|
Xalq yazıçısı, baş nazirin müavini Elçinin «525-ci qəzet»in 18 fevral sayında dərc olunmuş «Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz» məqaləsi Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyinə həsr olunub və 75 il ərzində birliyin fəaliyyəti təhlil olunur. Ancaq nədənsə bəzi qəzetlər bu məqaləyə başqa rəng verərək məqaləni xalq yazıçıları Anarla, Elçinin davası kimi realizə etməyə çalışırlar. Ona görə də biz məqalədən bəzi sitatlar gətirməklə oxucularda yaranmış çaşqınlığı aradan götürmək istəyirik.
MƏQALƏNİN BİR YERİNDƏ ELÇİN DEYİR:
«Bu gün cəmiyyətdə hərdən belə fikirlə rastlaşırıq ki, yaradıcılıq ittifaqlarını və o cümlədən də ilk növbədə Yazıçılar İttifaqını Stalinin ideoloji siyasəti yaradıb, buna görə də həmin ittifaqlar (yenə də ilk növbədə Yazıçılar Birliyi) ləğv olunmalıdır. Bu tipli fikirləri mən məsələyə açıq-aşkar vüqar-sosioloji yanaşma tərzinin ifadəsi hesab etsəm də, onu eşitməmək, belə bir mövqeyi görməməzliyə vurmaq da düzgün deyil və cəmiyyətin bir qismində yaranmış bu qənaətə cavab vermək lazımdır». Bəli, Xalq yazıçısı bu formada öz mövqeyini ortaya qoyur və Yazıçılar Birliyinin gələcəyini parlaq görmək istəyi ilə öz vətəndaşlıq hisslərini biruzə vermək istəyir. Əgər Azərbaycanda həyatın hər hansı bir sahəsinə nəzər salsaq Elçin müəllimin dediyi kimi çox şeylər Stalin dövründə yaranıb və təşəkkül tapıb. Bunların hamısından imtina etmək elə Stalin dövründə yaşamış-yaratmış babalarımızdan imtina etmək demək olardı. Xalq yazıçısı Azərbaycan Yazıçılar Birliyinin ən çətin dövrlərdə doğma Azərbaycan dilinin, eləcə də babalarımızdan bizə miras qalmış adət-ənənələrimizin keşiyində durduqlarını dilə gətirərək deyir: «Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan xalqının iki yerə parçalanması Yazıçılar Birliyinin ədəbi orqanlarının mündəricatında daim yer tutub. Yalnız elə Təbriz haqqında yazılmış və bu ədəbi orqanlarda dərc edilmiş şeirləri bir yerə toplasaq, həmin çoxcildliyin aurası kifayətdir ki, Vətənin və xalqın bütövlüyü ilə bağlı arzu, istək, mənəvi vətəndaş ehtiyacı həmişə səninlə bir yerdə olsun və nəsildən-nəsilə adlasın. Bəli, Yazıçılar Birliyini Sovet sistemi yaradıb, ancaq bu birlik heç vaxt sistem üçün doğma olmayıb və sistemi daima səksəkədə saxlayıb. Yazıçılar Birliyində sistemin şəninə, Lenin və Stalin, Qızıl meydanın və Kreml ulduzunun, partiya biletinin və pioner qalstukunun şərəfinə diferambalar söylənib, ancaq əslində, mahiyyət etibarilə, bir küll halında Yazıçılar Birliyi yalnız Azərbaycanda yox, bütün sovet respublikalarında sistemə qarşı təhtəlşüur bir müxalifətdə olub və bu da təbiidir. Çünki söhbət ədəbiyyatdan gedir. Heç bir siyasi-inzibati qəlblərə sığmayan bu bəşəri mənəvi dəyərin təbiətini dəyişmək mümkün deyil».
ANARIN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRƏRƏK...
