|
Azadlıqdan sui-istifadə, daha doğrusu, onun anarxiya kimi başa düşülməsi hətta demokratiyanın beşiyi – Avropadan gəlmiş həmkarlarımızı heyrətləndirmişdi...
- Hansısa məmuru və ya tanınmış adamı çimərlikdə görsək, şəklini çəkib qəzetə verə bilərik?
- Mənbəni açıqlamayıb kiminsə sərvəti barədə, ya da rüşvət alması haqqında yaza bilərik? Bu sualları hardasa üç il əvvəl iştirak etdiyim beynəlxalq seminarda Azərbaycan jurnalistləri İrlandiyadan gəlmiş həmkarlarına ünvanlayırdılar.
Əhalisi Azərbaycandan iki dəfə az, qəzetlərinin tirajı isə milyonu keçən İrlandiyanın media təmsilçilərinin cavabı isə heç də sual verənlərin ürəyincə olmadı. Həmkarlarımız birinci situasiyada rəsmi icazə almaq, ikinci halda isə mütləq qarşı tərəfin mövqeyinin öyrənilməsinin zəruri olduğunu dedilər. Eşidəndə ki, bizim qəzetlərdə elə bunlarsız da ötüşürlər, təəccüblərini gizlədə bilmədilər. Azadlıqdan sui-istifadə, daha doğrusu, onun anarxiya kimi başa düşülməsi hətta demokratiyanın beşiyi – Avropadan gəlmiş həmkarlarımızı heyrətləndirmişdi. Ölkəmizdə elə son illərdə qəzetlərin məhkəmə dartışmalarının statistikasına nəzər salsaq görərik ki, əksər çəkişmələrin kökündə azadlıq anlayışının yanlış başa düşülməsi dayanır. Yəni mən istədiyimi yaza bilərəm, istədiyim insanın məişətinə, ailəsinə müdaxilə edə bilərəm, ağlıma gələn-gəlməyən bütün versiyaları KİV-də işıqlandıraram və kiminsə imicinin alt-üst olması, statusundan asılı olmadan kiminsə haqqında yanlış ictimai rəyin formalaşmasının məsuliyyəti isə artıq mənlik deyil. Etiraf edək ki, bu tendensiyaya demokratiya ixrac edən ölkələrin hansısa birində rast gəlmək qəti şəkildə mümkün deyil – çünki jurnalist məsuliyyəti və vətəndaş hüquqları qanunla tənzimlənir. Həm beynəlxalq hüququn, həm ölkələrin daxili hüquq sisteminin əsas prinsipi də fərdin doğuluşdan sahib olduğu haqları hər şeydən üstün tutmaq və qorumaqdır. İndi Azərbaycan bu yöndə addım atır - ötən il Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumda bu məsələ aydın şəkildə həllini tapdı. Həmin maddənin üçüncü hissəsinə edilən əlavəni bir daha xatırlatmaq gərəkdir: «Qanunla müəyyən edilən hallar istisna olunmaqla, heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz». Bunu müvafiq olaraq bir sıra qanunlara, o cümlədən «Kütləvi informasiya vasitələri haqqında» və «İnformasiya əldə etmək haqında» qanunlara Konstitusiyanın ruhundan irəli gələn əlavə və dəyişikliklər edilməlidir. Kimdəsə yenə də sual yarana bilər – burada məqsəd nədir? Məqsəd çox sadədir – dövlət hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququnu təmin edir. İndi polemika mövzusu daha çox bir istiqamətdə - bu dəyişikliklərin jurnalistlərin sərbəst fəaliyyətinə maneələr yaratmayacağı üzərində köklənib. Əslində, məhdudiyyətin çərçivəsinin qanunda dəqiq göstərilməsi süni olaraq azadlığa məhdudiyyət qoyulmasının qarşısını alacaq. Jurnalist kamerasını və ya diktofonunu işə salmazdan əvvəl məsuliyyətini anladıqca tək qanunlara deyil, elə müasir jurnalistikanın tələblərinə riayət etmək haqqında düşünəcək. Yalnız sensasiya dalınca qaçmaq tendensiyasına, «mötəbər mənbə»lərin diktəsi isə birtərəfli, yalnız «sifarişçi»nin maraqlarına xidmət edən materialların hazırlanmasına son qoyulacaq. Başqa sözlə desək, xalqın səs verib qəbul etdiyi Əsas Qanunun prinsiplərinə riayət olunması media işçisini məhkəmə çəkişmələrindən qoruyacaq, peşəkar jurnalistikanın təkmilləşməsinə stimul verməklə KİV-in daha çevik və dünya standartlarına cavab verən yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradacaq. İnsanın fərdi azadlıqları Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında birmənalı şəkildə öz əksini tapıb. Deməli, nəzərdə tutulan düzəlişlər həm jurnalistin, həm də adi vətəndaşın hüquqlarının qorunması üçün yerinə yetirilməsi vacib olan bir öhdəlikdir. Bu baxımdan əksər ekspertlərin rəyi yerinə düşür ki, bu əlavələr nəinki məlumat azadlığı ilə ziddiyyət təşkil edir, əskinə, bunu tamamlayır.
|