə tamamlamışdı. Sonra isə İstanbul Universitetinin tibb fakültəsini bitirmişdi. 1971-ci ildə Londonda Kral Tibb Kollecinin üzvü olan alim 1947-1954-cü illərdə Ankara Universitetinin tibb fakültəsində müəllim, dosent və professor olaraq çalışıb. İ.Doğramacı 1955-67-ci illərdə Ankara Universitetində uşaq sağlığı professoru kimi çalışıb. 1967-1981-ci illərdə Hacettəpə Universitetinin tibb fakültəsində insanlara xidmət göstərib. 1963-65-ci illərdə Anakara Universitetinin rektoru olub. O, Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti də daxil olmaqla dünyanın bir çox universitetlərinin – Helsinki, Qlazqo, Qahirə, Ayn Şəms, Tokio, Soka, Santo Dominqo, Nebraska və sairin də fəxri doktoru idi. İ.Doğramacı həm də dünyanın bir çox beynəlxalq akademiyalarının və pediatriya cəmiyyətlərinin üzvü kimi tanınırdı. O, dünyanın 224 ölkəsinin orden, medal və nişanlarına layiq görülmüşdü. Bunların arasında Türkiyənin ən yüksək «Dövlətə üstün xidmət» medalı da var idi. İ.Doğramacı Türkiyədə bu medala layiq görülən dördüncü şəxs idi. Qeyd edək ki, İ.Doğramacı Türkiyədə və türk dünyasında bir çox ilklərə imza atmışdı. O, Türkiyənin ilk özəl universitetini (Bilkənd Universiteti), YÖK-ü təsis etmiş, Türkiyənin əksər universitetlərinin tibb fakültələrinin yaradıcısı olmuşdu. Ümumiyyətlə, o 95 illik ömrünü bütünlüklə Türkiyədə təhsil sisteminin inkişafına, səhiyyə islahatlarına həsr etmişdi. Bütün bu işləri görmək təbii ki, bəxt, bacarıq və qabiliyyət tələb edirdi. Bütün bunların hamısı isə İ.Doğramacıda var idi. O, yaradanın bu payından yetərincə bəhrələnmişdi. Onun həyatdakı amalı Türkiyənin təhsil sistemini müasirləşdirmək və bunun sayəsində Türkiyəni inkişaf etmiş qabaqcıl ölkələr sırasına çıxarmaq idi. İhsan bəy bütün dünyada görkəmli elm adamı, islahatçı kimi tanınrdı. İ.Doğramacının dünyada təhsil və səhiyyə sahəsində fəth etmədiyi zirvə yox idi. İ.Doğramacı bir fenomen idi desək, yanılmarıq. Ona Türkiyədə «Abidə insan», «Olay insan», «Kompyuter insan», «Xəyallarını gerçəkləşdirən insan», «Dövlət kimi adam», «Universitetlər quran insan», «Fenomen» kimi ləqəblər verilmişdi. Elm adamlarının qənaəti belədir ki, İ.Doğramacının dəyəri gələcəkdə daha ciddi şəkildə veriləcək. İ.Doğramacı həyatı boyu insanların ürəyini fəth edən addımlarıyla yadda qalmışdı. Ömrünün sonuna qədər də bir sıra önəmli vəzifələrdə çalışdı. O, son olaraq qonşusu olduğu Bilkənd Universitetinin Heyət Başkanlığını, Türkiyə və Beynəlxalq Uşaq Sağlamlığı Mərkəzinin, YUNİSEF-in Türkiyə Milli Komitəsinin rəhbərliyi, Beynəlxalq Pediatriya Qurumunun fəxri prezidenti vəzifələrini həyata keçirirdi. Onun elmi fəaliyyəti də çox diqqətçəkicidir. İ.Doğramacı fəaliyyəti boyu ixtisası ilə bağlı 80-dən artıq elmi məqalə ilə çıxış edib. Bu məqalələr uşaq səhiyyəsi və tibb təhsili ilə bağlı olub. Onun «Uşaq baxımı» və «Ananın kitabı» adlı kitabları da çox məşhur olub. Bu kitablarda professor anaların uşaqlara düzgün qulluq qaydalarını işıqlandırıb. «Uşaq baxımı» kitabı Türkiyədə 3 dəfə kütləvi tirajla çap olunub və anaların stolüstü kitabına çevrilib. Dünya şöhrətli alim həm də uzun illər ABŞ, İngiltərə, Almaniya və İsveçrədə çıxan tibb jurnallarının redaktoru olub. Fəaliyyəti boyu İ.Doğramacı xeyriyyəçilik fəaliyyətiylə də məşğul olub. O, İstanbulda «Doğramacızadə Ali Paşa» adlı məscid inşa etdirib. Professor hələ sağlığında «İhsan Doğramacı Sülh Vakfı» və Erbil Vakflarını yaratmışdı. Bu fondların əsas məqsədi təhsil, mədəniyyət və səhiyyə fəaliyyətlərinə dəstək vermək idi. O anadan olduğu Ərbilin inkişafı üçün də əlindən gələni edirdi. Məhz İ.Doğramacının təşəbbüsü ilə Ərbildə «Ərbil Türkmənləri Litseyi» qurulmuşdu. İ.Doğramacı türk dünyasının görkəmli simalarından biri olmaqla yanaşı, İraq türkmənlərinin də güvənc yeri idi. Türk dünyasının böyük oğlu həm də Azərbaycanın yaxın dostu idi. O deyirdi ki, bəzən Azərbaycanı onun ikinci vətəni adlandırırlar. Amma