|
Zərif cinsin nümayəndələrinə məhkəməyə çıxmaq hüququ veriləcək
Səudiyyə Ərəbistanı qadın hüquqşünaslara ilk dəfə məhkəməyə cıxmaq haqqı verən yeni qanunun qəbul edilməsini planlaşdırır. Hal-hazırda qadın hüquqşünaslar yalnız hökümət idarələri və məhkəmə zallarının arxa fonunda işləyə bilərlər. Səudiyyə Ərəbistanında qadınların rolu yavaş-yavaş dəyişməkdədir. Belə ki, ictimai həyatda qadınlar və kişilər arasındakı ciddi ayrı-seçkilik indi bir qədər yumşalmaqdadır. Hətta bədnam nüfuzuna görə tanınmış dini polisin üzvləri belə İslam qanunlarının, onların bir çox illər ərzində tətbiq etdiyi kimi, cəmiyyətin cinsiyyətə görə bölünməsini tələb etmədiyni deyirlər. Onların təklif etdiyi yeni qanun indi bu prosesin bir hissəsidir.
Səudiyyə Ərəbistanının ədliyyə naziri deyib ki, bu qanun qadınlara məhkəmə qarşısına çıxmaq və proseslərdə iştirak etmək hüququ verəcək. Bu isə bir neçə il bundan əvvəl ağlagəlməz bir şey idi. Nazir deyir ki, qadınların iştirak edə biləcəyi məhkəmə işləri boşanma və uşağın himayəyə götürülməsi də daxil olmaqla, ailə hüququ ilə bağlı olan proseslər olacaq. Bu qanun Səudiyyənin qanunvericilik sistemini yaxşılaşdırmaq cəhdlərinin bir hissəsi olmaqla yanaşı, qadınlara onların iş yerlərində daha çox məsuliyyət verilməsi məqsədi daşıyır. Kral Abdulla əhalinin işə daha peşəkar yanaşmasına çalışır. O, həmçinin tərəqqiyə mane olan ənənəvi maneələri aradan qalıdrmağa səy göstərir. Ötən il kişi və qadın tələbələrin birgə təhsil ala biləcəkləri milyonlarla dollarlıq yeni universitetin açılışında kral aydın şəkildə bildirib ki, Səudiyyə Ərəbistanının tam potensialını ortaya qoymaq üçün belə yeniliklər zəruridir.
|