|
Bir nəfər dünyasını dəyişib
Binəqədi rayonu ərazisində qaz sızmasından baş verən partlayış ölümlə nəticələnib. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, səhər saat 05:39-da "112 zəng mərkəzi"nə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadratmetr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək, aidiyyati qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, partlayış nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3 kvadratmetr sahədə yanıb. Yanğın saat 06:00-da söndürülüb.
Bir nəfər dağıntılar altında qalıb. Cəsəd xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Dünyasını dəyişən 1959-cu il təvəllüdlü Xoşbəxt Babayev olub. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, X.Babayev Binəqədi Yol Tikinti İdarəsinə məxsus inzibati binada təmir işləri aparırmış. Həmin ünvanda işlərini bitirmək üçün həmin gün evdən bir qədər tez çıxıb. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və araşdırmalar aparılır.
|