Biz onu da qeyd etmək istəyirik ki, təqribən iki ay öncə Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubiley mərasimi keçirildi. Üç gün davam edən yubileydə Xalq yazıçısı Elçinin geniş məruzəsi dinlənildi. Adıçəkilən məqalədə həmin məruzədən bəzi məqamlar da öz əksini tapıb. Yazıçılar Birliyinin fəaliyyətini geniş mənada təhlil edən Elçin müəllim müxtəlif vaxtlarda Yazıçılar Birliyinə rəhbərlik etmiş Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mehdi Hüseyn, İmran Qasımov, Mirzə İbrahimov kimi böyük yazıçılarımızı hörmətlə xatırlayaraq onların dövründə Yazıçılar Birliyinin Azərbaycan xalqına və Azərbaycan ədəbiyyatına xidmətlərindən söhbət açdı. Eyni zamanda, birliyin bugünkü rəhbəri, Xalq yazıçısı Anarın fəaliyyətini yüksək qiymətləndirərək Yazıçılar Birliyinin Azərbaycan dövlətinin büdcəsindən maliyyələşməsində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və onun timsalında Xalq yazıçısı Anara olan rəğbətini vurğuladı. Nədənsə bəzi qəzetlərdə Elçinin məqaləsi başqa yöndə təqdim olunur. Gəlin başlıqlara fikir verək. Belə adamların diqqətinə onu çatdırmaq istəyirik ki, Anarla Elçin Azərbaycan ədəbiyyatına eyni vaxtda gələn, 1960-cı illərin ən istedadlı yazıçılarıdır. 60-cı illərdə məhz bu iki yazıçı Azərbaycan ədəbiyyatının axarını dəyişə bildilər. Birdən-birə kolxoz, sovxoz, zavod, fabrik və s. mövzulardan imtina edərək cəmiyyəti içəridən yeyən ən kiçik problemləri görüntüyə gətirməyi bacardılar və Azərbaycan ədəbiyyatında yeni bir yolu açmağa nail oldular. Onları təkcə yaradıcılıq deyil, həm də yaxın dostluqları bir-birinə bağlayır. Bu cür yazılar yazan əndrəbadi jurnalistlərə onu demək istəyirəm ki, əgər Elçinlə Anarın yaxınlığını dərk etmək istəyirlərsə Anarın «Sizsiz» romanını oxusunlar, onun çətin anında Elçin müəllimin necə ona dayaq olmasının şahidi olsunlar. Biz bu yazını dərc etməklə heç də ona çalışmamışıq ki, iki böyük yazıçının dostluğunu təsdiq edək. Sadəcə, Xalq yazıçısı Elçinin məqaləsində Azərbaycan ədəbiyyatının vətəndaş təəssübkeşliyini gördük və onun ədəbiyyatımızın gələcəyi haqqında verdiyi tezisləri düzgün qavranılmasını istədik.
YAZIÇILAR BİRLİYİ ÜZVLƏRİNİN SAYININ 1500-DƏN 300-Ə ENDİRLİMƏSİ
Bəzi qəzetlər isə xeyirxahlıqla yazılmış yazıdan bomba düzəltmək fikrinə düşüblər. Belələrinə demək istəyirik ki, sizin saxta bombaların partlaması ehtimalı sıfıra bərabərdir. Məqalənin sonunda Elçin müəllim Yazıçılar Birliyinin üzvlərinin sayının 1500-dən 300-ə enməsini və birliyin bazar iqtisadiyyatına uyğun qurulmasının istəyində olduğunu qeyd edir. Birliyin üzvü kimi qeyd etmək istəyirəm ki, üzvlərimizin sayı neçə olursa-olsun bu qurumun çətin və xoş günlərində gözə görünən 50-60 yazıçı və şair var. Qalanları Yazıçılar Birliyinin vəsiqəsini ciblərində gəzdirməkdən başqa heç nə ummurlar. Yazıçılar Birliyinin hər bir üzvü illik 10 manat üzvlük haqqı verirlər ki, heç də kiçik olmayan bu vəsaitlə imkansız yazıçılara yardım göstərilir. İkinci məsələyə qaldıqda isə hamımız bilirik ki, yazıçılar qəlbi təmiz insanlardır. Onlar biznesdə uğur qazana bilməzlər. Deməli, Yazıçılar Birliyinin biznesini kimsə qurmalıdır, yazıçılar isə onun əlinə baxmalıdırlar. Onda yazıçıların üzərinə qoyulacaq öhdəlik yəqin ki, bəri başdan məlumdur. Keçmişdə sovet dövlətini tərənnüm edən yazıçılar bu gün də hansısa bir biznesmeni tərənnüm etməli olacaqlar. Deməli, yenə böyük ədəbiyyatın yaranması sual altında qalacaq. Yazıçının gözü öz əlində olmalıdır. Yazıçı əsər yazırsa, onun beynində yazdığı əsərdən başqa heç nə olmamalıdır. Yəni yazıçı azad olmalıdır, bu azadlığı isə yalnız dövlət verə bilər və Azərbaycan yazıçıları bütün zamanlarda müstəqil dövlətinə və prezidentinə güvənir.
Dayandur Sevgin
|