bununla razılaşmır. «Azərbaycan mənim ikinci vətənim yox, iki vətənimdən biridir. Mən Azərbaycanın hər uğuruna sevinirəm» – deyə İ.Doğramacı müsahibələrində vurğulayırdı. Onun Bakı ilə ilk tanışlığı 1968-ci ildə – SSRİ dövründə olmuşdu. Özünün dediyinə görə, həmin il Dünya Pediatriya Cəmiyyətinin sədri kimi Moskvada konfransda iştirak edib. Təşkilatçılar konfransın proqramına uyğun olaraq onu Leninqrada dəvət ediblər. O isə Bakıya getmək istədiyini söyləyib. Xahişi qəbul olunub və Bakıya səfər edə bilib. Özü sonrkı illərdə verdiyi müsahibələrdə bu hadisəni xüsusi ehtiramla xatırlayırdı. İ.Doğramacının ümummilli liderimiz Heydər Əliyevlə də yaxın dostluq münasibətləri var idi. O, ümummilli lideri türk dünyası üçün nadir şəxsiyyətlərdən hesab edirdi. «Heydər Əliyev kimi şəxsiyyətlər dünyaya çox nadir gəlir. Onun həyatına və fəaliyyətinə baxsaq, bunu görə bilərik. Bir azərbaycanlının, türkün sovetlər dövlətində bu qədər yüksək mövqeyə sahib olması, eyni zamanda, azərbaycanlılığını və türklüyünü heç zaman unutmaması məndə ona qarşı böyük rəğbət doğurmuşdu. Mən Heydər Əliyevi yaxından tanıdıqdan sonra ona heyran oldum və biz dost olduq» – deyə İ.Doğramacı sağlığında qeyd edirdi. O, Heydər Əliyevin türk dünyasına böyük sevgisinə də heyran qalmışdı. Dünya şöhrətli alim kitablarının birini də Azərbaycanın ümummilli liderinə həsr etmişdi. «Böyük dövlət adamı» adlandırılan kitabda Türkiyənin nüfuzlu şəxslərinin Heydər Əliyev haqqında fikirləri yer almışdı. Azərbaycanın ümummilli lideri də İ.Doğramacanı yüksək qiymətləndirirdi. İ.Doğramacının 80 illik yubileyi 1995-ci ildə Bakıda təntənəli şəkildə keçirilmişdi. Mərasimdə çıxış edən ümummilli lider qeyd etmişdi ki, İ.Doğramacı elmdə, mədəniyyətdə, səhiyyədə, ictimai və siyasi fəaliyyətində ən yüksək zirvələrə çatıb: «Bu, sizin şəxsi müvəffəqiyyətlərinizdir. Eyni zamanda, bunlar türk xalqı üçün, Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün böyük bir iftixar qaynağıdır. Sizin bu həyat yolunuzla, yaradıcılığınızla və nail olduğunuz bu böyük işlərlə biz də fəxr edirik. Fəxr edirik ki, belə bir böyük soydaşımız var. Fəxr edirik ki, belə bir insan Azərbaycana məxsusdur». Məhz Heydər Əliyevin təşəbbüsü ilə İ.Doğramacınf heykəl qoyulmuşdu. Heykəltəraş Ömər Eldarovun hazırladığı heykəl 2002-ci ildə Bilkənd Universitetində qoyulmuşdu. Mərasimdə Heydər Əliyev özü də iştirak etmşidi. Mərasimində çıxış edən Heydər Əliyev bildirmişdi ki, görkəmli alimi çox sevir: «İhsan Doğramacının çox böyük xüsusiyyətləri var. Məsələn, o, Azərbaycandakı danışıq ləhcələrinin hamısını bilir. Halbuki bizim adamların çoxu bunu bilmirlər. Hesab edirəm ki, İhsan Doğramacı türk dünyasının ən nadir şəxsiyyətlərindən biridir. Bu insanda bir çox keyfiyyətlər toplaşıb. O, adi insan deyil». Heydər Əliyev İ.Doğramacını həmin vaxt Azərbaycanın ən ali ordeni olan «İstiqlal» ordeni ilə təltif etmişdi. Bu siyasət ümummilli liderin davamçısı prezident İlham Əliyev tərəfindən də davam etdirildi. İ.Doğramacıya Azərbaycanın ən ali ordeni olan «Heydər Əliyev ordeni» təqdim olundu. Düzdür, İ.Doğramacı səhhətindəki problemlərlə əlaqədar ordenin təqdimetmə mərasimində iştirak edə bilmədi. Onu bu mərasimdə oğlu Əli Doğramacı təmsil etdi. Alimin oğlu mərasimdəki çıxışında qeyd etdi ki, İ.Doğramacı Azərbaycanda olmağı çox istəyib. Amma həkimlər onun təyyarəyə minməsinə icazə verməyiblər. İ.Doğramacının 90 illik yubileyi də Azərbaycanda təntənə ilə qeyd olundu. Həmin mərasimdəki çıxışında prezident İlham Əliyev qeyd etmişdi ki, İ.Doğramacıyla Heydər Əliyevin dostluğu indiki və gələcək nəsillər üçün gözəl bir örnəkdir. Bir sözlə, dünya böyük bir dühanı, Azərbayjan isə böyük dostunu itirdi. İ.Doğramacı haqqında bundan sonra hələ çox danışıqılacaq. Bir şey də dəqiq məlumdur ki, onun haqqında həmişə elm fədaisi, yaxşı təşkilatçı, vətənpərvər bir insan kimi bəhs ediləcək. Allah rəhmət eləsin!
İlham QULİYEV